Nağıl-noğul şirəli, dastan-qəzəl ləzzətli, kinofilmlər kimi canlı qələm sahibi

Hər olayın üstündən vaxt yelləri ötüncə, xatirəyə çevrilər. O xatirələr üzərindən zaman felləri keçdikcə isə saf-çürük edilər. Onların içərisində ev içində qalanı, el içindən oba-oba yayılıb küll-xalq yaddaşına yazılanı, dəftər-kitab bağlananı olar. Və xoş o xatirənin halına ki, qulaqlara dadlı dillə çatdırıla, kitablara istedadlı qələm ilə yazıla...

Neçə-neçə gözəl ədəbi-bədii əsərlər müəllifi Manaf Süleymanovun özü də, “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı ilə, daha çox, bu ümummilli olay-xatirələrin gözəl təqdimatçısı kimi yaşamaqda...
Bu ədibin danışığı da, yazıları da, bütün həyat tərzi də başdan-başa -

Kolorit...

Manaf Fərəc oğlu Süleymanov 1912-ci il martın 3-də Lahıcda doğulub. Onun mütaliə, görüb-götürmə, əl tutub üz güldürmə, müdam xeyirxahlıqlara yürümə aləmindən danışmağa qalsa, iş çox uzanar, - deyə, məşhurlaşma bəxti az gətirmiş bu gözəl Azərbaycan ədibinin həyat və ədəbi tərcümeyi-halına qısaca diqqət yetirək.
Pedaqoji təmayüllü Bakı şəhər məktəbini müvəffəq qiymətlərlə başa vurub, Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsini birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi, dosent, Əməkdar mədəniyyət işçisi olub.
Əmək fəaliyyətinə Qaradağ neft-qaz mədənində mühəndislikdən başlayıb, neft-qaz geologiyası kafedrasının dosenti olmuş bu alim ədəbiyyatımıza “Yerin sirri” adlı romanla gəlib. İngilis dilindən bədii tərcümələr edib, dövri mətbuatda gözəl publisistik-problematik məqalələr çap etdirib. Oxucular onun tərcüməsində C.London, C.Steynbek, O’Henri, P.Abrahams, S.Moem kimi görkəmli yazıçıların əsərlərilə tanış olublar. Biz Bakının “sovet diqqəti”ndən kənar tarixi, xüsusən, Bakı milyonçuları, qoçuları, kefqom və binəsibləri, habelə ilk Cümhuriyyətimizin böyük isimləri haqda da ilk olaraq onun elmi-publisistik yazılarından, kitablarından tanış olmuşuq. Bu kitabların ara-ərsəyə gəlməsi üçün o, keçmiş SSRİ-nin və Azərbaycanın dövlət arxivlərində 30 ilə yaxın çalışmışdır. “Fırtına”, “Zirvələrdə”, “Dalğalar qoynunda”, “Şagirdlik illərim” və s. kimi bir çox ədəbi-publisistik və sənədli əsərlər müəllifi olan bu yorulmaz ədib-vətəndaşın zəngin irsi arasında “xatirə” yönümlüləri isə xüsusi yer tutur.

“Eşitdiklərim...”

Neçə illərdir ki, çoxları bu ifadəni eşitcək, təhtəl-şüuri olaraq, “...oxuduqlarım, gördüklərim” - deyə, Manaf Süleymanovu da xatırlayırlar...
Ədəbiyyatşünaslar bu əsəri tarixi oçerk, publisistik esse və nəhayət, müəllifinin “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” başlığıyla yönlədiyi “xatirə” yox, mükəmməl bir həyat həqiqəti kimi qiymətləndirirlər. Onların fikrincə, bu kitab Bakının müəyyən texnologiyaya əsaslanan neft başlanğıcı və neft bumundan başlamış sovetlərin Azərbaycanda oturuşuna qədərki dövr haqqında təkrarsız bir bədii-sənədli salnamə, dövrün möhtəşəm imarətlərini, bazar, karvansara, yanğın, tətil, nümayiş, qanlı toqquşma və sair neqativ-pozitiv büsatlarının ən vaciblərini göstərən güzgüdür. Həmin rəylər içərisində belə bir fikir də var ki; “Bakı haqqında hələ də belə səmimi, ürəkdən yazılan bir kitab yoxdur”. Sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunan bu əsərə maraq şkalasına gəlincə, tək elə bunu demək kifayətdir ki, o çağlar təkrar-təkrar və böyük tirajlarla nəşr olunan bu kitabın satışı beş yüz min nüsxəni keçmişdi...
Manaf Süleymanov qoca yaşlarında - müstəqillik dövrümüzdə də qələmdən ayrılmamış, dəyərli əsərləri, publisistik yazıları ilə ictimai-siyasi reallıqları əks etdirməyə çalışmışdır. Bunlardan “Son bahara çatdıq”, “Neft milyonçusu”, “Şərqdə ilk demokratik Cumhüriyyət” kimi bədii və elmi-publisistik kitablarını xüsusilə qeyd etmək gərəkdir. Bu görkəmli yazıçı, tərcüməçi və (belə demək mümkünsə) mükəmməl “xatirəçi” 2001-ci ilin 12 sentyabrında - 90 yaşının tamamına ildən də az qalmış - Bakıda vəfat etdi...
...Nədənsə, mən bu olayı “o dünyaya köçdü” kimi də ifadə etmək istədim. Dedim, qoy bu ifadənin işlədimi onun o dövr oxucularının qəlblərinə köçümü kimi də ehtiva olunsun. Axı o, öz “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” əsərilə bizim qəlblərimizə çox xatirələr səpib...
İndi o xatirələrdən birər-birər, daha doğrusu, biraz-biraz -

Fraqmentlər...

Qəzetimizin həcm və yön amillərilə bağlı olaraq, hardan, nədən başlamaq haqda çox istixarə etdim və başqa yol tapmayıb, elə başlıqdan başlamaq qərarına gəldim:
“Bakının köhnə məhəllələri və ticarət mərkəzləri.
Bakı şəhərinin tarixi çox qədimdir, onun adına hələ miladdan qabaq yazılmış əsərlərdə rast gəlinir. Burda əl quyuları vasitəsilə neft çıxarmaq, şoranlıqlardan duz istehsal etmək, zəfəran becərmək barədə qədim sənədlərdə də qeydlər var.
Bakının gah bir-birindən aralı üç, gah iki, ən axırda XIV əsrdən indiyə qalan hissəsini hasara alıblar. Bəzən qalanın iç tərəfində enli, dərin xəndəklər qazılar və dənizlə birləşdirilər, gündüzlər gediş-gəliş asma körpülərlə olardı. Axşam qaranlıq düşəndə körpünü qaldırardılar.
Bakı əsrlər boyu şərq, cənub və şimal qonşuları ilə həm karvan yolları, həm də dəniz vasitəsilə ticarət etmişdir.
Bakı quberniya mərkəzinə (1859) çevriləndə əhalisi təxminən yeddi minə yaxın olub. Qala divarları içərisində olan bu şəhərdə diqqəti cəlb edəcək üç böyük bina vardı: “Şirvanşahlar sarayı, “Qoşa qala qapısı” yanında Bakı xanlığının sarayı və bir də, rəvayətlərə görə, ilk adları “Gözətşi qülləsi” və “Göz qüllə” olmuş əfsanəvi Qız qalası.
Bakı öz odu, alovu ilə atəşpərəstlərin ən müqəddəs ziyarətgahına çevrilir və dünyanın hər yerindən bu “öz-özünə alışan, yanan ocağa” ziyarətə gəlməyə başlayırlar... “
Bu məqamda “xatirələr içərisində xatirə”yə keçək. Yəni, müəllifin xeyli əhatəli şəkildə bəhs etdiyi “Bakıdakı üç atəşgahdan birinin - atəşpərəstlərin ən böyük və ən müqəddəs ziyarətgahı hesab edilən Şubanı dağındakının” 19-cu əsrin ortalarında Bakıya səyahətə gələn məşhur fransız yazıçısı A.Düma tərəfindən (“Qafqaz səfəri” əsərində) təsvirinə:
“...Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedən yolun yarıdan çoxu dəniz qırağı ilə uzanır. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda təsəvvürəgəlməz bir mənzərə açıldı; Atəşgah dövrəsindəki binalar, tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ocaqlar ovuc içi kimi görünürdü. Külək əsdikcə alov dilləri sanki qəribə rəqslər edirdi. Külək alovla oynayır, bir-birinə sarılır, “əlbəyaxa” olurlar.
O ocaqların hər birinin yan tərəfində dördkünc günbəz var, hər küncdə isə alov püskürür. Atəşgaha günbatan tərəfdən yaxınlaşdıq. Birdən gözlərimiz qarşısında qeyri-adi, olduqca gözəl bir mənzərə canlandı - ətraf çıraqban oldu. Dedilər ki, bu aralar yalnız bayram günlərində, bir də müqəddəs ayinlər vaxtı belə çıraqban olur.
Atəşpərəstlər iki min ildən çoxdur ki, təqib edilirlər. Onların bu axırıncı yazıq, müti nümayəndələri bu mərasimi bizə göstərmək üçün əllərindən gələni əsirgəmirdilər...
Bu mənzərəni görmək istəyən həmvətənlərim tələsməlidirlər. Çünki atəşpərəstlərin ibadətgahında, vur-tut, üç nəfər adam qalmışdır ki, onların da biri qoca, ikisi isə otuz-otuz beş yaşındadır...”
Əcnəbi Aleksandr Dümadan nümunə gətirdiyim bu sözlər fransızları Bakıya dəvət edirdi. Manaf Süleymanovun sözügedən kitabında azərbaycanlıları yaxın və çox maraqlı Bakı tarixinə dəvətləri isə daha çox və daha maraqlıdır...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar