Azərbaycan

2 mart 1828 - Tarixçi, şair Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşir (1828 - 9.1.1903) anadan olub. Qarabağ xanlığının tarixinə dair kitabın müəllifidir. Pənahəli xanın nəslindəndir, Həmidə xanım Cavanşir-Məmmədquluzadənin atasıdır.
2 mart 1945 - Tərcüməçi, nasir, filologiya elmləri doktoru, professor Zeydulla Abdulla oğlu Ağayev (1945 - 17.2.2014) Masallı rayonunda anadan olub. İngilis dilindən ədəbi tərcümələr edib, Azərbaycan yazıçılarının əsərlərini ingiliscəyə çevirib.
2 mart 1992 - Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında təşkilata üzv qəbul olunub.

3 mart 1926 - Şairə, ədəbiyyatşünas Hökumə İbrahim qızı Billuri (1926 - 22.11.2000) Cənubi Azərbaycanın Zəncan şəhərində doğulub. M.Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə çevirib. S.Vurğun, C.Cabbarlı, M.Dilbazi, N.Xəzri və başqa ədiblərin əsərlərini fars dilinə tərcümə edib.
3 mart 1912 - Yazıçı Manaf Süleymanov (1912-2002) anadan olub. Köhnə Bakı haqqında "Eşitdiklərim, oxuduqlarım və gördüklərim" adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.
3 mart 1937 - Yazıçı Fərman Kərimzadə (1937-1989) Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. “Çaldıran döyüşü”, "Xudafərin körpüsü”, “Qarlı aşırım”, “Təbriz namusu” və s. əsərlərin müəllifidir. "Qarlı aşırım" romanı əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib.

4 mart 1919 - Bakı milyonçusu, mesenat Ağamusa Nağıyev (1849-1919) vəfat edib. Bakıda gözəl memarlıq nümunələri olan bir çox binalar inşa etdirib. Bu gün həmin binalarda müxtəlif təşkilat və müəssisələr (AMEA-nın Rəyasət Heyəti, Dövlət Neft Şirkəti, ÜNS teatrı və s.) fəaliyyət göstərir.

Dünya

2 mart 1824 - Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı, pianoçu və dirijor Bedrix Smetana (Bedrich Smetana, 1824-1884) anadan olub.
2 mart 1859 - Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç; 1859-1916) anadan olub.

3 mart 1919 - Cənubi Afrika yazıçısı Peter Abrahams anadan olub. Bəstəkar Qara Qarayev 1958-ci ildə yazıçının “İldırımlı yollarla” romanının motivləri əsasında eyniadlı balet (librettonun müəllifi Y.Slonimski) yazıb.
3 mart 1879 - Litva lirik nəsrinin banisi, şair, publisist Yonas Bilyunas (1879-1907) anadan olub.

4 mart 1678 - Məşhur italyan bəstəkarı, skripkaçı, dirijor Antonio Vivaldi (Antonio Lucio Vivaldi, 1678-1741) Venesiyada doğulub. “İlin fəsilləri” (skripka üçün 4 konsert) adlı əsəri ilə şöhrət qazanıb.
4 mart 1925 - Fransız bəstəkarı, aranjimançı, dirijor Pol Moria (Paul Mauriat, 1925-2006) anadan olub. Lirik kompozisiyaları ilə dünya şöhrəti qazanıb.

Hazırladı: Vüqar Orxan