Azərbaycan

5 mart 1925 - Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.
5 mart 1936 - Ədəbiyyatşünas alim, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizmin təsnifi və tipologiyası, orta əsrlər və XX əsr romantizminin poetikasına dair tədqiqatların müəllifidir.
5 mart 1947 - Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı (1947 - 9.7.2014) Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.
5 mart 1957 - Xalq artisti Səidə Əbülfəz qızı Quliyeva Bakıda anadan olub. Teatrda, televiziya tamaşalarında (“Atayevlər ailəsində”, “Bala - başa bəla”), filmlərdə (“Yaramaz”) maraqlı rollar oynayıb, bir çox filmlərin dublyajında iştirak edib.

6 mart 1920 - Filologiya elmləri doktoru Yəhya Qasım oğlu Seyidov (1920 - 4.12.1980) Ordubadda anadan olub.
6 mart 1931 - Ədəbiyyatşünas, yazıçı, Əməkdar incəsənət xadimi Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) anadan olub.
6 mart 1955 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884 - 1955) Ankarada vəfat edib. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. Dövrün mətbu orqanlarında yazılarla çıxış edib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı" və s. əsərlərin müəllifidir.

7 mart 1908 - Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.
7 mart 1926 - Azərbaycan xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. Həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar ömrünün sonuna yaxın doğulduğu kəndə qayıdıb və orada dünyasını dəyişib.
7 mart 1945 - Xalq artisti Xuraman Hacıyeva (1945 - 15.2.2005) anadan olub. "Arşın mal alan" (1965, Asya), “Lətifə” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.

8 mart 1911 - Xalq artisti Ağadadaş Qurbanov (1911 - 25.6.1965) anadan olub. Gənc Tamaşaçılar Teatrında, Milli Dram Teatrında çıxış edib. “Koroğlu" (Həsən xan), "Bir qalanın sirri" (Usta), "Bizim küçə" (Bəhram), “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.
8 mart 1923 - Ədəbiyyatşünas, teatrşünas Ədilə Əlihüseyn qızı Əliyeva (1923-1984) anadan olub.
8 mart 1934 - Xalq artisti, tar ifaçısı Ceyran Haşımova anadan olub. “Lalə” qızlar ansamblının yaradıcısıdır.
8 mart 1940 - Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940 - 11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub. “Şərikli çörək”, “Qanlı zəmi” və s. filmlərdə quraşdırılmış səhnələrin operatorudur.
8 mart 1947 - Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947 - 24.12.1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub. Kitabları: “Əyil səndən keçim, dünya”, “Vətən üçün yaşanmış əfəndi ömrü” və s.

Dünya

5 mart 1922 - İtalyan rejissoru, yazıçı, şair Pyer Paolo Pazoloni (Pier Paolo Pasolini, 1922-1975) anadan olub. “Dekameron”, “Medeya”, “Çar Edip” və s. filmləri ilə məşhurdur.
5 mart 1934 - Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. Filmləri: “Qürbət quşları”, “Hərəmdə dörd qadın”, “Aşk-ı Memnu" (1975) və s.

6 mart 1475 - Böyük italyan rəssamı, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Francesci di Neri di Miniato del Sera i Lodovico di Leonardo di Buonarroti Simoni; 1475-18.2.1564) anadan olub. Rəssamlıqla yanaşı, heykəltəraş, memar, şair kimi də tanınıb.
6 mart 1909 - Polyak satirik yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec, 1909-1966) anadan olub.
6 mart 1928 - Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez; 1928 - 17.4.2014) anadan olub. Əsərləri: “Polkovnikə heç kim yazmır”, “Arzuolunmaz saat”, “Yüz il tənhalıqda”, “Patriarxın payızı” və s.

7 mart 1875 - Fransız impressionist rəssamı, dirijor, XX əsr musiqisinin islahatçılarından biri Moris Ravel (Joseph Maurice Ravel, 1875-1937) anadan olub.
7 mart 1908 - İtalyan aktrisası, “Oskar” laureatı (1955) Anna Manyani (Anna Magnani 1908-1973) anadan olub.
7 mart 1924 - Yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub. “Qumsallıqda qadın”, “Özgə sifət” və s. romanların müəllifidir.
7 mart 1941 - Rusiyanın Xalq artisti Andrey Mironov (Menaker; 1941 - 16.8.1987) anadan olub. Filmləri: “Brilyant əl”, “12 stul”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” və s.

8 mart Beynəlxalq Qadınlar Günüdür. Tarixi 1857-ci il martın 8-də Nyu-York toxucularının sosial tələblərlə keçirdikləri yürüşlə bağlıdır. 1910-cu ildə Kopenhagendə qadınların beynəlxalq konfransında yəhudi əsilli alman sosialisti Klara Setkinin təşəbbüsü ilə 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi qərara alınıb. Dünyanın bir çox ölkələrində qeyd olunur.
8 mart 1575 - Alman filosofu Yakob Böme (Jakob Böhme, 1575-1624) anadan olub.
8 mart 1851 - Görkəmli maarifçi, mütəfəkkir, ictimai xadim İsmayıl Qaspralı (Qasprinski; 1851 - 24.9.1914) Krımın Qaspra şəhərində doğulub. Türk xalqlarının maarifçilik tarixində böyük xidmətlər göstərib. "Tərcüman” qəzetinin naşiri olub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar