“Axırıncı dayanacaq”dan sonra bitən həyat yolu

Azərbaycan kinosu daha bir sənətkarını itirdi. Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Fikrət Əliyev martın 8-də dünyasını dəyişdi.

“Mən filmi hisslərimi, duyğularımı nəzərə alıb çəkirəm, elə buna görə də ürəyimdə çəkmək istədiyim, amma çəkə bilmədiyim filmlərin sayı qat-qat çoxdur” deyən rejissorun uğuru “Baladadaşın ilk məhəbbəti” ilə başlamışdı. Buna qədər isə...
Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakıda anadan olub. 1966-cı ildə zərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ikiillik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.
1974-cü ildə ekranlara çıxan “Baladadaşın ill məhəbbəti” qısametrajlı filmi (“Ömrün səhifələri” kinoalmanaxı) Fikrət Əliyevi rejissor kimi tamaşaçıya sevdirdi. 1980-ci ildə “Qızıl uçurum”, 1984-cü ildə “Qoca palıdın nağılı”, 1994-də “Yuxu,” 2009-da “Ölüm növbəsi”, 2014-cü ildə "Axırıncı dayanacaq” bədii filmlərinə quruluş verən Fikrət Əliyev bir sıra sənədli filmlərin və “Mozalan” satirik kinojurnalında 20-dək süjetin də rejissoru idi.
“Torpaq, Dəniz, Od, Səma” filmində oynadığı Murad , “Dəli Kür” filmində yaratdığı Şamxal obrazları ilə aktyor kimi də tamaşaçı qəlbində özünə yer tapmışdı.
Fikrət müəllim bəzən sərt xarakterli rejissor kimi tanınsa da, əslində qəlbən çox kövrək, təvazökar insan idi. Bütün yaradıcılığı boyu ilk və son böyük müsahibəsini “Mədəniyyət” qəzetinə vermişdi. Həmkarım Təranə Vahid rejissordan müsahibə istəyənə, “Axı məndən nə yazacaqsınız ki, kinodur, özüməm bir də sevdiyim kitablarım” demişdi. “Axırıncı dayanacaq” filminə hazırlıq prosesində kinostudiyaya gedib “Sadəcə hal-əhval tutmağa gəlmişik” dedik, sonra isə söhbətimizdən Təranə yaxşı bir yazı hazırladı. Müsahibə dərc olunandan sonra hər dəfə görüşəndə, hal-əhval tutanda deyirdi ki, həmin gün siz məni yaman aldatdınız.
Həmin yazıda da qeyd olunduğu kimi, Fikrət müəllimin xoşbəxtliyi onda idi ki, o əlçatmaz arzuların dalınca qaçmadı, olanları olduğu kimi, duyduğu kimi, hiss etdiyi kimi çəkib tamaşaçıya təqdim etdi... Deyirdi ki, hər şey yoldan başlayır, gedirsən, ancaq qarşıda səni nə gözləyəcəyini bilmirsən. Ya gedib uğur qazanırsan, ya da...
Getdiyi yol ona uğur qazandırdı. İlk dəfə Arif Babayevin “İnsan məskən salır” filmində assistent kimi işlədi. Arif Babayevin “Uşaqlığın son gecəsi” və “Gün keçdi” filmlərində isə rejissor kimi özünü sınadı. Amma nə əfsus ki, qarşısında yeni bir dünya açan yolun sonu heç də uğurla bitmədi. Tale ömrünün son günlərində ona övlad itkisini də yaşatdı. Rejissor kimi yolunu davam etdirən oğlu 2016-cı ilin yanvarında faciəli şəkildə dünyadan getdi...
Fikrət Əliyev Azərbaycan kinosunda Abşeron mənzərəsinin rəssamı idi. O, bu mühitin istər fəlsəfəsi, istər reallığı, istərsə də ironiyasını elə ustalıqla çatdıra bilirdi ki. Məncə, Azərbaycan kinosu Fikrət Əliyevlə həm də milli kinematoqrafın keçmişi ilə bu günü arasında olan körpülərdən birini də itirdi. Fikrət Əliyev Adil İsgəndərov məktəbinin yetirməsi və davamçısı idi. “Qızıl uçurum”dan üzüağ keçib, “Yuxu”nu gerçəkləşdirən, “Ölüm növbəsi”ni adlayan rejissor “Axırıncı dayanacaq”dan sonra ömür yolunu başa vurdu. Ruhu şad olsun.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar