Ötən yüzilliyin əvvəllərində Sabir ədəbi məktəbinin davamçılarından biri də jurnalist, tərcüməçi Əliabbas Münzib olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından ruhlanaraq mətbuatda dövlətçilik ideyalarını fərəhlə təbliğ edib. Sovetlər qurulandan sonra şair dəfələrlə təqib olunub, illərlə sürgün həyatı yaşayıb.

Əliabbas Mütəllib oğlu Əhmədov (Müznib) 1883-cü ildə Bakıda dünyaya göz açıb. İlk təhsilini evdə anası Reyhan xanımdan alıb. Sonra təhsilini mədrəsədə davam etdirir. Maddi çətinlik üzündən mədrəsədən ayrılır, atasının yanında daş yonur, xarratlıq edir. Bütün bunlara baxmayaraq, o, ali təhsil almaq arzusu ilə yaşayır, mütaliəsini artırır. İti hafizəsi hesabına fars və ərəb dillərini öyrənir. Ədəbi yaradıcılığa başlayır və 1907-ci ildə ilk məqaləsi “Şərqi-Rus” qəzetində, ilk şeiri isə “Təzə həyat” qəzetində dərc olunur. Beləliklə, onun Mirzə Ələkbər Sabir, Seyid Hüseyn, Abbasqulu Kazımzadə, Məmmədəli Rəsulzadə və Kərbəlayı Vəli Mikayılov kimi milli düşüncəli ziyalılarla dostluq əlaqələri yaranır.
“Molla Nəsrəddin” jurnalı ilə də əməkdaşlığa başlayan Ə.Müznib burada “Mürtəd” və “Bambılı” imzaları ilə kiçik məqalələrlə çıxış edir. Jurnalın redaksiyasında M.Ə.Sabirlə tanış olur. Bu tanışlıq və dostluq onun yaradıcılığına ciddi təsir göstərir. Şeir dili mürəkkəb ərəb-fars tərkiblərindən təmizlənir və üslubunda publisist ahəng güclənir. İlk satirik yazısı 1909-cu ildə “Zənbur” jurnalında işıq üzü görür. Maraqlı ədəbi yaradıcılığı ilə diqqətləri özünə cəlb edir və 1910-cu ildə “Zənbur”un baş redaktoru təyin olunur. O, daha sonra “Hilal” qəzetinin və “Şihabi-saqib” jurnalının nəşrinə nail olur. Lakin hər iki mətbu orqan qısa müddətdə fəaliyyətini dayandırır. 1910-cu ildə “Hilal”ın həddindən artıq tənqidçi ruhu və ifşaçılığı ilə diqqəti çəkən ilk sayı hələ mətbəədə ikən müsadirə olunur.
Tiflis məhkəməsinin qərarı ilə həbs edilən naşir xalqı dövlətə qarşı üsyana çağırdığına görə Sibirə sürgünə göndərilir. 1913-cü ilin əvvəllərinə kimi sürgün həyatı yaşasa da, amalından dönmür.
Filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızı araşdırmasında qeyd edir ki, Ə.Müznibin sürgündən həyat yoldaşı Səriyyə xanıma yazdığı məktubda belə bir cümlə var: “Vətən övladıyam, zülm-zillət istirahətdir mənə”. Xoşbəxtlikdən tale onun üzünə gülür. Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar çar II Nikolay əfv fərmanı imzalayır. Ə.Müznib 1913-cü ilin iyulunda vətənə qayıdır.
Ə.Müznibin vətənə gəlişi bəzi “soydaş”larının da ürəyincə olmur. O, guya məqalələrində dini tənqid edir və ruhaniləri ələ salır. Şeyx Molla Qəni tərəfindən Ə.Müznibin ölümünə fətva verilir. Dövrün vətənpərvər ziyalılarının köməkliyi ilə o bu bəladan da qurtulur.
Şair-publisist 1914-cü ildə Azərbaycan ictimai-siyasi həyatında maraqla izlənən “Dirilik” jurnalının nəşrinə icazə alır. Sonra qələmdaşları ilə birlikdə “Açıq söz” qəzetini nəşr etdirirlər. O, həmçinin “Molla Nəsrəddin” jurnalının təsiri ilə nəşr olunan “Babayi-Əmir” (1914-1916) və “Şeypur” (1918-1919) satirik jurnallarının da redaktoru və naşiri olur.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətin qurulmasından ruhlanan Ə.Müznib “Azərbaycan”, “İstiqlal” və “Bəsirət” qəzetlərində dövlətçilik ideyalarını fərəhlə təbliğ edir. “Azərbaycan” qəzetində bir-birinin ardınca “Azərbaycan istiqlalı”, “Azərbaycan təfriqəsi”, “Türk birlik ilə yaşamış və böylə də yaşayacaqdır” və başqa milli ruh aşılayan məqalələri dərc olunur. “Yaşıl qələm” ədəbi birliyinin fəaliyyətində yaxından iştirak edir, ədəbi müzakirələrin fəal iştirakçısına çevrilir. Bu illərdə o, “Şeypur” dərgisi ilə yanaşı, “Övraqi-nəfisə” jurnalına da redaktorluq edir.
Xalq Cümhuriyyətinin süqutundan sonra bir çox vətənpərvər ziyalılarımız kimi, Ə.Müznibin də, sözün əsl mənasında, qara günləri başlayır. O, 1926-cı ildə təqaüdə çıxır və heç yerdə ona iş verilmir. Beş övladı, qoca ata-anası ilə çətin şəraitdə yaşamağa məcbur olur.
Mətbuatla nəfəs alan naşir birdən-birə sevdiyi sahədən ayrılmaq qərarına gəlir və ədəbi araşdırmalara başlayır. 1927-1937-ci illər arasında, o, XIX-XX əsr Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən ibarət on kitab nəşr etdirir. Onun əsərləri arasında “Türk tarixi”, “Müxtəsər ənbiya və İslam tarixi”, “Yusif və Züleyxa”, “Tiran rolu”, “Nəsrəddin məzhəkələri”, “Aşıq Pəri və müasirləri” və s. kitablarını xüsusi qeyd etmək olar. Müəllifi bu əsərlərə geniş ön söz və şərhlər də yazıb.
Ə.Müznib 1936-cı ilin 12 dekabrında həbs edilir. İstintaq işi 1937-ci ildə başa çatır. Onu burjua-millətçi fəaliyyətinə, bolşevizm əleyhinə iş apardığına görə, həmçinin əsərlərində Bakı kommunasına, xüsusən də türk-müsəlman düşməni Stepan Şaumyana böhtan atmaqda, Osmanlı qoşunlarının Bakıya gəlməsini alqışlamaqda günahlandırırdılar. 8 il azadlıqdan məhrum edilən tanınmış şair-publisist 28 avqust 1938-ci ildə Vladivostokdakı xüsusi düşərgədə dünyasını dəyişir. 1956-cı ildə ölümündən sonra ona bəraət verilir.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar