Bütün kitab və titulları “milli”, “xəlqi”, “Turan-türki” etiketlərilə xatırlanası Elməddin Əlibəyzadə...

Düz bir ildir Haqq dünyasında olan bu alimin şəxsi-ictimai-elmi bioqrafiyası bu xalqın “Alim olmaq asandır, adam olmaq çətin” kimi “mürəkkəb” deyimini bir az da cəbrləşdirmiş; ölkəmizin bütün iddiasız, nəfssiz, ləkəsiz ziyalılarının qənaətlərinə (habelə öz yazılı, şifahi, gəzəri, hərəki irsinin məntiqi şəhadətinə) görə, kamil bir adam olmuş bu insanın alim olması, “asan alim”lər hesabına, çox çətinliklərlə başa gəlmiş...

Mənim bu fikrimə onun “Azərbaycanşünaslığa giriş” kitabındakı epiqraf da qüvvət verir: “Azərbaycan-türk xalqının bədxahlarına, elmin düşmənlərinə minnətdaram; çünki onlarla çarpışma, dönə-dönə qarşılaşma məni mətinləşdirdi...”
Bu əsil alim-adamın elmi və mənəvi-“mülki” yaradıcılığı bizi “elmin vətəni yoxdur” kimi qəliblərə bir az başqa rakursdan da baxmağa sövq edir. Məsələn, onun elmi qənaətlərindən biri belədir: “Əslində, Qarabağın işğalında bizim tarix elmimiz də müqəssirdir. Belə ki, vaxtilə Tarix İnstitutu IX əsrdən başlayaraq Şimaldan varyaqların və slavyanların torpaqları zəbt edə-edə Çin Səddinə və Qafqazadək gəlib çıxmalarını yazmaq əvəzinə, məhz türk tayfalarının buralara gəlmə olduğunu illərlə təkrar etdiyinə görə, bu gün ermənilər öz əsassız iddialarını “elmi əsas”lara söykəmiş olurlar”...
Bu əsil vətəndaş-adam gah lam-lal gölə, gah qıjov çaya, hərdən də fırtınalı dənizə bənzəyirdi. Xaraktercə ciddi, ağır-batman adamların sözünə-söhbətinə müştaq idi bu insan. Azacıq milli damarı olanlarla əlbəəl isinişib-mehribanlaşar, çoxusu ilə gələcək dost-qardaşlığın, ailəvi get-gəlin bünövrəsini qoyardı...
Bəs bu sayaq dərin intellekt sahibinin, insanlıq, vətəndaşlıq keyfiyyətləri daşıyıcısının özü -

Necə və nələrdən bünövrələnmişdi?..

Bu barədə çox şanlı sözlər demək istəyim olsa da, onun öz fikirlərindən canlı çıxmayacaq. Milli keçmişə diqqət və ehtiramdan bəhs edirkən, dünənini bilməyən bir xalqın öz sabahını, gələcəyini qura bilməyəcəyini, ziyalıların bu məsələlərə əlahiddə diqqətlə yanaşmağa, zərərli meyllərə, milli-mənəvi qəsdlərə qarşı tutarlı elmi faktlarla durmağa borclu olduğunu vurğulayan alim yazır: “Bu, çox mühüm və təxirəsalınmaz borc - vətəndaş-alim borcudur. Bu borcu mən hələ 50-60-cı illərdən dərk etmişdim; əzab-əziyyətlərə, təhqirlərə, maddi və mənəvi cəzalara baxmayaraq, bu işi görməyə başladım. Sonsuz fərəhlə qeyd edim ki, bu işdə mənim mənəvi dayağım Cəlil Məmmədquluzadə olmuşdur. Onun zəngin yaradıcılığı mənim təhsil aldığım, bitirdiyim ikinci universitetim olmuşdur”...
O özü də bütün milli düşüncəli gənclər üçün canlı “çöl universiteti” idi və böyük elm adamlarına, tarixçilərə, filosoflara kifayət qədər bələd bir alimin əməl-amal mayakı olaraq ədibə - Milli Mirzəmizə istinad etməsi... adamda şəxsi və milli mütəəssirlik də doğuran bir hal...
Amma bu mütəəssirlikdə həm də sonsuz bir fəxarət! Əfsanəvi ədəbi-publisistik cəsarət simvolumuz Mirzə Cəlil “Molla Nəsrəddin”in Tiflis saylarındakı “Ay Dəmdəməki, qorxmursanmı ki, sənin Bakı qoçuları barədə yazdıqlarını mən də götürüb jurnalımızda verəm (guya vermir, ha! - T.A), onlar da orda səni və gəlib burda məni qanımıza qəltan edələr?” kimi cəsarətlərini E.Əlibəyzadə belə davam etdirirdi: “Strabon öz sələfi Efara istinadən deyirdi: “Efar öz “Tarix”ində yazır ki, digər yazıçılar iskitlərin (qədim türklərin) vahiməli və qorxunc qəribəliklərini bildiyindən, ancaq vəhşiliyindən danışmışlar. Lakin bunun əksi olan faktları da söyləmək və onların əsl simasını göstərmək lazımdır. Onlar acgözlüyə meylli deyillər, köçəri nəsli olsa da, bol çörəkli və namuslu adamlardır. Bu adamlar başqalarına oxşamır, cəsur, cəngavər, işgüzar, qarşılıqlı münasibətlərdə sədaqətlidir və yalançı deyillər. Homerin dediyi kimi, başımızın üstündə Zevs - Allah var və gərək biz düzünü deyək”. Bəli, dünyanın bir çox böyük alimləri bu həqiqətləri etiraf edir, İqrar Əliyev isə yox. Görünür, onun başının üstündə Tanrı yoxdur. Ona görə də düzünü demir...” (“Xalq qəzeti”, 4 iyun 1999).
Mötərizə içərisində verdiyimiz qəzetin həmin ilki növbəti sayında (6 iyun 1999) bu əsil vətəndaş-alimin daha bir mənəvi qiyamı boy verir. O, “Azərbaycan tarixi” çoxcildliyinin ilk səhifəsində Prezident Heydər Əliyevin “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır” kəlamının epiqraf şəklində verildiyini diqqətə çatdıraraq deyir: “Ancaq kitab bu istək və arzuya cavab verirmi? Kitabda tariximiz “olduğu kimi deyil, olmadığı kimi qəbul edilib, “olduğu kimi” yox, olmadığı kimi dərk edilib və yazılıb!..”
Bu ağır türkoloqumuzdan gətirdiyimiz “yorucu” sitatlar, mənbə-məxəzlər dəmində bir balaca nəfəs dərək. Onun öz elmi və elmi-populyar materiallarında tez-tez müraciət etdiyi poeziya nümunələrimizdən bir qədim-qayımını xatırlatmaq istərdim - “elə bunun özü də elm çəkili, milli kökən şəkillidir” qeydi ilə:

“Alp Ər Tonqa öldimi?
İssiz azun qaldımi?
Özlək öcin aldımi?
İmdi yürək yırtılır!..”


Yeddinci yüzillikdə türk dilində deyilib, xalqın al qan yaddaşında “çap” olunmuş 11 ağıdan biridir bu. Fağır Elməddin müəllim fikirdə ağı, dildə şəkər dadan bu misraları görməməzliyə, duymamazlığa, buna canı-dilmillidən uymamazlığa necə dözməliymiş, əziz küll-əfəndilər və... hələ də maskada gəzən tək-tük mərə-kafirlər?!.

Belə bir

əsil alim, xas adam, milli keçmişimizin ən müasir Məcnunu - Elməddin Məhəmməd oğlu Əlibəyzadə 1925-ci ilin 5 noyabrında Oğuz rayonunun Muxas kəndində bu dünyaya gəldi, 2015-ci ilin 26 martında Azərbaycandan o dünyaya getdi.
“Getdi” deməyə “nə var” ki... Əsas məsələ “nə qoyub getdi”dir ki, bu xanada onun “bir xanlıq” yatırı var; “Ədəbi şəxsiyyət və dil”, “Qədim dünyamızın ulu kitabı”, “Ana kitabələr”, “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr), “Kitabi-Dədə Qorqud”, “Nizami və tariximiz”, “Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir”, “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları”, “Azərbaycan dilinin tarixi (İki cilddə. Qədim dövr və klassik dövr)”, “Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər)”, “Azərbaycanşünaslığa giriş” kimi qalın və qalan kitablar, saysız məqalələr, seçilib-sayılan türkoloq, filologiya elmləri doktoru, professor titulları, yaşadığı təmiz ömrə görə həmişə başlarını şax tutası övladları...
Daha nə?
Öz dilində “Tenqri” kimi işlətdiyi Tanrıya and olsun ki, bu alim, yazdıqca yazılası, danışdıqca qurtarmayası tərtəmiz bir Zat!
Elə mən də sözümü onun bu keyfiyyətilə bitirmək istəyirəm. Özü də elə bir az kələ-kötür dil-üslubda: Neçə illərin bu kristal alimi, Turan eşqli türkoloqu Türkanda (!) minbir zülmlə aldığı bağda öz əllərilə tikdiyi balaca bir daxmanın daşlarını... ağzı (və gözü) göyçəklərdən gizlətmək üçün şəhərdən torba ilə - hər gün iki-iki - daşıyıbmış...
Allah rəhmət eləsin.

Tahir Abbaslı