Azərbaycan

20 mart 1879 - Xalq artisti, görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 1879 - 16.2.1945) anadan olub. İlk milli operamız olan “Leyli və Məcnun”da Məcnun rolunun birinci və uzun illər əvəzsiz ifaçısı olub.
20 mart 1899 - Böyük yazıçı-dramaturq Cəfər Qafar oğlu Cabbarlı (1899 - 31.12.1934) Xızı kəndində doğulub. Pyesləri: "Solğun çiçəklər", “Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Almaz", "1905-ci ildə", "Yaşar" və s. Şeir və hekayələrin, milli kinomuzda ilk ssenarilərin (“Hacı Qara”, “Sevil, “Almaz” filmləri) müəllifidir.
20 mart 1912 - Azərbaycanın və Rusiyanın Xalq artisti, rejissor Ənvər Məcid oğlu Behbudov (1912-1998) anadan olub. Rusiyanın Ulyanovsk, Novosibirsk, Kazan, Rostov teatrlarında çalışıb. 60-70-ci illərdə Azərbaycan Opera və Balet, Rus Dram teatrlarının baş rejissoru olub.

21 mart 1896 - Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 1896 - 20.11.1956) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. Teatr tamaşalarında çoxsaylı obrazlar yaradıb, “Səbuhi” (Şeyx Əli), “Fətəli xan” (Mirzə Nadir) filmlərində çəkilib.
21 mart 1897 - Şair, publisist Böyükağa Mirqasım oğlu Talıblı (1897-1938) Salyan şəhərində doğulub. “Keyf içində”, “Tövbə” və s. kitabların müəllifidir.
21 mart 1898 - Xalq artisti, aktyor İsmayıl Məmmədəli oğlu Talıblı (Talıbzadə; 1898-1967) anadan olub. Filmləri: “Onu bağışlamaq olarmı?” (Veysəl Mirzə), “Telefonçu qız” (professor).
21 mart 1906 - Azərbaycanın ilk Xalq şairi, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 1906 - 27.5.1956) Qazax rayonunun Yuxarı Salahlı kəndində doğulub. Azərbaycan Elmlər Akademiyasının üzvü, Yazıçılar İttifaqının sədri (1941-1948) olub. 20-dən çox poemanın (“Komsomol poeması”, "Muğan", "Aygün" və s.), "Vaqif", "Fərhad və Şirin", “İnsan” və s. mənzum dramların müəllifidir. Rus dilindən A.Puşkinin “Yevgeni Onegin” poemasını və digər ədəbi nümunələri dilimizə tərcümə edib.
21 mart 1914 - Xalq artisti, aktyor Hüseynağa Ələsgər oğlu Sadıqov (1914 -23.2.1983) anadan olub. 50 ilə yaxın Gənc Tamaşaçılar Teatrında çalışıb. “Sehrli xalat”, “Ələddinin sehrli çırağı”, “Alma almaya bənzər”, “Babamızın babasının babası” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
21 mart 1921 - Yazıçı-jurnalist, professor Nurəddin Həsən oğlu Babayev (1921 - 25.9.1991) Gəncə şəhərində doğulub. BDU-da jurnalistika fakültəsinin ilk dekanı olub. Kitabları: "Oğluma məktublar", "İşıq və məhəbbət", "Ürəklər bir olanda" və s.
21 mart 1924 - Tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 1924 - 12.10.1990) Tovuz rayonunun Azaflı kəndində doğulub.
21 mart 1929 - Ədəbiyyatşünas, Əməkdar elm xadimi, professor Murtuz Zeynal oğlu Sadıqov (1929 - 24.4.1997) Naxçıvan MR Ordubad rayonunun Nüsnüs kəndində doğulub. Elmi-pedaqoji fəaliyyətlə yanaşı, sovet repressiyaları, M.Ə.Rəsulzadə haqqında əsərlərin müəllifidir.
21 mart 1934 - Ədəbiyyatşünas, şair Qulamrza Səbri Təbrizi anadan olub. İslam inqilabından sonra Britaniyaya köçüb.

22 mart 1854 - Maarifçi, şair, publisist Məhəmməd Tağı Sidqi (Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu Səfərov; 1854 -9.12.1903) Ordubadda doğulub. Dərsliklər, qəzəllər, mənzumə və hekayələrin müəllifidir. Naxçıvan Dövlət Kukla Teatrı onun adını daşıyır.
22 mart 1895 - Yazıçı Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-1938) anadan olub. «Qışlaqdan kəndə», «Laçın» və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.
22 mart 1898 - Aktyor, Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 1898 - 21.9.1982) Lənkəranda anadan olub. “Qızmar günəş altında”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.
22 mart 1900 - Xalq yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) Qubadlı rayonunun Əyin kəndində anadan olub. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı", “Ağbulaq dağlarında”, “Mahtəvan” və s. əsərlərin müəllifidir. Yazıçılar Birliyinə rəhbərlik edib.
22 mart 1909 - Xalq yazıçısı Mehdi Əli oğlu Hüseyn (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub. "Səhər", "Abşeron", "Qara daşlar", "Yeraltı çaylar dənizə axır" (roman), «Alov», "Şamil" (pyes) və s. əsərlərin müəllifidir. Bir sıra əsərləri ekranlaşdırılıb. Yazıçılar Birliyinin rəhbəri olub.
22 mart 1910 - Şair Soltan Məcid oğlu İsmayılov (1910-1963) Göyçayda doğulub. "Məhsəti", "Pəri qala", "Məhəbbət" və s. poemaların müəllifidir, rus şairlərinin əsərlərini dilimizə çevirib.
22 mart 1913 - Xalq artisti Əlağa İsmayıl oğlu Ağayev (1913 -21.12.1983) anadan olub. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb. “Görüş” (Şıxəli), “O olmasın, bu olsun” (Məşədi İbad), “Qanun naminə” (Məmmədxan) və s. filmlərdə, televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.
22 mart 1913 - Yazıçı-dramaturq, ssenarist Məhərrəm Əlizadə (1913-1983) anadan olub. "Gözün aydın", "Səndən mənə yar olmaz" və s. pyeslərin, “Kazbek qutusu” filminin ssenari müəllifidir.
22 mart 1913 - Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq (Mirzəyev Mirzə Bağır oğlu; 1913 - 11.12.2001) anadan olub. "Məni bağışla", “O, mənim dostumdur", "Aydın yollarda" və s. roman və povestlərin müəllifidir.
22 mart 1914 - Xalq artisti Lütfəli Əmir oğlu Abdullayev (1914 - 9.12.1973) Şəkidə doğulub. Teatr tamaşalarında, "Arşın mal alan" (1945, Vəli), “Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
22 mart 1917 - Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 - 18.3.1980) Dərbənddə anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb. “Nəsimi”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, "Uşaqlığın son gecəsi" və s. filmlərdə çəkilib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
22 mart 1919 - Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 - 6.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.
22 mart 1925 - Xalq artisti Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 - 5.6.2004) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub.
22 mart 1931 - Şair Əli Kərim (Əli Paşa oğlu Kərimov, 1931 - 30.6.1969) Göyçayda anadan olub. Populyar şeirlərin, “Pillələr” romanının müəllifidir.
22 mart 1933 - Xalq artisti, xanəndə Rübabə Xəlil qızı Muradova (1933-1983) Ərdəbildə doğulub. Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Leyli ("Leylı və Məcnun"), Ərəbzəngi ("Şah İsmayıl") və s.
22 mart 1938 - Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 - 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. «Dalanda», “Qorxu” və s. romanların, “Köhnə bərə” filminin ssenari müəllifidir.

23 mart 1920 - Bəstəkar, Xalq artisti, professor Əşrəf Cəlal oğlu Abbasov (1920 - 8.2.1992) Şuşada anadan olub. İlk milli uşaq baletinin («Qaraca qız»), «Səndən mənə yar olmaz», «Dağlar qoynunda», «Həyətim mənim, həyatım mənim” musiqili komediyalarının, simfonik orkestr üçün əsərlərin, mahnıların müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (1953-1957) rektoru olub.
23 mart 1942 - Şair, yazıçı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Zahid Abdulla oğlu Xəlil Yevlax şəhərində anadan olub.
23 mart 1946 - Yazıçı, şair, tərcüməçi Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. “Daş evlər”, “Nekroloq”, “Polad toxumu” və s. romanların, povest, hekayələrin müəllifidir.

24 mart 1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872 - 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
24 mart 1938 - Xalq artisti, aktyor, rejissor Həsənağa Səttar oğlu Turabov (1938 - 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. “Yeddi oğul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Qanlı zəmi” (“Atları yəhərləyin”) filminə quruluş verib.

25 mart 1897 - Tanınmış alim, teatrşünas, publisist Qulam Məmməd oğlu Məmmədli (1897 - 18.11.1994) Təbrizdə doğulub. Cənubi Azərbaycan şairlərinin (Heyran xanım, Mirzə Əli Möcüz və s.) əsərlərini toplayıb və nəşr etdirib.
25 mart 1907 - Görkəmli şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 - 14.1.1952) Bakıda doğulub. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan da Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib.
25 mart 1931 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor İnayət Heydər oğlu Bəktaşi (1931 -9.9.1989) anadan olub.
25 mart 1933 - Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933 - 15.12.1988) Bakıda anadan olub. «Bildirçinin bəyliyi», «Zarafatsız zarafat», «Hələlik», “Sonuncu məhəbbət” və s. komediyaların, satirik şeirlərin müəllifidir.

Dünya

20 mart 1741 - Fransız heykəltəraşı Jan Antuan Hudon (Jean-Antoine Houdon, 1741-1828) anadan olub. Psixoloji portretlər ustası kimi tanınıb, Volter, Russo və s. məşhur simaların büstlərini yaradıb.
20 mart 1828 - Norveç şairi, dramaturq Henrik İbsen (Henrik Johan Ibsen, 1828-1906) anadan olub. “Yeni Avropa dramı”nın yaradıcısı sayılır.

21 mart Dünya Poeziya Günüdür (World Poetry Day). 1999-cu ildə UNESCO tərəfindən dünyadakı dil müxtəlifliyini təşviq etmək və yox olmaqda olan dilləri poeziya vasitəsilə dəstəkləmək məqsədilə təsis edilib.
21 mart 1839 - Rus bəstəkarı Modest Petroviç Musoqrski (1839-1881) anadan olub. “Boris Qodunov” operasının müəllifidir.

22 mart 1394 - Böyük özbək astronomu, mütəfəkkir, sərkərdə Məhəmməd Taragay Uluqbəy (1394-1449) anadan olub. Əmir Teymurun nəvəsidir, Teymurilər dövlətinə başçılıq edib. Səmərqənd yaxınlığında məşhur rəsədxananı yaradıb.

23 mart 1826 - Çex əsilli Avstriya bəstəkarı Lüdviq Minkus (Ludwig Minkus, 1826-1907) anadan olub. “Don Kixot”, “Qızıl balıq” və s. baletlərin müəllifidir.
23 mart 1875 - Məşhur türk şairi, yazıçısı və mütəfəkkiri, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp; 1875 -25.10.1924) Diyarbəkirdə doğulub.
23 mart 1881 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard, 1881-1958) anadan olub.
23 mart 1910 - Dünya şöhrətli yapon kinorejissoru Akira Kurosava (1910-1998) anadan olub. “Yeddi samuray”, “Dersu Uzala” və s. filmlərə quruluş verib.

24 mart 1926 - İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo anadan olub.

25 mart 1611 - Türk səyyahı, coğrafiyaşünas, tarixçi, etnoqraf və şair Övliya Çələbi ibn Dərviş Məhəmməd Zilli (1611-1682) İstanbulda doğulub. 10 cildlik “Səyahətnamə” əsərində dövrün mühüm tarixi, mədəni, etnoqrafik mənzərəsi əks olunub.
25 mart 1897 - Fransız rejissoru, ssenarist, kino nəzəriyyəçisi Jan Epşteyn (Jean Epstein; 1897-1953) anadan olub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar