həm gözəl insan, həm də böyük sənətkar...

Bu Rzayev Səməndər ki var, - 41 illik ömründə çəkildiyi və səsləndirdiyi 63 filmin birindəki (“Bəyin oğurlanması”) “bu kino ki var...”, oynadığı yüzlərlə tamaşaların birindəki (“Şəhərin yay günləri”) “Ə, bə bu nətəər olur?!” kimi sözləri, digər “bədahətən”liklərilə səhnə və ekran aləmimizə neçə-neçə repmizanlar, löyün-löyün oyunlar, dramatik aktlar, elastik-plastik taktlar gətirmiş bənzərsiz aktyor...
Qısası, bu Səməndər Mənsim oğlu Rzayev ki var, - bu dünya durduqca var!..

Adı ilə daim nağıllarımızdakı xeyirxahlıq personajını xatırladacaq, istedadı ilə - reallığımızdakı azmanları...
Bu adamdakı həyat eşqi, sənət atəşi, nəhəng cüssəsilə səhnə və ekrandakı rəqqas-balerin gərdişi kimə müsbət təsir etməyib, görəsən? Bu sualımı “bas” tonda qarşılayasılara məxsusi bir “SOS”: hamıya, hamıya, hamıya! Xüsusən də - müxtəlif səbəblərdən yekrəng həyati gün-güzəranlarından bezib çoxrəng sənətə can atan, lakin istəyinə nail olmayıb, bu tərz istedad və qabiliyyətə həsəd aparan, öz “qisməti-ilahi”sinə küsənib, bu özgəyə “bəxtəvərlik” oxuyan kəslərə...
Bu qismət ki var, yaman qaçılmaz məsələ, yayınılmaz mətləbdir, hörmətli səməndərsevərlər! Yəni, daim az yaşamasına ağrıdığımız bu böyük aktyorumuz müharibənin qurtarmasına dörd ay yeddi gün qalmış deyil, başlamasına az qalmış doğulsaydı, nə bilmək olar, o illərin minlərlə yavrusu kimi, elə fidan yaşlarındaca tələf olardı, ya yox...

Bu tale ki var...

yazısına pozu yox!..
Bu adam 1945-ci ilin 2 yanvarında Ağsu rayonunda bu dünyaya gəlməli, 1986-cı ilin 27 martında Bakıda bu dünyadan getməli imiş...
Bu nadir istedad İncəsənət İnstitutunda böyük Təhmasib məktəbindən dərs almalı, Sumqayıt teatrında çalışmalı, həyat və yaradıcılığının ən çağlar çağlarını Akademik Dram Teatrında keçirməli imiş ki, sənədlərdə, mətbuatda, kitablarda, yubiley və gün-günaşırı söhbətlərdə belə-belə fikirlər işlədilsin, sözlər söylənsin: “Azərbaycanın böyük teatr və kino aktyoru”, “Səməndər Rzayev “Nəsimi” filmində oynadığı obrazda elə özüm-özgürlənib ki, adam ekranda ona hər hansı bir aktyor kimi yox, tarixi şəxsiyyət İbrahim şah kimi baxır və buna qeyri-adi bir səmimiliklə, reallıqla irreallığın vəhdətilə inanır”.
Bir neçə kəlmə də bu 41 yaşlı sənətkarımızın ötən il “Azdram”da keçirilən 70 illik yubileyində deyilənlərdən. “Hələ orta məktəbdə ikən kütləvi tədbirlərdə və dram dərnəyində fəal iştirak edən Səməndər Rzayev səhnə-sənətə o dərəcədə bağlı olub ki, Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsini buraxaraq, 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub”. “Bu gözəl, bu təntənəli tədbirin keçirilməsi bu çoxdiapazonlu, son dərəcə xəlqi və eyni dərəcədə intellekt-elitar sənətkara ümumxalq və dövlət ehtiramının əlaməti kimi qiymətləndirilməlidir”. “Hələ Səməndərin səsi!..”
Bəli, Səməndərin Səsi!..
Deməzsizmi, mən bu saat bu yazını Səməndərin səsinin fonunda yazıram. Hərdən də radio-televiziyada işlədiyim çağlarda müşahidə etdiyim hal-hərəkətləri, özünəməxsus jestləri fonunda. Bunlardan biri haqda yazmaya bilməm! Çünki bunun şahidi ancaq mən (və əgər xatırlayırsa, bir radio-operator xanım). Hə, Azərbaycan radiosunda - “efirarxası” olmuş bir olaydır bu; Səməndərin çoxpərdəli istedad “səhnə”lərindən, Allah bilir, neçəncisi...
Deməli, növbəti “Bulaq” verilişi studiyada lentə alınır. Məhluqə xanımla Səməndər biri-birindən gözəl üslub-üsulla mətni oxumaqda, dünyanın vəfasızlığını pis bilməyən bəndənizsə, bu qeyri-adi sənət cütlüyünün ecazkar sər-sənət elementlərini qeyri-müəyyən gələcək üçün yaddaşına yazmada. Həm də hər dəfə olduğu kimi, mənim qələmlə yazdıqlarımı onların dillə necə qüvvətləndirdiklərinin fərqində; hər abzasda gözlənilməz bir dür-düzən, süjetdən-süjetə keçidlərdə bədahəti bir mizan. Minlər-milyonlarla gözün baxdığı tamaşalarda, ekranlarda böyük sənətin yüzlərlə gözəl oyun-löyünlərindən çıxmış bu bənzərsiz sənətkarlar o verilişin iki nəfərlik kollektivi önündə də qeyri-adiliklərindən qalmırlar. Bunların hamısı haqda danışmağa fürsət yox, birindən bir qədər geniş bəhs etməyə isə əşhədi-ehtiyac. Bəli, verilişin tapşırma-xudahafizləşmə anı yaxınlaşır. Studiya ilə səsyazma otağını ayıran qalın şüşədən baxıram ki, Səməndər stuldan ləngərlənə-ləngərlənə qalxır. Mən ürəyimdə “axı hələ sağollaşmağa bir cümlə qalıb...” - deyə narahat oluram. Amma, sən demə, bu veriliş işinin içində növbəti bir aparıcı işi varmış; bu yaradıcı sənətkar o gündən etibarən növbəti bir canlı qiraət ayrılığının da bünövrəsini qoyacaqmış! Aha, o, hər iki əlini ağır-ağır tovlayıb mikrofon stoluna dayayır, asta-asta qalxır, dalı-dalı qapıya sarı uzaqlaşa-uzaqlaşa: “Həə, di sağ olun, salamat qalın, istəkli dinləyicilər...” - deyir...

O hər sözü elə usta dedi...

hər rolu elə zirvə yaratdı, ustadlıqda, ictimai-insani münasibətlərdə elə bir məqama çatdı ki, qarşılıq söz söyləmək, yaraş-yanaşıq fikir tapıb öymək müşkül. Teatr obrazları haqda düşünürsən, böyük ekranda yaratdıqları gözlərin önündən “kino lenti kimi” keçməyə başlayır. Hələ hər kərə maraqla baxdığımız televiziya tamaşalarındakı rolları, radiomuzun “qızıl fond”undan olmazın ovqatla dinlədiyimiz verilişləri, yazılı mənbələrdəki fikirləri, sevgi dolu frazaları demirəm.
Yazırlar ki, Səməndər Rzayevin yaradıcılıq yolu, obrazlar rəngarəngliyi təəccübləndirici dərəcədə çoxşaxəli, işgüzar məhsuldarlığı inanılmaz dərəcədə boldur. “Onun Azərbaycan kinosundakı dublyaj işi ayrıca bir korifeylikdir. O, çox yerlərdə olsa da, hər yerdə görünsə də, həmişə kinostudiyanın dublyaj sexində idi!” “Millətini, xalqını çox sevən Səməndər həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. O, ən adi epizodlarda belə böyük azərbaycanlı kimi görünürdü”. “Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Necə də ahəngli, ürəyəyatımlı danışırdı!”. “Qəribədir, bəzilərinin tamaşaçılardan baş rolla qopara bilmədiyi alqışları Səməndər Rzayev epizodik rollarla ala bilirdi”.
Səməndərin özünün də səhnədənkənar deyimləri az olmayıb. Onlardan biri də elə həmin kiçik, epizodik rollarla bağlıdır: “Böyük qapıları kiçik açarla da açmaq olur”.
Səhnədə Səməndərin səsi eşidiləndə salon ağzınadək sükuta, ürəklərsə dərinliklərinədək təlatümə qərq olurdu. Klassik aktyor sənətimizin ruhunu bütün canı-qanı ilə yaşadan bu sənətkarın özü də ünlü klassikə çevrildi. Onun obrazlarının hər biri maraqlı idi. Teatrdan söhbət düşəndə Səməndər ilkin yada düşənlərdən olur və xatirələrdə “Həyatın dibində”, “Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı”... kimi unudulmaz tamaşalar canlanır. Onun böyük kino aləmindəki bənzərsiz işləri isə ayrıca bir yazı mövzusudur. Bu aktyorun ekran obrazları hörmətli oxucularımıza kifayət qədər aydın olduğundan, bu yola hansı rolla başlaması haqda bir epizoda toxunmaq istərdim. Deyilənə görə, “iş”dən baxəbər jurnalistlər təbiətən şən-şux adam olan Səməndərə bununla bağlı tez-tez suallar verər, o isə hər dəfə araya söz qatıb “məsələ”nin üstündən keçməyə çalışarmış. Belə olayların birində onun sənət dostlarından ən yaxını (və ən baməzəsi), Xalq artisti Yaşar Nuri deyir “Alə, böyük Allahdan, diribaş tamaşaçılardan gizlin döyül, bu fağır jurnalistlərdən nöş gizlədirsən? “Uşaqlığın son gecəsi”nin lap süftə-bismillahında küçədə gəzən iki milis işçisindən biri sənsən dəə!”
Deyirəm elə mən də bu yazını o rəhmətliklərin o şux zarafat ovqatları ilə bitirim dəə...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar