Səs-sədanı da ayrıca bir obraza çevirmiş Əli Zeynalov

O, tək elə canlı-vizual rollarında deyil, dublyaj etdiyi obrazları da öz ecazkar səsi, nəfəsi, tükənməz sənət eşq-həvəsilə bədiidən həyatiyə “transfer” edə, sənət hadisələrini sənəd faktlarına yaxınlaşdıra, səhnə və ekran “mən”lərini saysız-hesabsız zallardakı mən, sən və onların - tamaşaçıların həmsöhbətinə çevirə bilirdi.

1913-cü il aprelin 4-də Salyanda anadan olmuş Əli Zeynalov böyük həyat addımlarının ilkini elə öz həyətlərində - “Əlifba” kitabımızın müəllifi olan atası Yusif Zeynalovun (1887-1965) geniş erudision haləsində atmağa başlayıb. Ata yoluna sevgi onu pedaqoji təhsilə sövq edib və xeyli müddət bu sahədə fəaliyyət göstərib. Hərdən də yan-yörəsindən eşidərmiş ki, atası orda-burda onun bu həvəsinə aşiq olduğunu bildirirmiş. Lakin, təbiətən incədən-incə, fitrətən istedad Əlinin canında başqa bir güclü eşq varmış ki, adı -

Sənət!..

Atasının xoşladığı sahədə çalışdığı çağlaradək Əli müxtəlif dərnəklərdə özünü sınamış, 1928-ci ildə - on beş yaşında ikən Biləsuvar cavanlarının hazırladığı “Şeyda” tamaşasında baş rolu ilə xeyli peşəkar marağı, tamaşaçı rəğbəti qazanmışdı. Daxilindəki sənət eşqi, ətrafındakı maraq və rəğbət onu Teatr Texnikumuna gətirir, məzunluğunda Moskvaya yollanır, bir müddət böyük paytaxt teatrlarında təcrübə keçir və oradan birbaş Şəki Dövlət Dram Teatrına gedir.
Peşə taleyi Əli Zeynalovun sənət bioqrafiyasına İrəvan Azərbaycan Dövlət Teatrının da adını yazdırır. Bu teatrda çalışdığı on il ərzində “1905-ci ildə”, “Aydın”, “Oqtay Eloğlu” tamaşalarında Baxşı, Aydın, Oqtay, “Otello” və “Hamlet” faciələrində Otello, Klavdi, “Günahsız müqəssirlər”də Neznamov kimi baş rollar oynayıb.
Bütün bu uzaq-ucqar ünvanlardan yayılan xoş sədalar 1945-ci ildə onun teatr dünyamızın baş məkanına - Azərbaycan Dövlət Dram Teatrına dəvət edilməsinə səbəb olur və müqtədir sənətkar 1975-ci ilə qədər burada işləyir. Uzun illər adlı-sanlı rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi Əli Zeynalova əsl sənət uğurları qazandırır. O dövrün ən məhsuldar və təkrarsız dramaturqu İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesinin respublika və ittifaq elitasının zövqünü fəth edən tamaşa uğuru məhz bu iki sənətkarın - quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalovun böyük səhnə qabiliyyətləri, sənət istedadları ilə bağlı idi.
Yumyumşaq tembrli, cəzbi-cazibəli səsə, apaydın, həm ciddi-dramatik, həm lirik-estetik diksiyaya malik Əli Zeynalov bədii qiraət ustası kimi də tanınır, hər kəsdən seçilir və “kütləvilik nominasiyası” ilə sevilirdi.
...“Sevilirdi” yazdım və bu sözün Əli Zeynalov timsal-əmsalında bir qədər trafaret səsləndiyini hiss etdim. Yəni, çətin ki, bu adam yalnız elə sənət-sənətkarlıq keyfiyyətlərilə bu qədər sevilə bilərdi. Bu barədə uzunçuluq etməməkçün, məsələni onun “İki ömrüm olsaydı...” kitabındakı bir epizodla konkretləşdirək: “Bir gün teatrın direktoru məni yanına çağırıb dedi:
- “Vaqif” tamaşasını bərpa edirik. Götür Vaqifi yaz.
- Necə, Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən - Vaqif?!
- Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz”. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan qələm-kağız aldım, ərizə yazdım və teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim...”
Mən bu sətirləri onun kitabından oxuyarkən iki “janr”lı təəssüf hissi keçirdim: a) sən bu dünyanın işlərinə-işdəklərinə bax; gör, ətraf aləmi düzəldib-düzənləmək missiyalı teatrda nə əyrilik-əyintiliklər baş verir (!), b) kaş, Əli müəllim kitaba yazdığı bu cümlələri öz sir-sehrli diksiyası ilə efir-ekranda da söyləmiş olaydı!..
Bir vaxtlarkı o dialoq bu məqamda Əli müəllimin səsi ilə danışan Mixaylonun (N.Şaşıqoğlu) Karrantiyə (“Uzaq sahillərdə”) dediyi (dramatik olduğu qədər də poetik) sözlər yada düşür: “Yoox, indi sən mənim əlimdəsən!..”
Bu sitatdan sonra onun, teatrı dünyadan on üç il öncə tərk etməsinin də fərqinə varmalı. Və o vaxt bu “qədir”də tutulmuş bu qadir sənətkarın “vaxtından xeyli əvvəl” yox, son dərəcə tez ayrıldığı həmin məbədə məhəbbətinin qədərini ölçmək üçün həmin kitabın adını da nəzərə almalı: “İki ömrüm olsaydı...” Yəni, yenə teatrı seçərdim...
İki real ömür yaşamaq qeyri-mümkün, iki kərə ölmək isə “mümkün”... Belə ki, o, sanki mənəvi ölümə gedirmiş kimi çıxdığı (adı “fəxri” olsa belə!) təqaüd illərində müntəzəm olaraq televiziyanın bədii proqramlarında görsənir, qarşılıqlı sevgi-rəğbətdə olduğu tamaşaçılarına təkrarsız səsi, ecazkar diksiyası ilə klassik və çağdaş Azərbaycan poeziyası nümunələrindən ibarət silsilə qiraət verilişləri təqdim edirdi.
Ədibləri “Seçilmiş əsərlər”i yaşadar, aktyorları - çağdaşlarının seçkin-sevimli xatirələri. Bu tip saysız xatirələr, hamısı müsbət olmaqla, Əli Zeynalovun müxtəlif forma-məzmunlu portretlərini yaradıb-yaşatmaqda, ən ümumməziyyətlisi isə, bu gözəl müəllimin İncəsənət İnstitutunda (ADMİU) səhnə danışığı fənnindən dərs dediyi, deməli, illərlə birbaşa ünsiyyətdə olmuş “uşaq”lara - bugünlərin bir çox adlı-sanlı sənətkarlarına bəxtəvərlik oxutmaqda...
Onun teatrda yaratdığı yüzlərlə obraz bir yana, elə 1948-dən 1988-ə - ömrünün sonunadək düz 40 il çəkildiyi və səsləndirdiyi 40-dək kino və televiziya filmlərinin də hərəsi bir məqam, bir xatirə deyilmi? Onlardan bir neçəsinin adını çəkmək də savab olardı: “Aygün”, “Bəxtiyar”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Dağlarda döyüş” “İstintaq davam edir”, “İyirmialtılar”, “Kölgələr sürünür”, “Qanun naminə”, “Qara daşlar”, “Qaraca qız”, “Leyli və Məcnun”, “Mən ki gözəl deyildim”, “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Yenilməz batalyon”...
Əli Zeynalov tək elə tamaşaçıların deyil, o vaxtkı leksikonla desək, daim “partiya və hökumət”in də diqqət mərkəzində olub. Aktyor 1955-ci ildə respublikanın Əməkdar artisti, 1964-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. U.Şekspirin “Antoni və Kleopatra” faciəsinə rejissor Tofiq Kazımovun verdiyi quruluşda Antonio rolunu yüksək ustalıqla ifa etdiyinə görə 1964-cü ildə Respublika Dövlət Mükafatı laureatı olub.
Bu mükafatların, böyük elitar və çılğın proletar rəğbət-məhəbbətlərinin iç dünyasında Əli Zeynalovun çox istedadlı və məhsuldar iş dünyası dayanırdı: Klavdi (“Hamlet”), Hilbert (“Mariya Tüdor”), Protasov (“Canlı meyit”), Elxan (“Od gəlini”), Keykavus, Şeyx Sənan (“Səyavuş”, “Şeyx Sənan”) obrazları və 1974-cü ilin 6 dekabrında Milli Dram Teatrında ilk və son rejissor işi olan “Knyaz” tamaşası...
Teatr tənqidi Əli Zeynalovu birmənalı olaraq novator sənətkar kimi qələmə verir. Ancaq, məncə, bu rəyi birmənalı qəbul etmək düz olmazdı; bu an dərhal onu da söyləmək lazımdır ki, bu aktyor həm də pedaqoq idi. Yəni, bu halda həmin keyfiyyət - novatorluq daha da aktuallaşır. Bu, sənətdə çox vacib məsələdir; novator sənətkar heç vaxt növbəti, sıradanbir müəllimlik etməz. Onun tələbələrinin qarşısında tək elə Əli müəllim deyil, həm də “Üzeyir ömrü”ndəki Həsən bəy Zərdabi dayanırdı. Onun tələbələri yalnız Əli müəllimin yox, həm də “Uzaq sahillərdə”ki əfsanəvi Mixaylonun, “Leyli və Məcnun”dakı mifik-realistik Məcnunun səslərini də eşidirdilər...
O filmlər və lent yazıları vasitəsilə o tələbələrin tələbələri də, gələcəyin bütün tamaşaçı və dinləyiciləri də bu əziz surəti daim görəcək, bu ləziz səsi hər vaxt dinləyəcəklər...

Tahir Abbaslı