Türkologiya elminə töhfələr verən alimlər arasında məşhur dilçi, ədəbiyyatşünas və şərqşünas Əhməd Cəfəroğlunun adı hörmətlə yad olunur. Ömrü mühacirətdə keçən alim ölkəmizin beynəlxalq aləmdə tanınmasında da rol oynayıb.

Əhməd İsmayıl oğlu Cəfərzadə 17 aprel 1899-cu ildə Gəncə şəhərində dünyaya göz açıb. Uşaq ikən atası dünyasını dəyişir, anasının himayəsində böyüyür. 1916-cı ildə şəhərdəki gimnaziyanı bitirir və Kiyev Ali Ticarət İnstitutunun iqtisadiyyat fakültəsinə qəbul olunur. Ancaq o, bu ali məktəbdə il yarım oxuyur. Sonra sənədlərini geri alır, Gəncəyə gələrək yeni yaradılan Qafqaz İslam Ordusuna yazılır. 1918-ci ildə Bakının daşnak-bolşevik işğalından azad olunmasında yaxından iştirak edir.
Əhməd Cəfəroğlu 1919-cu ildə yeni yaradılan Bakı Dövlət Universitetinin tarix-filologiya fakültəsinin Şərq bölməsinə qəbul olunur. Lakin burada da təhsili yarımçıq qalır. 1920-ci ildə Xalq Cümhuriyyəti süqut edir. O, məcburiyyət qarşısında əvvəlcə Gürcüstana, oradan Türkiyəyə gedir. İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olur və burada məşhur türkoloq Mehmet Fuad Köprülüdən dərs alır. 1925-ci ildə universiteti uğurla başa vurur və bir müddət Türkologiya İnstitutunda assistent işləyir. Həmin ilin sonunda Almaniya Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi bu ölkəyə gedir. Berlin və Breslau universitetlərində türkologiya üzrə təhsil alır, tanınmış alimlərin mühazirələrini dinləyir.
Filologiya üzrə fəlsəfə doktoru Şəlalə Həsənova “Mühacirət irsimizdən səhifələr” kitabında yazır ki, Əhməd Cəfəroğlu 15 may 1929-cu ildə Breslau Universitetində “Gəncə dialektində Azərbaycan bayatısının dil baxımından təhlili” mövzusunda dissertasiya mövzusu götürür. Məşhur şərqşünas Fridrix Gizenin rəhbərliyi ilə yazdığı dissertasiyanı müvəffəqiyyətlə müdafiə edir və filologiya doktoru elmi dərəcəsi alır. Bu elmi əsəri ayrıca kitabça şəklində Berlində nəşr olunur. İstanbul Universitetinə qayıdan Ə.Cəfəroğlu türk dili tarixi kafedrasının dosenti, professoru, 1946-cı ildən - Mehmet Fuad Köprülünün vəfatından sonra isə kafedra müdiri təyin edilir. Eyni zamanda universitetin nəzdində fəaliyyət göstərən Türkiyyat İnstitutuna da rəhbərlik edir.
Bütün varlığı ilə xalqına bağlı olan Əhməd Cəfəroğlu 1923-1969-cu illər arasında müxtəlif ölkələrin dövri mətbuatında türkologiyaya dair 350 məqalə dərc etdirir. Eyni zamanda Avropanın bir çox tanınmış universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyur. Bir müddət Roma Universitetində də çalışır.
Ə.Cəfəroğlu Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq üçün İstanbulda “Azərbaycan Yurd Bilgisi” adlı jurnal nəşr etdirir. Adıçəkilən dərgidə “Azərbaycanın böyük matəmi - 27 nisan”, “28 mayıs 1920”, ”Tarixin ilk Türk Cümhuriyyəti - Azərbaycan” və s. mövzularda 40-a yaxın məqaləsi dərc olunur. Həmçinin müxtəlif illərdə “Türk amacı” dərgisinin “Türk dili və ədəbiyyatı” məcmuəsinin redaktoru olur.
Araşdırmalarda oxuyuruq ki, Ə.Cəfəroğlu ötən əsrin 30-cu illərində Türkiyənin elmi həyatında fəal rol oynayıb, Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1932-ci ildə təşkil edilən Türk Dil Qurumunun yaradıcılarından biri və ömrünün sonuna qədər bu qurumun həqiqi üzvü olub. O, Qərb ölkələrində də yaxşı tanınıb, Polşa Elmlər Akademiyasının müxbir üzvü, Macarıstanın Beynəlxalq Dilçilik Cəmiyyətinin, Beynəlxalq Dialektologiya Mərkəzinin və Ural-Altay Cəmiyyətinin, Argentinanın Beynəlxalq Tural Cəmiyyətinin fəxri üzvü seçilib. Beynəlxalq Onomastika Cəmiyyətinin həqiqi üzvü olan alim İspaniya hökuməti tərəfindən 1955-ci ildə “De Alfonso El Sabio” ordeni ilə təltif edilib.
Ə.Cəfəroğlu türk dili tarixi və dialektologiyasına dair geniş araşdırmalar aparıb. Alimin tədqiqatçılarından Gülağa Hüseynov yazır: “Əhməd Cəfəroğlu dilçilik, ədəbiyyatşünaslıq, etnoqrafiya, folklorşünaslıq və s. sahələrdəki araşdırmaları ilə təkcə Türkiyədə deyil, eləcə də Avropada şöhrətlənib... O, 1930-1950-ci illərdə daha çox milli-mənəvi yaddaş problemlərini diqqət önündə saxlayan işlərlə məşğul olub. Gəncə kimi zəngin folklor mühitindən çıxan bu insan mühacirətə təkcə Vətən sevgisi ilə dolu ürəyini yox, həm də zəngin folklor yaddaşını aparıb”.
27 il İstanbul Universitetində çalışan Əhməd Cəfəroğlu 1973-cü ildə təqaüdə çıxıb, 6 yanvar 1975-ci ildə vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar