Azərbaycan
9 aprel 1126 - Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əfzələddin Xaqani Şirvani (1126-1199) Şamaxıda doğulub. 17 min beytlik divanın, Azərbaycan ədəbiyyatında ilk poemanın («Töhfətül-İraqeyn»), «Mədain xərabələri» qəsidəsinin müəllifidir.
9 aprel 1905 - Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 - 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin, "Deyilən söz yadigardır" adlı üçcildlik toplunun tərtibçisidir.
9 aprel 1946 - Tanınmış aktyor və kinorejissor Ceyhun Mirzəyev (1946-1994) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. 12 yaşında “Ögey ana” filmində oynadığı İsmayıl rolu ilə məşhurlaşıb. “Dəli Kür”, “Yenilməz batalyon”, “Qanun naminə”, “Yol əhvalatı”, “Lətifə” və s. filmlərdə çəkilib. Rejissor işi: “Bəyin oğurlanması” (V.Mustafayevlə birgə), “Fəryad” (eyni zamanda baş rolun ifaçısı). “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub.
10 aprel 1923 - Yazıçı-dramaturq Salam Qədirzadə (1923 - 16.11.1987) anadan olub. "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" və s. nəsr əsərlərinin, "Şirinbala bal yığır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" komediyalarının müəllifidir.
10 aprel 1941 - Ədəbiyyatşünas, yazıçı Allahverdi İsgəndər oğlu Eminov Salyan rayonunda anadan olub.
10 aprel 1956 - Şair-publisist, tərcüməçi, bəstəkar Xanım İsmayılqızı (Qarayeva) anadan olub. Rus ədəbiyyatından tərcümələr edib. Sözlərinə çoxsaylı mahnılar bəstələnib, müxtəlif şairlərin şeirlərinə musiqi yazıb.
11 aprel 1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 - 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə ədibin doğum günü kimi 2, 7 aprel göstərilir. “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.
11 aprel 1914 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 - 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Madam Qədri" və s. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
12 aprel 1889 - Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Mövsüm ağa Seyid İbrahim oğlu; 1889 - 1.10.1965) Şuşa qəzasının Horadiz kəndində (indiki Füzuli rayonunun kəndi) anadan olub. 1920-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışıb, 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
12 aprel 1866 - Teatr və maarif xadimi Əbülqasım Sultanov (12.04.1866 - 1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirib, “Ədəbi nümunələr müntəxəbatı”nı (XIX-XX əsrlər) tərtib edib.
12 aprel 1903 - Azərbaycan mətbuatının, ictimai fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb. Şərqşünas-alim Məhəmmədağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı burada dərc olunub. Qəzet iki il nəşr olunub.
12 aprel 1907 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 - 5.10.1982) anadan olub. "Kitabi-Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
12 aprel 1912 - Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 - 3.12.1996) anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır, ömrünün sonunadək burada çalışıb. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.
Dünya
9 aprel 1821 - Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.
9 aprel 1906 - Amerikalı bəstəkar və dirijor Antal Dorati (1906-1988) anadan olub.
9 aprel 1933 - Fransız aktyoru Jan Pol Belmondo (Jean-Paul Belmondo) anadan olub. Filmləri: “Son nəfəsdə”, “Qadın elə qadındır”, “Oğru”, “Missisipidə həyəcan”, “Taleyin şıltağı”, “Professional”, “Doktor Popol” və s.
10 aprel 1847 - Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer, 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının yaradıcısıdır.
10 aprel 1932 - Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub; 1932 - 10.7.2015) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”. “Çingiz xan”, “Makkennanın qızılı”, “On üçüncü döyüşçü”, “Sirli ada” və s.
10 aprel 1937 - Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir. “Belə bir oğlan vardı”, “İdman, idman, idman” filmlərində çəkilib.
11 aprel 1888 - İtalyan kinosunun ulduzlarından Françeska Bertini (əsl adı - Elena Seracini Vitiello; 1888-1985) anadan olub.
11 aprel 1894 - Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.
11 aprel 1914 - Kanada kinorejissoru və rəssamı, məşhur multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.
12 aprel 1823 - Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.
12 aprel 1956 - Kuba əsilli Amerika kinoaktyoru Endi Qarsia (Andy Garcia - Andres Arturo Garcia Menendez) anadan olub. “Xaç atası -3”, “Qara yağış” və s. filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan