Rübabca peyvəstə-major, ömürcə “şikəstə”-minor bəstəkar - Qəmbər Hüseynli

Fikrimə “100 yaşın 41 ili” başlığı düşər-düşməz, beynimə belə bir gəlmə gəldi; onun, bütün dünyanı heyran qoymuş, hər ölkə musiqiçilərinin, hətta şəxsən dahi Çarli Çaplinin çaldığı (və bizim nümayəndələrə “O bəxtəvər bəstəkara mənim salamlarımı yetirin!” dediyi) “Cücələrim” mahnısının yaranma tarixini öncə “Ümumtürk”, sonca da “Beynəlxalq Uşaq Musiqi Günü” elan etmək təşəbbüsündə bulunmaq olmazmı?..


Əgər bu arzumuz çin edilsəydi, 100 il əvvəl Gəncədə bir dəmirçi ailəsində doğulmuş və 59 il öncə bu dünyadan yalnız “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” adıyla getmiş Hüseynli Qəmbər Məşədi Muxtar oğlunu Çindən-maçinə hamı tanıyardı. Yetmiş ilə yaxındır onun “Cücələrim”ini ləzzətlə oxuyan dünya uşaqları hər ilin həmin Günü qəzet-jurnallardan oxuyar, ekranlardan görər, efirlərdən -

Eşidərdilər ki:

9 yaşında Gəncədəki məktəbdə təhsil almağa başlamış bapbalaca Qəmbər artıq 90 şeiri əzbərdən söyləyə, onlarca xalq mahnısını qeyri-adi bir avazla zümzümə edə bilirmiş. Gəncənin musiqi mühitindəki bütün sənətkarların tərcümeyi-hallarına marağı, çal-çağır məclisləri, el şənlikləri və konsertlərdəki diqqəti onu “Böyük Uşaq” adı ilə təltifatlandırıbmış. On bir yaşında şəhərdəki orta ixtisas musiqi məktəbinin tar sinfinə, on üçündə Gəncə Pedaqoji Texnikumuna daxil olan, bir neçə ağır-“ağsaqqal” muğamı tarda məharətlə ifa edən bu istedadlı tələbə aşıq və el havalarını toplayıb nota alırmış.
18 yaşında texnikumu fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə paytaxta göndərilir. Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklifini məmnunluqla qəbul edir. Musiqi bəstələmək marağı isə, bu “narahat” uşağı bir an belə, rahat buraxmır. Bunu yaxşı hiss edən görkəmli musiqi pedaqoqları Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq qabiliyyətləri bütün aydınlıqlarıyla üzə çıxır və o, C.Cabbarlının sözlərinə yazdığı “Tellər oynadı” romans-mahnısı ilə gələcəyin böyük bəstəkarı olacağını təsdiqləyir.
1939-cu ildə, Azərbaycanın təbii konservatoriyası sayılan Şuşaya - Musiqi Texnikumuna direktor göndərilən Q.Hüseynli orada çalışdığı bir il ərzində çox əhəmiyyətli işlərə imza atır. Yenidən dəvət aldığı Bakıda Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin dirijor köməkçisi, Üzeyir bəyin tövsiyəsi ilə yaranan Sazçı Qızlar Ansamblının bədii rəhbəri işləyir. Bu illərdə o bir-birindən gözəl mahnılar və digər janrlı əsərlər yazır: milli romans lirikamızın zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə” mahnıları, 1954-cü ildə “Qızıl quş” operası və s. və i.a. və -

Notu ipək “Cücələrim”!..

Yetmiş ildir bütün balacaları bala-bala böyüdən bal mahnı...
Vaxt-müddət hesabında cəmi ikicə il yanıltdığım hörmətli oxucularıma ərz edim ki, ilahi “sənət yumurtası”ndan 1948-ci ildə çıxan bu mahnı, həmin tarixçədən ən azı iki il öncə doğulmuş uşaqları da ovudub, axı...
Hələ bunu demirəm ki, həmin bu nəğmənin haman o “müharibə uşaqları”nın bükük boyunlarında daha çox haqqı olub. Oynamağa, oynatmağa heç nə tapmadıqlarından, belibükük nənələrinin ağılayıb-ağladığı “üçkünc” məktublardan “quş” düzəldib uçuran boynubükük uşaqların. Ağlı kəsən qardaş-bacılarının əyin-başlarındakı yamaqları, hər səhər naxıra gedənlərinin torbasına qoyulan yavan çörək dilimlərini, hərdən də böyüklərin göz yaşı damlalarını sayan tifillərin. Atalarının getdiyi yerlərdən gələn qara xəbərləri “veclərinə almayıb”, analarının “qıymazlıqla” bişirdiyi ağappaq yumurtaların birini beş yerə bölüb “doymağa” məhkum fağırların...
Və həmin çağlar o uşaqların eşitdiyi müharibə və yeni quruculuq sədalı “biri varmış, biri yoxmuş”lar içrə hələ tanımadıqları real bir əmiləri də varmış ki, o, bütün Vətən boyu gəzib dolaşa-dolaşa, el havalarını, aşıq mahnılarını toplayıb nota alırkən, onların qırım-durumlarının da fərqinə varırmış. O balaca balaları başdan-başa qaş-qabaq əhvallarından çıxarmaq eşqinə düşən o əmi kim ola-kim ola - böyüdükcə tanıyıb-sevəcəkləri Qəmbər Hüseynli!..
Bəs bu böyük bəstəkarı bütün dünyaya tanıtdıran o əzəmətli mahnının predmeti nə? Canlıların ən “cansız-çəlimsiz”i, canlılığın ən cumbulusu - cü-cə-lər...
Deyim ki, bu mahnının ulduzu on il sonra parlayıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında “Cücələrim”i indi aktrisa və rəssam-florist kimi tanıdığımız Suğra Bağırzadə oxuyub. Mahnı misilsiz “ura” ilə qarşılanıb, tezliklə dillər əzbərinə çevrilib və sovetlər məkanını aşaraq bütün dünyaya yayılıb. Müxtəlif (60-dan çox!) dilə çevrilib, “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilib.
Çox ciddi bir həmkarımın yazılarının birindən: “Azər adlı soydaşımız yazır: “Mən Amsterdamda yaşayıram. Bir gün, təsadüfən, küçədə bir holland uşağın klarnetdə “Cücələrim” mahnısını ifa etdiyinin şahidi oldum. Bu, uzaq Avropa ölkəsində mənim qəlbimə hədsiz fərəh, gözlərimə xeyli yaş gətirdi...”
Bu daxili və xarici xatirə mənə on-on bir yaşlarımda ikən zümzümə etdiyim “Ay işığında” mahnısı ilə, yenicə eşqə düşmüş 17 yaşlı doğma əmoğlumu necə kövrəldib, gözlərini necə yaşartdığımı xatırlatdı...
Yetmiş ildir bizi, - vəzifə, mövqe, mənşə və s. “çəki”lərimizdən asılı olmayaraq - hamımızı, haçansa uşaq da olduğunu etiraf etmək “səmimiyyət”inə malik olan hər kəsi böyüdən bir nəğmə. Elə bu heynidə məsələyə dəxli olan “yad” bir haşiyə: günlərin bir günü özünü xalqa “yendirib”, böyük izdiham qarşısında nitq söyləyən Firon bir az da həzinləşib-vəzinləşib “mən uşaq olanda...” deyərkən, ehtizaza gələn kütlə: “Ay aman, bizim həşəmətli Fironumuz uşaq da olub?!” - deyə uğuldayır.
Bəli, hər bir azərbaycanlının ilk bəstə-laylası, ilk nəğməsi və böyük musiqiyə - romansa, süitaya, kapriççioya simfoniyaya keçid kursu olub “Cücələrim”. Biz yaşa dolduqca “Cücələrim” də böyüyüb. Biz xariclərə getdikcə, “Cücələrim”in özümüzdən öncə getdiyini görmüşük. Onun haqqında qeyri-adi tərif-təqdirlər, sevgi-öygülər oxuyub-eşitmişik. Bunlardan birini də alçaq düşmənlərimizin tanınan nümayəndəsi - Aram Xaçaturyan deyib: “Dünyaca məşhur “Nu, poqodi”də səslənən musiqi parçaları içərisində ən ləzzətli, ən məlahətli və ən anlaşıqlısı “Cücələrim” epizodudur” (hansı ki, orada həmin Aramın “Qayane” və “Spartak” baletlərindən də fraqmentlər səsləndirilib).
Fəxrlənək ki, bu sənət nümunəmizin şöhrəti erməni bəstəkarının məsafə və səviyyəsindən daha uzaq və ucalardan gəlib. Məsələn, 1955-ci ildə məşhur bəstəkar və digər sənət nəhənglərindən ibarət sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən onları həmin ölkənin məktəblilərindən təşkil olunmuş dövlət xoru məhz “Cücələrim” mahnısı ilə salamlayıb. Yaxud, vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək “Cücələrim”i ifa edir və əksəriyyəti ruslardan ibarət olan qonaqlara üz tutaraq deyir: “Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”
Bəli, bu gözəl sənət incisi dövrümüzün böyük sənət uğuruna çevrildi və musiqişünasları, sənət bilicilərini belə bir yekdil rəyə gətirdi: “İndiyə kimi öz müəllifini “Cücələrim” qədər bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb”.

Tahir Abbaslı








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar