Azərbaycan
16 aprel 1906 - Bakıda "Dəbistan” maarifçi jurnalı nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yeniliklər dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq və s. tanınmış ziyalılar iştirak ediblər.
16 aprel 1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynli (1916 - 1.8.1961) anadan olub. Dünyaca məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.
16 aprel 1934 - Bəstəkar, Xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli (1934 - 17.4.2015) Naxçıvanda doğulub. Musiqili komediyalar (“Qaçırılmış qız”, “Gəl, qohum olaq”, “Amerikalı kürəkən” və s.), simfonik əsərlər, çoxsaylı mahnılar ("Oxu, tar", "Dalğalar", "Bayram axşamları" və s.), "Alma almaya bənzər", “Sahilsiz gecə”, “Qəzəlxan” və s. filmlərə musiqi yazıb.
17 aprel 1884 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (1884 - 30.9.1950) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operasının, "Əlli yaşında cavan" musiqili komediyasının müəllifidir.
17 aprel 1899 - Türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə doğulub. Azərbaycanın sovetləşməsindən sonra Türkiyəyə gedib. İstanbul Universitetində çalışıb, Türkiyədə azərbaycanlı diasporunun tanınmış simalarından olub, "Azərbaycan yurd bilgisi" dərgisini nəşr etdirib.
17 aprel 1928 - Vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar Müslüm oğlu İmanov (1928 - 22.1.2008) Sabirabad rayonunda doğulub. Opera və Balet Teatrında baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
17 aprel 1924 - Kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rzayev (1924 - 20.12.1978) anadan olub.
18 aprel 1873 - Görkəmli xanəndə, muğam ustası Məcid Behbudalı oğlu Behbudov (1873 - 6.9.1945) Şuşada anadan olub. Tiflisə köçüb, musiqi məclislərində iştirak edib. Bakıda, Gəncədə opera tamaşalarında çıxış edib. 30-cu illərdə İrəvanda, sonra Qazaxda yaşayıb, orada vəfat edib. Böyük müğənni Rəşid Behbudovun atasıdır.
18 aprel 1897 - Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (1897 - 8.6.1981) Tiflisdə doğulub. Milan Konservatoriyasında təhsil alıb. İlk dəfə 1912-ci ildə Tağıyev teatrında Ü.Hacıbəylinin "Ər və arvad" operettasında çıxış edib. 1923-cü ildə Bakı Ali Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub. Konservatoriyada dərs deyib.
18 aprel 1991 - Tanınmış şair Tofiq Qulam oğlu Bayram (16.12.1934, Bakı - 1991) vəfat edib. Kitabları: “Səninlə görüşəndə”, “Əsrin oyunu”, “Ay gecikən məhəbbətim” və s. Rus dilindən bədii tərcümələrin müəllifidir.
19 aprel 1905 - Məşhur memar Mikayıl Ələsgər oğlu Hüseynov (1905 - 7.10.1992) Bakıda doğulub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Milli Kitabxana, AMEA-nın binası, Bakı Musiqi Akademiyası və s. tikililərin layihə müəllifidir.
19 aprel 1907 - Xalq artisti, bəstəkar, dirijor, musiqişünas-alim Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907 - 6.1.1976) Bakıda anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), musiqi tariximizə dair kitabların müəllifidir.
19 aprel 1920 - Yazıçı-dramaturq Xalidə Məmməd qızı Hasilova (1920 - 5.12.1996) Zaqatalada anadan olub. «Onun taleyi», «Nəğməli könül», «Məhəbbət olmayanda», uşaqlar üçün “Lalənin kitabı», «Atlas yarpaqlar» və s. kitabların müəllifidir.
Dünya
16 aprel 1844 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault; 1844-1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s.
16 aprel 1889 - Məşhur ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 1889 - 25.12.1977) Londonda doğulub. 1910-1940-cı illərdə Amerikada yaşayıb, 1952-ci ildə İsveçrəyə (Cenevrə) köçüb. Filmləri: “İt həyatı”, “Uşaq”, "Qızıl hərisliyi", "Yeni zamanlar", “Böyük diktator" və s. 1972-ci ildə fəxri “Oskar”a layiq görülüb.
16 aprel 1924 - Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini, 1924-1994) anadan olub. 500-dək filmə musiqi yazıb, 4 dəfə “Oskar”, 20 dəfə “Qremmi” mükafatına layiq görülüb.
17 aprel 1894 - Rus aktyoru, SSRİ Xalq artisti Boris Vasilyeviç Şukin (1894-1939) anadan olub. Moskva Teatr Məktəbi aktyorun adını daşıyır.
17 aprel 1897 - Norveç bəstəkarı Harald Severud (1897-1992) anadan olub. Əsərləri: “Ehtiraslı rondo”, “Etiraz balladası” və s.
18 aprel “Beynəlxalq tarixi yerlər və abidələr günü”dür (The International Day for Monuments and Sites). 1983-cü ildə UNESCO yanında Tarixi yerlərin və abidələrin mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib.
18 aprel 1819 - Avstriya bəstəkarı və dirijoru Frans fon Zuppe (Franz von Suppe - əsl adı Francesco Suppe Demelli; 1819-1895) anadan olub. ”Yüngül kavaleriya”, “Gözəl Qalateya”, “Bokaçço” operalarının müəllifidir.
19 aprel 1900 - İngilis yazıçısı, şair, dramaturq Riçard Hyuz (Richard Arthur Warren Hughes, 1900-1976) anadan olub. Avropada ilk radiopyeslərin yaradıcısı sayılır. “Yamayka üzərində tufan”, “Təhlükədə” və s. romanların müəllifidir.
Hazırladı: Vüqar Orxan