Ustad xanəndə, Xalq artisti Sara xanım Qədimovanın əziz xatirəsinə

(Əvvəli ötən sayımızda)

Bəstəkarlardan Qənbər Hüseynli və Şəfiqə Axundova əksər mahnılarını Sara xanımın ifası üçün bəstələyirdilər. Cahangir Cahangirov “Gəl, gözəlim”, “Qarabağ” və “Bahar olsun” mahnılarını, səs imkanlarını nəzərə alaraq, Sara xanım üçün yazmışdı.
Sara xanım ən çətin və ən mürəkkəb mahnıları ustalıqla ifa edirdi. Güclü səs tələb olunan xalq mahnısı “Qara qaşın vəsməsi”, Şəfiqə Axundovanın “Lirik mahnı”, “Axı mən nə dedim”, “Nə deyim”, Əfrasiyab Bədəlbəylinin Cəfər Cabbarlının “Od gəlini” tamaşasına yazdığı Solmazın mahnısı, Ramiz Mirişlinin “Səni tapdım”, Habil Əliyevin “Ürəkdir sevən səni”, Arif Məlikovun “Naz edirsən sən”, Hacıbaba Həsənovun “Xatirələr”, “Tarçalan oğlan” və digər mahnıları ilk dəfə Sara xanım ifa edərək, bu mahnılara öz “möhür”ünü vurmuşdur. Sara xanımın dövründə və hazırda da az-az müğənnilər bu mahnıları oxumağa cürət edir. Çünki onları oxumaq elə də asan deyil, dərin nəfəs və boğaz xırdalıqları tələb olunur. O, köhnə mahnıları dirildirdi, adilikdən, yekrənglikdən çıxarıb ona yeni həyat verirdi. “Sürəyya”, “Kürdün gözəli”, “Ay qız, kimin qızısan?”, “Gül bağçalar”, “Gül açdı” mahnılarını oxuyanda elə bilirdik ki, təzə mahnılardır və birinci dəfə oxuyur. “Göygöl”, “Tarla qızları”, “Yaraşıqlı kəndimiz” mahnılarını ifa edəndə hər mahnıda bir mənzərə yaradırdı.
Sara xanımın səsində o qədər xırdalıqlar var idi ki, bu xırdalıqlar hamını valeh edirdi. Onları duymaq üçün müğənninin ifasında Hacıbaba Həsənovun “Tarçalan oğlan” və “Xatirələr”, Şəfiqə Axunovanın “Lirik mahnı”, Qənbər Hüseynlinin “Nə vaxta qaldı” və “Ay işığında” mahnılarını dinləmək kifayətdir. Bu mahnılarda onun qəlbinin səsi eşidilirdi. Bəstəkar Tofiq Quliyevin “Ögey ana” filmində Dilarənin birinci mahnısını Şövkət Ələkbərova oxumasına baxmayaraq, səs xırdalıqları tələb olunan “Laylay” mahnısını isə Sara xanım böyük məharətlə ifa etmişdir.
50-60-cı illər onun şöhrətinin və məşhurluğunun zirvəsi idi. Çox dəbdə olan müğənni idi. Xalq onu çox sevirdi. Mağazaların vitrinlərində, evlərin divarlarında, sürücülər maşınların kabinələrində onun şəkillərini asırdılar. Onun səhnədə duruşunda və ifa tərzində bir xanımlıq ədası var idi. 50-70-ci illərdə Sara Qədimova xarici ölkələrə çoxsaylı qastrollarda olur. Onu hər yerdə Azərbaycan musiqisinin elçisi adlandırırdılar. Rəşid Behbudovdan sonra, xarici ölkələrdə Azərbaycan musiqisini təbliğ etmək sahəsində birincilik Sara xanımda idi.
1959-cu ildə “Bakı” qəzetinə müsahibə verən Azərbaycan Dövlət Filarmoniyasının direktoru, bəstəkar Tofiq Quliyev yazırdı: “İndiyədək xarici ölkələrdə böyük müvəffəqiyyətlə çıxış edən Sara Qədimovanın növbəti səfərinin marşrutu İndoneziya, Nepal, Seylon və Pakistandır. Onu bu ölkələrdə tarzən Əliağa Quliyev, kamançaçı Tələt Bakıxanov və dəfçalan İrşad Məmmədov müşayiət edəcəklər.
O, 22 ölkədə (Mərakeş, Efiopiya, Sudan, Yəmən, İraq, Misir, Livan, Liviya, Türkiyə, İran, İndoneziya, Qana, Malayziya və s.) qastrolda olmuşdur”.
Sara xanım hansı ölkəyə gedirdisə, o ölkənin mahnılarını tezliklə öyrənib ifa edirdi. 1960-cı ildə Misirdə qastrolda olarkən ərəb bəstəkarı və müğənnisi Fərid Əl-Ətrasın “Xəyalımın nuru” mahnısını ifa etmişdir. Konsertə gözləri tutulmuş məşhur ərəb müğənnisi Um-Gülsüm, mahnının bəstəkarı Fərid Əl-Ətras, Livandan Fehruz xanım gəlmişdilər. Rəşid Behbudovun xatirələrindən: “Sara xanım xarici ölkə xalqlarının mahnılarını heç bir çətinlik çəkmədən, asanlıqla öyrənirdi. Onun Qahirədə oxuduğu “Xəyalımın nuru” mahnısı hamını valeh etdi. Konsertdə iştirak edən onlarca gənc səhnəyə çıxıb bu mahnının sədaları altında tanqo rəqsini oynayırdı. Bu mahnı Sara xanım tərəfindən alqışlar altında dəfələrlə təkrar ifa olundu. Bundan qiymətli nə ola bilərdi? Həmin mahnı 1960-cı ildə Misirdə “İlin ən yaxşı mahnısı” elan olundu”.
Rəşid Behbudov sözünü davam etdirərək deyirdi ki, bizi, xüsusilə Sara xanımı Qahirədə çox isti qarşıladılar. Bizə məlumat verdilər ki, Prezident Camal Abdul Nasir ailəsi ilə birlikdə konsertə gələcəkdir. Məncə, bu diqqət onun Bakıda “Leyli və Məcnun” tamaşasına baxması ilə əlaqədar olmuşdur.
Sara xanım Qvineyada olarkən “Rast” muğamını ifa etmişdir. O danışırdı ki, muğamı ifa etməyə başlayanda böyük həyəcan keçirməyə başladım. Düşünürdüm ki, qvineyalılar muğamı başa düşməyəcəklər. Lakin belə olmadı. İfam alqışlarla qarşılandı. Baxıb gördüm ki, Əliağa Quliyevin gözlərindən sevinc yaşları axır. Sonra Qvineya mahnısını oxudum. Necə qarşılandığımı dilə gətirməkdə, təsvir etməkdə çətinlik çəkirəm.
1963-cü ildə S.Qədimova İndoneziyada 3 aya yaxın bir dövrdə qastrolda oldu. Cakartada sovet inşaatçılarının tikdikləri 100 min nəfərlik stadionda konsertdə Prezident Sukarnonun sevdiyi mahnını ifa edərkən, hamı Sara xanıma qoşulub həmin mahnını birlikdə oxumuşdur. Müğənninin səsinə valeh olan Sukarnonun həyat yoldaşı xanım Hartini S.Qədimovanı evinə qonaq dəvət etmiş və ona qiymətli hədiyyələr bağışlamışdı.
Sara xanım gözəl ifaçılıq sənətinə görə İranın, İndoneziyanın, Efiopiyanın və Özbəkistanın dövlət mükafatları ilə təltif olunmuşdu.
O, təşəbbüskar, axtaran, araşdırmağı bacaran bir müğənni idi. Getdiyi qastrolda, olduğu yerlərdə sıravi adamlarla görüşür, onlardan hal-əhval tutur, eyni zamanda yerli folklorla maraqlanardı. 1944-cü ildə İranda qastrolda olarkən özü ilə üç xalq mahnısı gətirmişdi. “Qaragilə”, “Ahu kimi” və “Oğlan, qurbanın ollam”. O, vaxtlar “Qaragilə” mahnısını Xan Şuşinski, qalan iki mahnını isə onun özü oxuyardı.
İndoneziya səfərindən sonra SSRİ mədəniyyət naziri Yekaterina Furtseva respublika Mədəniyyət Nazirliyinə göndərdiyi teleqramda yazırdı: “Azərbaycan SSR-nin Xalq artisti Sara Qədimova İndoneziyada verdiyi konsertdə böyük müvəffəqiyyət qazandı. Kosmonavt Valentina Tereşkovanın iştirak etdiyi və SSRİ inşaatçılarının iştirakı ilə tikib istifadəyə verdiyi 100 min nəfərlik stadionda Sara Qədimova Prezident Sukarnonun sevdiyi İndoneziya mahnısını böyük məharətlə oxumuşdur”.
İndoneziya səfərindən sonra Sara xanımı bir-birinin ardınca tez-tez xarici ölkələrə qastrol səfərinə göndərirdilər. SSRİ Mədəniyyət Nazirliyi 1963-cü ildə onun hər konsert üçün “stavka”sını 25 manata qaldırdı. Bu, filarmoniyada ən yüksək “stavka” idi. Sara xanım çox zəhmətkeş, fədakar, çalışqan sənətkar idi. Ayın ən azı 10-15 gününü respublikanın rayonlarında qastrolda olurdu.
Onun əməyi və istedadı dövlət və xalq tərəfindən yüksək qiymətləndirilirdi. Xalq arasında yüksək nüfuzu vardı. Xalqın ona olan ehtiramı, hörmət-izzəti onun özünün halal haqqı idi. Görkəmli şəxslər onun barəsində ürəkaçan fikirlər söyləmişlər:
Heydər Əliyev: “Sara Qədimova xalqın böyük sənətkarıdır. O, ecazkar səsi ilə yeni həyat verdiyi mahnı və muğamlar Azərbaycanın musiqi sənətinin “qızıl fond”una həmişəlik daxil olmuşdur. Həyatımızda olan bütün gözəlliklər onun yaradıcılığında əks olunur. Sara xanım öz xalqını və vətənini ürəkdən sevən böyük və bənzərsiz sənətkardır. O, Azərbaycan incəsənətinin canlı tarixidir. Xalqımız Sara xanımla fəxr edir”.
Süleyman Dəmirəl: “Sara xanımı ilk dəfə 1967-ci ildə Bakıda dinləmişəm. O vaxtdan xeyli vaxt keçmişdir. Bu illər ərzində dünyanın bir çox ölkələrində də rəsmi səfərdə olmuşam. Bu 27 ildə Sara xanımın ətirli səsi qulağımdan getmir. O, vətənpərvər müğənnidir. Türk dünyasının ən parlaq sənət ulduzlarındandır”.
Səməd Vurğun: “Saranın ifasında “Segah” muğamı çox xoşuma gəlir. Bu muğamı onun ifasında dinləyəndə ruhum dincəlir. Mən arzu edirəm ki, onun ağzından hər dəfə yeni “Segah”lar eşidək”.
Qurban Pirimov: “Sara Qədimovanın sənəti və səhnə mədəniyyəti böyük məktəbdir. O, bütün zamanların sevimli müğənnisidir. Sara xanımın solo konsertləri yüksək səviyyədə, tamaşaçı heyranlığı və böyük alqışlarla keçirdi”.
Sara xanım 1996-cı ildə Prezident Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə onun şəxsi qonağı oldu. Orada istəmişdilər ki, Çankayada, Prezident iqamətgahında Azərbaycan mahnılarını oxusun. Sara xanım çox narahat olmağa başladı. 10 ildən çox idi ki, zil səsi ilə oxumurdu. Çıxışından əvvəl əllərini göyə qaldırıb Allahından imdad istəyir ki, məni xar etmə. Tanrı onun dualarını eşidib elə güclü səs verdi ki, o, burada Cahangir Cahangirovun “Qarabağ” və “Aişə” türk mahnılarını, axırda isə “Qarabağ şikəstəsi”ni oxudu və Nazim Hikmət barədə xatirələrini danışdı.
1956-cı ildə Opera və Balet Teatrının yeni Leylilərə, təzə səsə böyük ehtiyacı yaranmışdı. Operaya gedən tamaşaçılar xeyli azalmışdı. Azərbaycan mədəniyyətinin nəhənglərindən Fikrət Əmirov, Mehdi Məmmədov, Niyazi və Bəhram Mənsurov Sara xanımı Leyli və Əsli rolunda oynamaq üçün teatra dəvət etdilər. Respublikada məşhur müğənni və xanəndə kimi tanınan Sara xanım, çox tərəddüdlə razılıq verdikdən sonra gərgin məşqlərə başladı. O, 1957-ci il fevralın 17-də Əlövsət Sadıqovla birlikdə “Leyli və Məcnun” operasında səhnəyə çıxır. Sonralar isə bir qayda olaraq, bu operada baş rolları Əbülfət Əliyevlə birlikdə ifa edərdi.
Sara xanımı Leyli rolunda görmək üçün respublikanın əksər rayonlarından onlarla adam Opera və Balet Teatrına axışırdı. Təbii gözəlliyi, aktyorluq məharəti, muğamları kamil bilməsi, salonun hər tərəfindən səsinin açıq-aydın eşidilməsi və Leylinin sözlərini səlis və düzgün ifa etməsi birləşib, gözəl və füsunkar bir harmoniya yaradırdı. Onun Leylisi bu tamaşaya baxanların yaddaşlarına əbədi həkk olunmuşdur. Onda aktyorluq qabiliyyəti yüksək olduğundan fərqli bir Leyli canlandırmışdı. Bu rolu əvvəllər bir çox ifaçılar oynamışdı, amma Sara xanım bu obraza öz naxışını vurdu.
Teatrşünas Cabir Səfərov 15 mart 1957-ci il tarixli “Ədəbiyyat və incəsənət” qəzetində yazırdı: “Sara Qədimova Leyli obrazını səhnədə canlandırmaq üçün 8 aydan artıq bir müddətdə gərgin yaradıcılıq əməyi sərf etmişdir. O öz yoldaşlarının təcrübələrindən öyrənərək, tamaşaya yeni ruh və təravət gətirmişdir. Sara Qədimova böyük həvəs və məhəbbətlə gözəl Leylinin lirik obrazını yaradır. Onun özünəməxsus oxumaq tərzi vardır. O, zahiri bəzək-düzəyə uymadan dərin hiss və həyəcanla Leylinin obrazını tamaşaçılara sevdirə bilir. Sara Qədimovanın yaratdığı Leyli obrazı teatr üçün həqiqi yaradıcılıq bayramına çevrildi”.
“Kommunist” qəzeti mart ayındakı nömrələrinin birində yazırdı: “Böyük diapazonlu səsə malik olan Sara Qədimova gözəl və füsunkar Leyli obrazını temperament və lirizmlə ifa edir. Saranın həzin və məlahətli səsi və eyni zamanda xarici görünüşü dinləyiciyə xoş bir təsir bağışlayır”. Həmin operada Sara xanımı müşayiət etmiş tarzən Bəhram Mənsurov deyirdi: “Sara Qədimovanın Leylisi sadə, səmimi, eyni zamanda cazibədar idi. Müğənni rolun daxili sarsıntılarını, sevdiyi oğlana olan saf məhəbbətini, gözəl səsi, xoşagələn oyunu ilə tamaşaçılara çatdıra bilirdi”.
“Molodyoj Azerbaydjana” qəzeti 19 aprel 1959-cu il tarixli nömrəsində qeyd edir ki, gərgin yaradıcılıq əməyi sayəsində Sara Qədimova parlaq, təsiredici Leyli obrazını yaratmışdır. Bu obraz Sara xanımın ifasında yeni səhnə həyatı və tamaşaçıların yüksək qiymətini almışdır.
Heç təsadüfi deyil ki, 1958-ci ildə Füzulinin yubileyi ərəfəsində başda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayev olmaqla Mərkəzi Komitənin bürosu Şıxəli Qurbanovun, Fikrət Əmirovun, Mehdi Məmmədovun və Niyazinin təkliflərini nəzərə alıb Sara Qədimova və Əbülfət Əliyevin ifasında “Leyli və Məcnun” operasını lentə yazdırıb “qızıl fond”da saxlanılmasına razılıq verdi.
Respublikaya gələn yüksək səviyyəli qonaqlar, hökumət rəhbərləri tərəfindən Sara Qədimova və Əbülfət Əliyevin iştirak etdikləri “Leyli və Məcnun” operasına aparırdılar. İmam Mustafayev danışırdı ki, Misir Ərəb Respublikasının Prezidenti Camal Abdul Nasiri 1958-ci ildə “Leyli və Məcnun” operasına apardıq və opera onun çox xoşuna gəldi.
Sara Qədimovanın “Əsli və Kərəm” operasında ifa etdiyi Əsli rolu da teatr tənqidçilərinin yüksək qiymətini aldı. O, bu rolu təbii oynamaqla, ona yeni bir səhnə həyatı verdi.

(Ardı var)

Çingiz Fərəcov
Sara Qədimova irsinin tədqiqatçısı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar