Güney Azərbaycan poeziyasının ötən yüzillikdə yetişdirdiyi tanınmış qələm sahibləri arasında mübariz ruhlu yaradıcılığı ilə seçilən şair Səhəndin xüsusi yeri var.

Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Güney Azərbaycanın qədim Marağa şəhərində anadan olub. Çiskinli-yağışlı bir gündə dünyaya göz açdığı üçün valideynləri adını Bulud qoyub. İbtidai məktəbə Marağa şəhərində gedir, sonra təhsilini Təbrizdə davam etdirir. Poeziyaya ciddi maraq göstərən Bulud 17 yaşından “Razi” təxəllüsü ilə şeirlər yazır. Sonra mətbuatda “Səhənd” təxəllüsü ilə şeirləri dərc olunur.
Şairin gənclik illəri Rza şah istibdadının ağır illərinə təsadüf edir. Milli istiqlaliyyət uğrunda başlanan mübarizədə yaxından iştirak edir. Ancaq 1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut edir. Şairin gözü qarşısında azadlıq hərəkatı fədailəri qan içində boğulur. O, bu məğlubiyyətin başlıca səbəbini milli ruhun zəifliyində görür. Söndürülmüş milli ruhu, şüuru canlandırmaq üçün coşub-çağlayır...
Səhənd 1947-ci ildə həmfikir şair və yazıçılarla birlikdə Tehrana köçür. Bir müddət siyasətdən ayrılır və ədəbi yığıncaqlara qatılır, qələm sahibləri ilə münasibətlər qurur. Tanınmış maarifçi ədib Məhəmmədli Fərzanə ilə tanışlığı şairin yaradıcılığına müsbət təsir göstərir. Onun məsləhəti ilə “Sazımın sözü” əsərini yazır. Daha sonra “Dədə Qorqud” dastanının boylarını nəzmə çəkir.
Ancaq Səhənd nə qədər yazıb-yaratsa da, Azərbaycan Milli Hökumətinin süqutu ilə barışa bilmir, hiss və duyğularını ifadə etməkdən çəkinmədiyi üçün 1951-1953-cü illərdə həbs olunur. Hər şeydən əli üzülən şair yenə qələminə sarılır. Zindanda ikən “Araz” və “Xatirə” poemalarını yazır. Əsərdə müəllifin milli azadlıq hərəkatı ilə bağlı arzu və istəkləri öz təcəssümünü tapır. O, mövcud hökumətin yürütdüyü milli ayrı-seçkilik siyasəti ilə heç cür barışa bilmir. Dövrünün reallıqlarını əks etdirən “Yasaq” şeirini qələmə alır:

Taleyimə sən bax!
Düşüncələrim yasaq,
Duyğularım yasaq,
Keçmişimdən söz açmağım yasaq,
Gələcəyimdən danışmağım yasaq...

1967-ci ildə ustad Şəhriyara şeirlə məktub yazan Səhənd soydaşlarına qarşı olan haqsızlıqlara etirazını bildirir:

Özgə çırağına yağ olmaq bəsdir,
Doğma ellərimiz qaranlıqdadır.
Yanıb, yandırmayaq yadın ocağın,
Evimiz soyuqdur, qışdır, şaxtadır...
Köksündə qövr eyləyən el dərdindən söz açan şair Şəhriyardan məhz ana dilində şeir yazmasını təvəqqe edir, “Bu yaralara məlhəm ol və özgə çıraqlara yağ olma”, - deyir. Şəhriyarın qəlbini riqqətə gətirən məktub “Səhəndiyyə” əsərinin yaranmasına səbəb olur. Ustad Şəhriyar Səhəndin şeriyyətini yüksək qiymətləndirir:

O da şeirin, ədəbin Şah dağıdır, şanlı Səhəndi,
O da səntək atar ulduzlara şeir ilə kəməndi.

Şərqşünas alim, professor Rüstəm Əliyev 1967-ci ildə Tehranda ezamiyyətdə olarkən azərbaycanlı ziyalılarla görüşür. Səhənd R.Əliyev vasitəsilə Məmməd Rahim, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və başqaları ilə əlaqə saxlayır, nisgilini ovundurmağa çalışır.
Şair 1979-cu ildə İranda baş verən islam inqilabının qələbəsini alqışlayır, yeni hakimiyyətin Güney Azərbaycanda milli problemləri həll edəcəyinə inanır. Ancaq şairin ümidləri boşa çıxır. Hakim rejim təkcə ana dilinə deyil, hətta saza, musiqiyə də qadağalar qoyur...
Səhənd 22 fevral 1979-cu ildə qəflətən dünyasını dəyişir. Bu vaxtsız itkidən Güney Azərbaycan ziyalıları bərk sarsılır. Yenicə nəşrə başlayan “Varlıq” jurnalının ilk sayında yazıçı Gəncəli Səbahinin Səhənd haqqında məqaləsi dərc olunur. Müəllif məqalədə yazır: “Bulud Qaraçorlu Səhənd parlaq yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına çox qiymətli əsərlər bəxş etdi”.
Siyasi basqılar üzündən şairin əsərləri bir müddət oxucular arasında geniş təbliğ olunmur. Ancaq poeziyaya gətirdiyi yeni ifadə vasitələri və novatorluqlar gənc şair və poeziya həvəskarlarına böyük təsir göstərir. Yenilikçi ideyaları gənclərdə milli təəssübkeşliyi, özünüdərki canlandırır.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar