Milli peşəkar teatrımızın ilkini iki baş rolla başlamış Əsgər ağa Gorani

Nədən sonralar - daha çox, yazıçı, teatrşünas, tərcüməçi, jurnalist, pedaqoq, biri qızlar məktəbi olmaqla, dörd tədris müəssisəsinin təşkil və təsisində əsas sima, nəticə etibarilə böyük mədəniyyət mübarizi kimi tanınan bu milli yetkilimiz haqda söhbət-yazıma onun məhz aktyorluq aktı ilə başladım?..

Çünki o dövrədək, bu fədakar insanın digər görəvlərilə (teatrşünaslıq istisna edilməklə) bağlı, azdan-çoxdan, nəsə bir təcrübə, var-varislik vardı. Ancaq, hələlik, böyük Tanrı-Müəllifin yaratdığı tarixsiz, müsəlman-Azərbaycan bəndələrin oynadığı “təvarix”siz həyat səhnəsinin sir-sehrini şüurlarda incələyib açıqlayan peşəkar sənət sahəsi yox idi.
Və... elə günlərin bir günü milli mətbu ağamız Həsən bəy Zərdabi rəsmi və mənəvi rəhbərlik etdiyi Bakı gimnaziyası tələbələrindən bir neçəsini başına yığıb, deyir: “Ağıllı balalar, millət cəfalısı Mirzə Fətəli mənə iki əsər göndərib. Rica edirəm, siz də oxuyun, onlardan birini seçib səhnəyə çıxardaq...”
Ümumi tariximizin milli mədəniyyət səhifələrindən birinin yazılı şəhadətinə görə, böyük mətbu Qələm başlanğıcımız Həsən bəy elə beləcə də deyib. Deməyib ki, ağıllı balalar, bu iki əsərdən birini seçin, onu səhnəyə çıxararaq, milli teatrımızın bünövrəsini qoymuş olaq!..
“Onlardan birini seçib, səhnəyə çıxardaq”...

Lakin...

...Amma bu inkari istilah bəhsində olduğum nüansın çözümünə o qədər də əl vermir. Deməli, məsələni “təsdiqi” ifadə ilə başlamalı.
Bəli, o xitab ediləndə hələ həcmcə böyük saray-salonlarımızın heç birində cəmiyyətin diqqətini çəkib bir yerə cəmləyəsi məlum “xırda” akt “ada”mız yox idi. Ticari qazancların, iaşə-məişəti rəqabətlərin çoxunda dillərə düşmüş, xalı-xalça, qədim-qayım qalalar, qoşu-qoşma yaradıcılığında zillərə qalxmış bu xalq həmin o saray-salonlarda hələ də “oturaq həyat” sürürdü. Oralarda keçirilən sayca kütləvi yığıncaqlarda boyca döşəmələrdən bir az yuxarı, tutumca xeyli yığcam bir məkana - SƏHNƏyə qalxa bilməmişdi. “Tiyatır”, “teato” dediyi “teatr” sözünü eşitsə də, bu ellik mədəni-mənəvi düşünüş, dincəliş, kütləvi gülüş, ağrınış odasının özünü görməmişdi. Bax belə bir mühitdə o “ağıllı balalar” çox müdrik və hədsiz sevimli müəllimlərinin məsləhətinə əməl edərək, o əsərləri indikilərdən min dəfə artıq maraq-məhəbbətlə oxuyur və bu qənaətə gəlirlər ki, hər iki əsəri səhnəyə çıxarsınlar. Rollar bölüşdürülür, məşqlər başlanır və bu nöyüt-mazutlu, hampa-hamballı, hacı-məşədili, quldur-qoçulu, xəzri-gilavarlı şəhərin küçələrində teatr elanları da görünür: “Lənkəran xanının vəziri” və “Hacı Qara”. Və... oxucu əfəndilər, fərqinə xeyli ciddi varmağımız şərti ilə, 1873-cü il martın 10-da Azərbaycanımızın - “yox millətimin imzası imzalar içində” poeziyalı bu xalqın milli peşəkar teatr sənətinin də əsası qoyulur!
Və bax, həmin o ilk teatr tamaşalarımızdakı baş qəhrəmanların ifaçısı haman bu yazının qəhrəmanı -

Əsgər ağa Gorani!

Həsən bəy Zərdabi sonralar “Həyat” qəzetində yazırdı: “Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgər ağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi”.
Sonralar - o ilk tamaşanın, ilk baş rol ifaçısının və ümumən inkişafda olan teatr mühitinin yetirib-yetişdirdiyi şünaslar yazacaqdılar ki, əslində, Əsgər ağa Gorani peşəkar aktyor deyildi, amma onun canındakı milli tərəqqi əzmi, satira-komizm kompleksizminə sahiblik istedadı professionalların belə təəccüb və həsədinə səbəb olurdu. O, səhnənin sahilsiz incəliklərini, ifadəolunmaz nüanslarını elə həssaslıqla duyub-dərk edirmiş ki, “tamaşaçı bunların həzmi üçün o qədər də zəhmət çəkməli olmurmuş. Azərbaycanın “ilk tamaşa”sı ifadəsinə yansıtmaqla “ilk tamaşaçı” da demək mümkün və onlardan birinin xatirəsinə görə, Ə.Goraninin oynadığı Hacı Qara rolu o dövr həyatının riya, yalan, saxtakarlıq, qorxaqlıq, ələlxüsus xəsislik mənzərəsinin sənət obrazı imiş. Bu məqamda BDU (ADU)-nun yetmişinci illər müəllimlərindən rəhmətlik Firudin Hüseynovun sözləri də yadıma düşdü. Bu mükəmməl müəllim qeyri-adi üslub və ab-hava ilə dediyi dərslərinin birində “insan cəmiyyətlərində hüquq-mühafizə müstəvisində həll edilməsi mümkün olmayan mənəvi cinayətlər”dən danışdı. Söylədi ki, məsələn, öz doğma ev-eşiyində doğma arvad-uşağını, yetim qohum-qövmünü ac-yalavac qoyan bir xəsisi hansı maddə ilə məsuliyyətə almaq olar? Bu acı sualdan sonra dodaqlarına mübarək bir təbəssüm qonan müəllimimiz əlavə etdi: “Bu cinayətin cəzasını ədəbiyyatımızda böyük ədibimiz Mirzə Fətəli, səhnəmizdə böyük ziyalımız Əsgər ağa Gorani verib...”
Bəs bu böyük ziyalını - ilk realist-kolorital yazıçı, “ilkincinin ikinci müəllifi” adını almış tərcüməçi və kəsərli jurnalistlərimizdən (və təəssüf ki, unutqanlıq girdabına düşmüşlərimizdən) birini tale bu xalqa haçan, harada, necə verib?

Deməli;

Əsgər ağa Haqverdi bəy oğlu Gorani 3 may 1857-ci ildə Gəncə qəzasının Goran-Boyəhmədli kəndində doğulub. Tədqiqat tariximizin layiqincə tanıda bilmədiyi tarixçi, “Qarabağnamə” müəllifi, Nizami Gəncəvi türbəsini böyük sənət məhəbbəti və zövqü ilə təmir etdirmiş Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsidir.
Bakı şəhər gimnaziyasını qızıl medalla bitirəndən sonra yaşadığı “konkret dünya” ona çox dar görsənib. Ailəsinin xeyir-duası ilə Moskvaya yollanıb, Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasına daxil olub. Orada görüb-götürdüyü geniş dünyagörüşü isə onun milli-mənəvi dünyasına darlıq edib; Akademiyanı bitirən kimi Vətənə dönüb. Bir müddət Yelizavetpolda (Gəncə) Quberniya katibi, kollec asessoru, mülkü müşavir, Quberniya qəza hakiminin köməkçisi işlərində çalışıb. Lakin Akademiya illərində xəyallandığı yarı mümkün-yarı utopik arzularını çin etməyi bacarmayıb. İki il Tiflis dairə məhkəməsinin prokuror-nəzarət orqanlarında “prokuror yoldaşı”, beş il Gəncə bələdiyyə idarəsinin rəisi, Yelizavetpoldakı “Mixaylovsk məktəbi”nin fəxri nəzarətçisi vəzifələri də bu qaynar vətəndaş-maarifçinin ürəyini soyutmayıb. Uzun götür-qoylardan, maneələrdən, vəsait çətinliklərindən sonra, dilində “Yelizavetpol”, ürəyində “Gəncə!” dediyi qədim şəhərdə öz hesabına qız məktəbi açıb.
Birinci ailə həyatından (Əzət xanımın vaxtsız vəfatı səbəbindən) yarımayan Əsgər ağa məşhur bir nəsildən (Əşrəf ağa Ziyadoğlu-Qacarın nəticəsi) Bəyim xanımla evlənib, yeddi uşaqları olub. Bu böyük ailə və nəslin dolanışıq çətinliklərində, istədiyi kimi başa gəlməyən arzuların gərginliyində ən fəal müxbirlərindən biri olduğu “Əkinçi” qəzetinin hər sayını böyük milli toy-bayram həvəsilə oxuyub, başaqları üçün də qiraət edirdi. Və bir gün də sevimli müəllimi Həsən bəyə yazırdı: “Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır ki, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib “Əkinçi”yə gətirsinlər. Amma çifayda, kənd əhli poşt (poçt) adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, bu qəzeti gətirtdirib onlara paylamırlar”.
Bu gözəl qələm sahibinin məqalələrindən, bənzərsiz publisistikasından geniş danışmağa kifayət edəsi meydan yoxsa da, heç olmasa, sənət dadı və adı baxımından çox maraqlı əsərlərindən ikisini - uzun müddət səhnələrdən düşməmiş “Qocalıqda yorğalıq” pyesini və “Qara yel” romanını xatırladaq.
1910-cu ilin 9 martında - 53 yaşında vəfat edən, dəfnində bütün əsil-nəsilli gəncəlilərin iştirak etdiyi bu təhsil, sənət-mədəniyyət fədaimizin “Səbzikar” qəbiristanlığındakı məzarı haqda söhbətimizi isə gələcək yazılarımıza saxlayaq...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar