“Millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı onun zəif vücudunda müşahidə olunmaqda idi”. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli bu fikirləri tanınmış ziyalı, publisist Qurbanəli Şərifzadəyə həsr etdiyi, 1917-ci ildə “Açıq söz” qəzetində işıq üzü görən məqaləsində yazıb.

Qurbanəli Şərifzadə 1854-cü ildə Naxçıvan şəhərində dünyaya göz açıb. İxtisasca dəmiryolu mühəndisi olsa da, maarifə və mədəniyyətə böyük maraq göstərib.
1906-cı ildə “Molla Nəsrəddin” nəşrə başlayanda jurnalda maraqlı felyetonlarla çıxış edib.
Mollanəsrəddinçilərlə yaxşı münasibətlər quran Q.Şərifzadə bu ədəbi məktəbin nümayəndələrinin hörmətini qazanmışdı. Mirzə Ələkbər Sabir ona “Ruhum, canım Şərifzadə”, - deyə müraciət edərmiş. Cəlil Məmmədquluzadə isə Qurbanəli bəyə bağışladığı “Molla Nəsrəddin” jurnalının cildinə belə yazmışdı: “Bu kitabı verirəm hamıdan çox istədiyim Qurbanəliyə ki, bizlər ölüb gedəndən sonra oğlanları bizim dostluğumuzu bu kitabı açan vaxt yada salsınlar”.
“Hikmət”, “Şərqi-Rus”, “Kaspi”, “İrşad”, “Sultani-İran” və s. mətbuat orqanları ilə əlaqə saxlayan Q.Şərifzadə eyni zamanda o dövrdə Hindistanda nəşr olunan “Həblül-mətin” qəzetinin bölgə müxbiri olub.
Q.Şərifzadənin oğlu, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, professor Əziz Şərif (1895-1988) xatirələrində yazır: “Atam “Molla Nəsrəddin” jurnalının daim abunəçisi olub. Dost və tanışlarını da jurnala abunə yazdırmışdı. Yadımdadır, jurnal bizə iki nüsxə gəlirdi. Bir nüsxəsi atamın, o biri isə mənim adıma idi”. Maarif təşnəsi olan Q.Şərifzadə həm də xeyriyyəçi kimi tanınıb. Naxçıvanda Məhəmməd Tağı Sidqinin “Tərbiyə” məktəbinin fəaliyyətinə yaxından köməklik göstərib. O həm də imkansız ailələrin övladlarını oxutması üçün maddi və mənəvi yardımlarını əsirgəməyib. Görkəmli şair-dramaturq Hüseyn Cavid də Q.Şərifzadənin xeyirxah əməllərindən faydalananlardan olub. Bunu Cavidin məktublarından da görmək olar. Qeyd edək ki, H.Cavid Qurbanəli bəyə ümumilikdə doqquz məktub yazıb. Bu yazışmalarda Q.Şərifzadənin əsl maarifçi və qayğıkeş insan obrazı canlanır.
Cavid Ə.Şərifə ünvanladığı 1917-ci il 13 yanvar tarixli məktubunda yazırdı: “Məşədinin (Q.Şərifzadə - S.F.) xəstəliyi məni nə dərəcədə sıxdığını təsvir edəməm, qardaşım! Dəhşətli bir fəlakətdən qurtulduğum sırada böylə qorxunc bir xəbər məni daha ziyadə dəhşətləndirdi”.
Maarifpərvər ziyalı 1917-ci ildə dünyasını dəyişir. H.Cavid həmin ilin 9 iyununda “Açıq söz” qəzetində çap olunan məqaləsində Q.Şərifzadəni “səmimi millət xadimi” kimi səciyyələndirirdi: “Qafqazın bir çox mühərrirləri, ədibləri, sənətkarları və millət xadimləri mərhumu yaxından tanıyır və dadlı müsahibələrindən xoşlanırdı... Mərhum vaxtında bir çox qəzetlərdə iştirak edir, bəzi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millətsevər ruhu ilə öz irqdaşlarını düşünürdü. Lakin bir dürlü səsi çıxmazdı, çünki gurultudan, nümayişdən, alqışdan çox da xoşlanmazdı. “Sağ əlinlə verdiyini sol əlin duymasın!..” üsuluna ən çox riayət edən sadiq, fədakar həmiyyətli bir sima idi...”
Araşdırmalarda qeyd olunur ki, Ə.Şərif sonralar atasının arxivini Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə verir. Həmin materiallar arasında Qurbanəli bəyə aid 100-ə yaxın məktub, o dövrün qəzet, jurnal redaksiyaları ilə yazışmaları və s. var.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar