(xatirə-hekayə)


Mən də, mənim yaşıdlarım da gözümüzü açandan kəndimizdə Əziz dayı adlı bir adamın yaşadığının şahidi olmuşduq. Burada nə var ki?.. Kənddə adam yaşayar. Burası belədir. Ancaq Əziz dayı bizim kəndin adamlarına oxşamırdı. Sonradan bildik ki, Əziz dayı bizim kənddən deyilmiş. O bizim kəndə başqa yerdən gəlibmiş. Niyə gəlibmiş? Nə üçün burada yaşayırdı? Biz uşaq idik. Belə şeyləri anlamırdıq.
Kəndimizdə bir İsmayıl da vardı. Rəhmətlik Məhəmməd kişinin oğlu İsmayıl. O, yaşca bizdən xeyli böyük idi. Belə şeyləri bizdən yaxşı anlayırdı.
Biz boş vaxtlarımızda “Damların yanı” deyilən yerdə futbol oynayanda İsmayıl kolxozun at tövləsinin üstündə oturub poçtalyon Əli dayının verdiyi «Şərqin şəfəqi» və “Stalin yolu” qəzetlərini oxuyurdu.
«Damların yanı» kolxozun idarə binasının yaxınlığında idi. Binanın otaqlarından birinin pəncərəsindən içəri görünürdü. Otaqda bir neçə böyük həcmli radioqəbuledici vardı. Bura radio qovşağı adlanırdı. Axşamlar işıqlar yananda, yəni kəndimizin kiçik elektrik stansiyası işə salınanda radio verilişləri buradan evlərdə quraşdırılmış kiçik radiolara ötürülərdi. Kənd əhalisi son xəbərlərə, konsertə qulaq asardı. Kolxozun fəaliyyəti ilə bağlı xəbərlər də əhaliyə həmin radio qovşağı vasitəsi ilə çatdırılardı.
Gündüzlər, işıqlar yanmayanda, yəni elektrik enerjisi olmayanda oradakı radioqəbuledicilərdən biri batareya vasitəsi ilə işləyirdi. İsmayıl da orada oturub həmin radioya diqqətlə qulaq asırdı. Biz də bunu pəncərədən görürdük.
Bizə elə gəlirdi ki, İsmayıl hər şeyi bilir. Dünyanın bütün işlərindən xəbəri var. Buna görə də onun Əziz dayı haqqında dedikləri yaddaşımızda nəqşlənmişdi. İsmayıl demişdi ki, Əziz dayı bizim kəndə başqa yerdən gəlib. O, əli ilə kəndimizin yaxınlığındakı «Yel dağı» adlanan təpəni göstərərək deyirdi ki, Əziz dayının doğulduğu yer bizdən o qədər də uzaqda deyil, «Yel dağı»nın arxasındadır, kolxoz sədri Hüseynalı dayının mindiyi kəhəri bərk sürsən, bir saata çatarsan. Biz sonradan bildik ki, İsmayılın dediyi «Əziz dayının doğulduğu yer» başqa respublikaya məxsus imiş.
Əziz dayının şəxsi həyatı, taleyi ilə bağlı deyilənlər isə, uşaq da olsaq, ürəklərimizi göynədirdi.
İsmayılın dediklərindən: «Əziz dayı ailənin yeganə övladı, doğulub boya-başa çatdığı kəndin sayılıb-seçilən cavanlarından olub. Sevdiyi qızla nişanlanıb. Sonra hərbi xidmətə gedib. Elə həmin vaxtlar Əziz dayının ata və anasını «xalq düşməni» adı ilə sürgünə göndəriblər. Yaşadıqları evi isə kolxozun anbarına çeviriblər. Nişanlısı Əziz dayıya məktub yazaraq bu barədə məlumat verib. Elə həmin məktubda Əziz dayıya yalvarıb ki, bu yerlərə qayıtmasın. Burada gözləyirlər ki, Əziz əsgərlikdən qayıtsın, onu da göndərsinlər başqa bir səmtə».
O vaxtlar bizim kənddən olan bir neçə əsgər eyni yerdə Əziz dayı ilə bilikdə xidmət edirmiş. Hərbi xidmət başa çatdıqdan sonra Əziz dayı əsgər dostlarının məsləhətini qəbul edir və onlarla birlikdə yaşamaq üçün bizim kəndə gəlir. Dostları qısa müddətdə bir qaradam tikirlər və Əziz dayı həmin qaradamda yaşamağa başlayır...
Onun yaşadığı qaradam bizim məhəllədə idi. Əziz dayı kiçik alverlə məşğul olurdu. Ayda bir-iki dəfə şəhərə gedir, kənddə tapılmayan, yaxud az tapılan bəzi zəruri şeyləri oradan alıb gətirir, əşyanı cüzi artıq qiymətlə satır, bununla dolanırdı.
Əziz dayı hər dəfə şəhərə gedəndə bizi - uşaqları da unutmurdu. Məhəllə uşaqlarını oradan alıb gətirdiyi «xoruzlu konfet»ə və «taxta qalet»ə qonaq edirdi. Bazar günləri isə o bizə «konsert» verirdi. «Konsert» Mustafa əminin evinin ikinci mərtəbəsinin eyvanında olurdu. Əziz dayı iri bir patefonu stolun üstünə qoyar, onun ətrafına çoxlu vallar düzərdi. Sonra vallardakı mahnıları növbə ilə səsləndirər, bizə də əli ilə işarə edərdi ki, qulaq asaq. Artıq bir çoxumuz bu mahnıların sözlərini əzbər bilirdik. Elə mahnılar da vardı ki, Əziz dayı onları dinləyəndə ətrafa fikir vermir, sanki müğənni bu mahnıları təkcə onun üçün oxuyurdu:
Süsən sünbül bitirmişəm,
Mən yarımı itirmişəm,
Ömrü başa yetirmişəm.
Aman Gülgəz, a balam, yarım hanı, a gülüm, yarım hanı?..

Əziz dayı bu mahnıdan sonra eyni tərzdə başqa bir mahnıya da qulaq asardı:
Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.

Düzü, ikinci mahnının mənasını o qədər də başa düşmürdüm. Müğənni bu mahnını başqa cür oxuyurdu. Lakin bilirdim ki, ölkə insanların yaşadığı yerdir. Onu da xatırlayıram ki, bu mahnılar səslənəndə Əziz dayı qarşıdakı «Yel dağı»na tərəf baxar, qəmli gözləri yol çəkərdi. Həmin an Məhəmməd kişinin oğlu İsmayılın dedikləri yadıma düşürdü: «Əziz dayının olduğu yer bizdən o qədər də uzaqda deyil... «Yel dağı»nın arxasındadır... Əziz dayı ailənin yeganə övladı, doğulub boya- başa çatdığı kəndin sayılıb-seçilən cavanlarından olub. Sevdiyi qızla nişanlanıb...»
Elə həmin vaxtlar, uşaq da olsam, Əziz dayının bu mahnılara qulaq asanda kədərli gözləri ilə «Yel dağı»na tərəf baxmasının səbəbini, deyəsən, dərk edirdim: «Aman Gülgəz, a balam, yarım hanı, a gülüm, yarım hanı?..»
Bir də fikirləşirdim ki, görəsən, həmin anlarda Əziz dayının ürəyindən nələr keçir?!.
Əziz dayı həmin mahnıları dinlədikdən sonra üzünü bizə tutub deyərdi:
- Oxuyan Bülbüldür.
Sonra ona maraqla baxdığımızı görüb davam edərdi:
- Onun əsl adı başqadır. Bülbül kimi oxuduğu üçün ona bu adı veriblər.
... İllər keçəcək. Mən muzey işinə aid tədqiqat apararkən Bülbülün ömür-gün yoldaşı və tədqiqatçısı, müğənninin xatirə muzeyinin direktoru Adilə xanımın köməyi və məsləhəti ilə belə yazacağam: «Bülbül 1897-ci il iyunun 27-də Azərbaycanın ən qədim guşələrindən olan Şuşa şəhərində doğulmuşdur. Şuşa Azərbaycanın bir çox görkəmli şair, yazıçı və musiqişünaslarının yurdudur. Bülbül də məhz burada - Azərbaycanın təbii konservatoriyası sayılan Şuşada bir xanəndə kimi yetişməyə başlamışdır. O, qeyri-adi istedada, nadir, güclü səsə malik olmuş, bülbülləri ustalıqla təqlid etmiş, nəfəsini dərmədən uzun müddət oxuya bilmişdir. Elə buna görə də hələ ilk gənclik illərindən ona Bülbül adı verilmiş, bu ad isə müğənninin təxəllüsü kimi bütün dünyada məşhurlaşmışdır... Bülbül 1920-ci ildə Üzeyir Hacıbəylinin «Əsli və Kərəm» operasında Kərəm rolunu ifa etmək üçün Bakıya dəvət olunmuşdur. O, burada ilk dəfə olaraq rus opera truppasının ifasında klassik opera musiqisinə qulaq asmış və klassik musiqinin sirlərini öyrənməyi qərara almışdır. Məhz buna görə də 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. O, 1927-ci ildə konservatoriyanı uğurla bitirdikdən sonra təhsilini davam etdirmək üçün Azərbaycan hökuməti tərəfindən İtaliyanın Milan şəhərinə göndərilmişdir».
Daha sonra yazdıqlarımdan: «Bülbülün xatirə muzeyində tamaşaçılara İtaliyanın «Arte Nostra» jurnalının 1931-ci ildə nəşr olunmuş bir sayı təqdim olunur. Jurnalda Bülbülün fotosu, habelə onun haqqında məşhur vokal müəllimi Raffaele Qraninin «Azərbaycan Bülbülü» məqaləsi verilmişdir. Müəllif yazır: «Bülbül müsəlman aləmindən İtaliyaya gələn ilk vokalçıdır. O, özünəməxsus Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir. Dörd il arxada qalmış, müğənni öz arzu-istəyinə nail olmuşdur. O, italyan oxuma manerasını və tədris metodikasını mükəmməl mənimsəmişdir... Bülbül Avropada əldə etdiyi biliyi öz xalqına çatdırmaq və iki məktəbin sintezini həyata keçirmək üçün Vətənə tələsir. «Bu sintezin parlaq nümunəsi Bülbül özüdür...»
Hələliksə biz kəndimizdə, Mustafa əminin evinin eyvanında Əziz dayının söhbətinin ardına qulaq asırdıq:
- Bülbül böyük sənətkardır. Mən onu dəfələrlə görmüşəm. Lap yaxından. Bizim rayona konsert verməyə gələrdi. Bakıya gedəndə də atam məni mütləq onun konsertinə aparardı. «Koroğlu»ya da baxmışam. Bülbül Koroğlu rolunda çıxış edirdi. O, Qıratın belində səhnəyə çıxanda alqış səsləri zalı titrədirdi. (Sonradan başa düşdüm ki, Əziz dayı dahi Üzeyir bəyin «Koroğlu» operasını nəzərdə tuturmuş. Neçə illər sonra «Koroğlu»ya mən də baxdım. Təəssüf ki, o vaxt artıq Bülbül dünyasını dəyişmişdi).
Bax, beləcə günlərimiz davam edirdi. Məhəmməd kişinin oğlu İsmayıl «Şərqin şəfəqi» və «Stalin yolu» qəzetlərini oxuyur, Əziz dayı şəhərdən bəzi zəruri şeylər alıb gətirir, uşaqları «xoruzlu konfet»ə və «taxta qalet»ə qonaq edir, bazar günləri isə Mustafa əminin evinin ikinci mərtəbəsinin eyvanında bizə «konsert» verir və bu zaman yenə də qəmli gözləri «Yel dağı»na zillənirdi.
Və bir gün də dedilər ki, Əziz dayının «xalq düşməni» damğası üstündən götürülmüş ata-anası uzun axtarışlardan sonra onu bizim kənddə tapıblar və gəliblər aparmağa. Onlar Mustafa əminin evində qonaqdırlar...
Əziz dayının valideynləri bir neçə gün bizim kənddə qalmalı oldular. Kəndimizin adətinə görə, ayrı-ayrı adamlar onları qonaqpərvərliklə öz evlərinə dəvət edir, xüsusi qayğı və ehtiram göstərirdilər.
Onları bir neçə dəfə mən də yaxından gördüm. Qohum-qonşunun dediyi kimi, «boy-buxunlu» idilər. Səliqəli geyinmişdilər. Çox astadan danışırdılar. Mənə elə gəlirdi ki, onların gözlərində qəm-kədər qarışıq böyük bir sevinc var. Axı, uzun illər əzab-əziyyət çəkmiş bu adamlar neçə ildən sonra yeganə övladlarını sağ-salamat tapmışdılar.
Nəhayət, ayrılıq zamanı gəldi. Bu dəfə Əziz dayı bizdən, neçə il yaşadığı kəndimizdən, hörmətini qazandığı kənd camaatından, bir də «xoruzlu konfet»ə və «taxta qalet»ə qonaq etdiyi, «konsert» verdiyi uşaqlardan ayrılırdı. Yəqin ki, həmişəlik.
Həmin gün Mustafa əminin evində bir qələbəlik vardı. Elə həmin eyvanda bir neçə masa birləşdirilmiş, ətrafına stullar düzülmüş, masaların üstünə yemək-içmək qoyulmuşdu. Məclisin baş tərəfində Əziz dayının ata-anası, ortada özü əyləşmişdi. Əziz dayı tünd rəngli pencək, ağ köynək geyinmiş, saçlarını səliqə ilə arxaya daramışdı (Mən Əziz dayının indi geyindiyi bu paltarı onun yaşadığı qaradamda görmüşdüm. Qaradamın ortasındakı dirəkdən asılmış, üstünə İsmayılın oxuduqdan sonra Əziz dayıya bağışladığı «Şərqin şəfəqi» qəzeti salınmışdı). Oturuşundan, baxışından çox bəxtəvər görünürdü. O da valideynləri kimi «boylu-buxunlu» idi. İlahi, bu adam doğrudanmı Əziz dayı idi?
Məclisə toplaşanlar yeyib-içir, tez-tez üzlərini Əziz dayıya, onun ata-anasına tutub xoş sözlər deyirdilər. Əziz dayının patefonu pəncərənin qabağına qoyulmuşdu. Pəncərə açıq idi. Mən otaqda ayaq üstə durub pəncərədən məclisi seyr edirdim. Əziz dayı arada qalxır, patefonu işə salırdı. Yenə Bülbül oxuyurdu:
Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin...

Hər dəfə Bülbülün ifasında səslənən hər hansı mahnı başa çatdıqdan sonra Əziz dayının atası asta-asta danışır, məclisdəkilər ona diqqətlə qulaq asırdılar. Onun söhbətini aydın eşitməsəm də, tez-tez «Bülbül» dediyini yaxşı xatırlayıram. Yəqin ki, o da Bülbül haqqında danışırdı.
Nəhayət, məclis yekunlaşdı. Məclisdəkilərin əksəriyyəti Əziz dayı ilə, onun ata-anası ilə mehribanlıqla görüşüb dağılışdılar. Əziz dayının gözləri dolmuşdu...
Axşama yaxın qonaqların yola düşməsi ərəfəsində o, qonşularla, sonra uşaqlarla görüşdü. Bizi sonuncu dəfə «xoruzlu konfet»ə və «taxta qalet»ə qonaq etdi. Evindən heç nə götürmədi, qaradamın açarını Mustafa əminin evinin dirəyindən asdı. «Kiməsə lazım olar» - dedi.
Sonra üzünü bizə - uşaqlara tutdu:
- Patefon da, vallar da həmişəki kimi, elə bu eyvanda qalsın. Boş vaxtlarınız olanda gəlib qulaq asarsınız.
Əziz dayı özü ilə heç nə aparmırdı. Əlində tutduğu valdan başqa. Bülbülün mahnıları yazılmış val.
Kolxoz sədri Hüseynalı dayının yaşıl rəngli «Pobeda»sı Əziz dayını və valideynlərini dəmiryolu stansiyasına apardı. Yaxın qonşular da onları yola salmaq üçün yük maşınında stansiyaya getdilər. Stansiyadan qayıdandan sonra Məhəmməd kişinin oğlu İsmayıl danışırdı ki, Əziz dayı qatara minəndə göz yaşlarını saxlaya bilmədi...
... Günlərimiz yenə davam edirdi. Biz boş vaxtlarımızda «Damların yanı» deyilən yerdə futbol oynayır, İsmayıl mal tövləsinin üstündə oturub «Şərqin şəfəqi» və «Stalin yolu» qəzetlərini oxuyurdu. Təkcə şəhərdən bəzi zəruri şeylər alıb gətirən, uşaqları «xoruzlu konfet»ə və «taxta qalet»ə qonaq edən, bazar günləri Mustafa əminin evinin ikinci mərtəbəsinin eyvanında bizə «konsert» verən və bu zaman qəmli gözləri «Yel dağı»na zillənən Əziz dayı yox idi.
İsmayıl deyirdi ki, Əziz dayı da, ata-anası da hazırda «Yel dağı»na yaxın yerdə yox, oradan xeyli uzaqda yaşayırlar. Mən də fikirləşirdim ki, indi Bülbül oxuyanda Əziz dayının qəmli gözləri görəsən hansı tərəfə yönəlir? Axı, Əziz dayı kəndimizdən gedəndə özü ilə yalnız bir şey aparmışdı: Bülbülün mahnıları toplanmış valı.
İsmayıl onu da deyirdi ki, Əziz dayıdan tez-tez məktub alır. O, hər şeyin yaxşı olduğunu yazır. İşindən, iş yoldaşlarından çox razıdır. Ancaq bizim kəndimiz üçün darıxdığını da gizlətmir. Yazır ki, mütləq vaxt tapıb kəndimizə gələcək.
...İllər ötürdü. Dəqiq yadımda deyil. Bilmirəm, ikinci, yoxsa üçüncü sinifdə oxuyurduq. Dərs ili təzə başlamışdı. Bir gün rəhmətlik Lətifə müəllimə «Ana dili» dərsində yeni dərsi izah edirdi. O dedi ki, bu gün Cəfər Cabbarlının «Ölkəm» şeirini keçəcəyik. Müəlliməmiz sonra dedi ki, böyük sənətkarımız Cəfər Cabbarlı çoxlu sayda əsərlər - şeirlər, hekayələr, habelə səhnə əsərləri, yəni teatrda oynanılmaq üçün əsərlər yazmışdır.
Daha sonra şeiri oxudu, bəzi sözləri izah elədi. Və şeiri əzbərləməyi tapşırdı.
Mən əlimi qaldırıb:
- Mən bu şeiri əzbər bilirəm, - dedim.
Müəllimə təəccüblə üzümə baxıb:
- Onda, söylə, - dedi.
Mən də şeiri əzbərdən dedim. Müəllimə yenə də təəccüblə üzümə baxıb:
- Sənə beş yazıram, - dedi.
Həmin gün məktəbdən evə həm sevinə-sevinə, həm də hay-küylə gəldim. Doqqazdan həyətə daxil olan kimi qışqırdım:
- Biz bu gün Cəfər Cabbarlının «Ölkəm» şeirini keçdik. Mən bu şeiri əzbər dedim və beş aldım. Əziz dayının patefonunda Bülbülə qulaq asa-asa əzbərləmişdim.
Sonra əlavə etdim:
- Mən Bülbülün oxuduğu başqa mahnıların sözlərini də əzbərdən bilirəm.
Buna görə valideynlərimdən də xoş sözlər eşitdim.
Bax, beləcə, neçə illər keçdi. Mən də, mənim yaşıdlarım da orta məktəbi bitirdik və ali təhsil almaq üçün İsmayılın dediyi «Yel dağı»nın arxasından başlanan yerə, yəni Azərbaycana, onun paytaxtı Bakı şəhərinə gəldik (İsmayıl bizdən bir neçə il əvvəl orta məktəbi bitirmişdi və həmin ildən də Bakıda oxuyurdu).
...Universitetdə (o vaxtlar cəmisi bir universitet vardı) filologiya fakültəsində oxuyurdum. Artıq Bülbül dünyasını dəyişmişdi. Hər ayın 26-da saat 8-10-da radioda onun lent yazıları səsləndirilirdi. Mən də, tələbə dostlarım da həvəslə ona qulaq asırdıq. Və hər dəfə də onu dinləyəndə mənim yadıma Əziz dayı düşürdü:
Süsən sünbül bitirmişəm,
Mən yarımı itirmişəm...
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin...
Universitetin ikinci kursunda Lətif müəllim bizə Azərbaycan tarixindən mühazirələr oxuyurdu. Cəmisi bir semestr. Onu da deyim ki, «Yel dağı»nın əks tərəfindəki yerdə, Gürcüstanda olan məktəblərdə «Azərbaycan tarixi» tədris olunmurdu. Ona görə də indi universitetdə keçilən bu dərs mənim üçün çox maraqlı idi.
Təsəvvür edin, mən ilk dəfə olaraq mənsub olduğum xalqın, Azərbaycan xalqının tarixini öyrənirdim. Özü də obyektiv şəkildə, məhz Lətif müəllimin dilindən.
Mən tariximizə aid çox şeylər öyrəndim. Lətif müəllimin hərdən mühazirənin mövzusundan kənara çıxıb ara-sıra dediklərindən bildim ki, 1918-1920-ci illər arasında Azərbaycanın müstəqil dövləti olub. Və bu müstəqil dövlət «Azərbaycan Xalq Cümhuriyyəti» adlanıb. Cəmisi iyirmi üç ay yaşayıb. 1920-ci ilin aprel ayında Sovet Rusiyası tərəfindən devrilib və Cümhuriyyəti yaradanlar pərən-pərən salınıb. Özlərini də, övladlarını da «xalq düşməni» adlandırıb həbs ediblər, qətlə yetiriblər, ən yaxşı halda sürgünə göndəriblər. Həm də bu «tədbirlər» uzun illər davam edib.
Onu da öyrəndim ki, müstəqil dövlətimizin rəsmi orqanı - «Azərbaycan» adlı qəzeti nəşr olunurmuş.
Təbii ki, bütün bunlar heç yerdə yazılmadığına, həm də ilk dəfə eşitdiyimə görə məni heyrətləndirmiş, İsmayılın Əziz dayı haqqında dediklərini yenidən yadıma salmışdı: «Əziz dayının ata və anasını «xalq düşməni» adı ilə sürgünə göndəriblər. Yaşadıqları evi isə kolxozun anbarına çeviriblər».
Başqa bir heyrətim yenə Əziz dayı ilə bağlıdır: Bizim tələbəlik illərimizdə böyük dramaturq Cəfər Cabbarlının üç cilddə «Seçilmiş əsərləri» nəşr edilmişdi. Bu cildləri bütün tələbə dostlarım kimi, mən də aldım. Cəfər Cabbarlı dördüncü kursda tədris olunurdu. Ona görə də hələlik dərs planına uyğun olaraq başqa yazıçıları oxuyurdum. Arada Cəfər Cabbarlının cildlərini vərəqləyir, yazıçının əvvəllər oxumadığım şeir və hekayələrini mütaliə edirdim. Və bir gün yenidən «Ölkəm» şeiri ilə rastlaşdım. Onsuz da bu şeiri əzbərdən bilirdim. Ona görə də şeiri yox, kitabın sonunda, «İzahlar» bölməsində bu şeir haqqında verilmiş məlumatı oxudum və heyrətləndim. Orada yazılmışdı ki, «Ölkəm» şeiri ilk dəfə 1919-cu ildə «Azərbaycan» qəzetində «Sevimli ölkəm» adı ilə dərc edilib...
Mən artıq bilirdim ki, «Azərbaycan» qəzeti müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olub. Deməli, Bülbülün oxuduğu mahnıda tərənnüm olunan ölkə - «dağlarında buzları», tarlaları, düzləri, ceyran gözlü qızları» olan ölkə müstəqil Azərbaycan olmuşdur. Axı, buna necə heyrətlənməyəsən?!.
Yenə «Ölkəm» oxunarkən qəmli gözləri ilə «Yel dağı»na tərəf baxan Əziz dayı düşdü yadıma...
Elə həmin vaxtlar bu məsələ ilə bağlı bəzi məsələləri də öyrəndim. Öyrəndim ki, «Ölkəm» romans janrında bəstələnib. Bu romansı 1928-ci ildə 19 yaşlı bəstəkar Asəf Zeynallı ərsəyə gətirib. Romans 1931-ci ilədək öz ifaçısını tapmayıb. Nəhayət, həmin il İtaliyada təhsilini tamamlayıb Bakıya qayıdan Bülbül bu romansın ilk və əvəzsiz ifaçısı olub...
Onu da öyrəndim ki, «Ölkəm» ilk dəfə «Azərbaycan» qəzetində «Sevimli ölkəm» adı ilə dərc ediləndə altı bənddən ibarət imiş. Romans yazılarkən cəmi iki bənddən istifadə olunub. Axı, 1920-ci və 1930-cu illərdə (biz universitetdə təhsil aldığımız 1960-cı illərdə də) bu misraları dilə gətirmək olmazdı:
İpəyindən qızlar çadra geyərlər,
Ölkələrin azad görmək dilərlər,
Bu yerləri bütün ellər sevərlər,
Yalnız bizdə gözləri var ölkəmin.
Asəf Zeynallı 1932-ci ildə, Cəfər Cabbarlı isə 1934-cü ildə dünyalarını dəyişiblər. Bülbül bu romansı 1961-ci ildə dünyasını dəyişənədək oxuyub. Konsert salonlarında, radio və televiziyada. Uzaq-yaxın ellərdə tanıdıb, sevdirib Azərbaycanı. «Ölkəm»lə dünyalarını vaxtsız dəyişmiş Asəf Zeynallının, Cəfər Cabbarlının xatirəsinə heykəl ucaldıb.
«Ölkəm» Bülbülün ifasında lent yazılarında, vallarda qalıb, disklərə köçürülüb. Kiçik bir parça videogörüntüdə əbədiləşib. Nə gözəl!
...Böyük Səməd Vurğunun bu misrasını tez-tez xatırlayıram: «İllər gəlib keçdi, ömürdən illər...» Ömürdən keçən illər ərzində biz də çox şey gördük. Yaxşı da, yaman da. Təbii ki, xalqımızın ən böyük uğuru 1991-ci ilin 18 oktyabrında Azərbaycanın müstəqilliyini bərpa etməsi oldu. Və biz o günü gördük. Universitetdə Lətif müəllimin dediyi müstəqil dövlətimiz - Azərbaycan Xalq Cümhuriyyəti həmin gün rəsmi qaydada bərpa olundu.
İndi hər il oktyabr ayının 18-i Müstəqillik Günü kimi bayram edilir. Heydər Əliyev Sarayında keçirilən tədbir, adətən, Bülbülün ifasında «Ölkəm» romansının səsləndirilməsi ilə başlanır. Yenə Bülbül oxuyur:
Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin...

Bülbülün ürəkləri riqqətə gətirən, qəlbləri oxşayan səsinin müşayiəti ilə müstəqil ölkəmizin müxtəlif guşələri - Mili, Muğanı, Şirvanı, Qarabağı, «şiş ucları buludlarla döyüşən» dağları, sərin yaylaqları, yaşıl meşələri, buz bulaqları, şırıltı ilə axan çayları, şəhərləri, kəndləri, coşqun dalğalı Xəzəri, qədim tarix və mədəniyyət abidələri, böyük şəxsiyyətləri ... görüntülənir.
Bu zaman hər birimiz bir daha sevinirik, fərəhlənirik.
Bilmirəm, Əziz dayı indi haradadır. Bütün bunları görürmü?
Bunu bilməsəm də inanıram ki, bu gün Əziz dayı da sevinir, fərəhlənir...
İllər keçəcək... Hər il Azərbaycanda oktyabr ayının 18-i Müstəqillik Günü kimi bayram ediləcək. Hər dəfə Cəfər Cabbarlı və Asəf Zeynallının yaratdığı «Ölkəm» romansı Bülbülün ifasında səsləndiriləcək.
Bizdən sonra gələn nəsillər də bundan sevinəcək, fərəhlənəcək...

Adilxan Bayramov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar