Bu sənətkar qəlbindəkilərinin çoxusunu heykəlləşdirdi, öz qəlbindən savayı...

Qəlbindəkilərdən biri də “Azad qadın” abidəsiymiş. Müasirləri arasında bu heykəli “onun sirri” kimi “stilizə” edənlər də varmış. Çoxusu hüsn-rəğbət çalarında olan bu “demaqogiya”nı bu şəkildə də ifadə etmək olar; aşkari-həyatda dörd kərə ailə qurub heç birindən murazınca yarımamış bu təşnə tişəçi, həmin heykəllə formaca “azad sovet Azərbaycanı qadını”, məzmunca - öz müqəyyəd “sevgili canan”ını yaratmışdır...

Ümumiyyətlə, “Fuad Əbdürrəhmanov qəribəlikləri” az deyilmiş. Deyirlər, bu adamda özünəməxsus “sənət öncəgörənliyi” də varmış. Məsələn, o, sonralar əfsanəvi fırça ustası kimi dillərə düşəsi Səttar Bəhlulzadəyə hələ lap “komsomol”luğundan dahi kimi baxırmış. Hətta Səttar 35 yaşına keçər-keçməz, bir çox qocamanlara nisbətdə “heç kim” olan bu “uşağın” obrazını yaratmaq qərarına gəlir. Bu, böyük Bəhlulzadənin, həmkarları tərəfindən yaradılmış ilk portret-obrazı idi.
...Və Azərbaycan heykəltəraşlıq sənətinin görkəmli nümayəndəsi, milli heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olmuş Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Fuad Həsən oğlu Əbdürrəhmanova dair yığcam bir -

Söz portreti

1915-ci il mayın 11-də təbiətin təbii abidə görkəmində yaratdığı Şəki şəhərində doğulub. On dörd yaşında Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olub, 1935-39-cu illərdə İ.Y.Repin adına Leninqrad (Sankt-Peterburq) Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. Qeyri-adi istedadına, elə ilk gəncliyindən ətrafa yayılan şan-şöhrəti, yaradıcı məhsuldarlığı onu müharibə “bron”ları cərgəsinə salıb. 1942-1948-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib.
Yaradıcılığa portret janrı ilə başlayan, fırça və tişəsini “olmayan”lardan çox, olmuş-olanlara həsr etmək istəyilə yaşayıb-yaradan bu sənətkar 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərindən Ə.Haqverdiyev, M.F.Axundov, Ü.Hacıbəyov, A.Zeynallı və başqalarının büst-heykəllərini yaradıb. Tişəsini bədii obrazlarda da sınayan gənc 19 yaşında ikən “Atıcı”, “Gənc aşıq” əsərlərinə imza atıb. O, ilk monumental işi olan Füzulinin (Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) heykəlini də həmin yaşda yaradıb. Müharibə dövründə daha məhsuldar işləyib. Sovet İttifaqı Qəhrəmanları G.Əsədov, İ.Məmmədov, Q.Məmmədov və başqalarının portretlərində, tarixi qəhrəmanlarımızdan olan Cavanşir, Babək və Koroğlunun barelyeflərində xalqımızı faşizmə nifrət və qələbə ruhu üstə kökləməyə çalışıb.
Fuad Əbdürrəhmanovun mahir portret ustası kimi tanınması mübahisəsiz qənaətdir. Söhbət həmin portretlərdə onu həmkarlarının çoxundan fərqləndirən orijinal sənətkarlıq keyfiyyətlərində, bizim baxdıqlarımızın bizə baxışlarındakı sənət dinamikalı “dialoq”lardadır. Bunların təsdiqi üçün onun yaratdığı “Səttar Bəhlulzadə”, “Ramiz Mustafayev”, “Həzi Aslanov”, “Bəsti Bağırova”, “Səməd Vurğun” və daha bir neçə portretə baxmaq kifayət edər.
Fuad Əbdürrəhmanovun yaradıcılıq arsenalında “portret” məsələsini bu qədər və ya bundan bir az çox bəhslə həll edib qurtarmaq mümkün. Bu hədsiz məhsuldar və xeyli universal sənətkarın heykəltəraşlıq irsi isə yazdıqca yazılası bir mövzu. Xüsusən də onun monumental heykəltəraşlıq aləmi! O vaxtdan bu günə bütün mütəxəssislər bu sənətkarın Nizaminin Gəncə şəhərində və paytaxtımızda ucalan abidələrini, S.Vurğunun Bakıdakı poetik abidəsini və bir çox digər əsərlərini milli monumental heykəltəraşlığımızın təkrarsız nümunələrindən hesab edirlər. Onun 1950-1960-cı illərdə yaratdığı “Çoban”, “Azərbaycanlı qadın”, “Azad qadın” və s. əsərləri də büsbütün milli xüsusiyyətlərlə zəngindir.
Geniş yaradıcılıq diapazonuna malik olan Fuad Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran bütöv bir heykəllər qalereyası yaratmışdır.
Monqolustanın görkəmli dövlət xadimi Suxe-Batorun, Düşənbədə Rudəkinin (SSRİ Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülmüş), Buxarada İbn Sinanın abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova SSRİ, habelə müəyyən areallı dünya şöhrəti qazandırmışdı. Ömrünün son illərində də məhsuldar işləyən Fuad Əbdürrəhmanov bir sıra maraqlı abidələrlə yanaşı, paytaxtımızda əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini də yaratmışdır.
Rəsmi mükafatları sarıdan iki dəfə “Şərəf nişanı” ordeni ilə təltif edilmiş Fuad Əbdürrəhmanov xəlqi şan-şöhrətcə Azərbaycanın ən sayılıb-seçilən sənətkarları sırasındadır. Azərbaycan incəsənət tarixindən, xüsusən, monumental heykəltəraşlıq sənətindən söhbət düşəndə bu isim ilk səslənənlərin ilkidir. Onun adı tək elə gözəl portretlər, neçə-neçə cazibəli barelyef-qorelyef, monumental heykəllər imzalığında deyil, həm də iki-üç nəslə aid gənclərə sənətin ən gözəl özəlliklərini müəllim kimi tədris edən pedaqoq, onlara himayədar atalıq, pasiban qardaşlıq edən bir milli qayğıkeş kimi də çəkilir.
Bir qədər də -

Həyat “eskiz”lərindən...

...Yazının əvvəlində toxunduğum mətləb; “Azad qadın” heykəlinin çöl “üzü” və iç sözü. Tədqiqatçılarından bəziləri iddia edir ki, müəllif bu əsərdə C.Cabbarlının “Sevil”indən bəhrələnib. Amma, deyirlər, müəllifin müasirlərinin sehrli söhbətlərində bədii Sevildən çox, tanımadıqları real Sevildən bəhs edilirmiş.
Deyirlər, Fuad bu abidənin yeri üçün uzun aylar fikirləşib. Günlərlə küçəbəküçə, məhəlləbəməhəllə düşüb məkan manşırlayırmış. Lap axırda indiki yeri (metronun “Nizami” stansiyasının qarşısı) nişanlayır. Ürəyində deyir, bu xanım öz duruşu, çadra vuruşu və baxış-əzəmətilə bütün ətrafa hakim olacaq! Elə, heykəlin arxasındakı məlum bina tikilənədək belə idi...
...Dörd dəfə ailə qurmuş (və iki qızı olmuş), yazılarında da ailə, qadın sarıdan bəxti gətirmədiyini etiraf edən bu sənətkar əsərlərini ən ideal ailəsi hesab edib. Başqaları isə hesab edirlərmiş ki, “Azad qadın” heykəli Fuad Əbdürrəhmanovun arzuladığı, lakin heç vaxt qovuşa bilmədiyi xəyali ailə-qadın obrazıdır...
Böyük şairimiz Məmməd Araz isə belə hesab edirdi:

Nəfəs dərib, külüngünü çaldı yerə;
Səda kimi daşdan-daşa keçib getdi.
Fuad həyat gətirmişdi heykəllərə,
Fuad heykəl həyatına köçüb getdi.

1971-ci ildə - əlli altı yaşında köçüb getdi...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar