Cılız siyasi zəlilzadələr əlində qalmış böyük elm-irfanzadə - Bəkir Çobanzadə...

Cəmisi qırx beş il yaşamış bu fenomenal dil-ədəbiyyat-mətnşünas, nəzəri və əməli Türk-Turançı, gözəl şair ömrünün qırx dördünədək həyat mərtəbələrində nə qədər böyüyüb-ucalmışdısa, sonuncusunda salındığı siyasət zirzəmilərində bir o qədər kiçildilib-yenildilmişdi...

Çoxları kimi, onun da məhkəməsi çox qısa çəkib; cəmi-cümlətanı 20 dəqiqə. Bunun səbəbi haqda “arqument”lər isə heç iyirmi saniyə də çəkməz; dəlil-sübut üçün bir tutarğa, iddia-ittihamlıq bir söz, danışıb abırlarını örtəsi bir “bez” varmışmı ki?!.
Amma o qeyri-adi “əmiri istedadlar” bu qeyri-adi fitri istedada cild-cild “etiraf”lar etdirməyi bacarıblar!..
...O “mütəqəlqəl” dövrdə onun gördüyü işləri - milli görəvlər naminə gəzib-dolaşdığı neçə-neçə türk ünvan-ocaqlarını, tədqiq etdiyi qədərsiz mənbə-məxəzləri, yazdığı saysız monoqrafiya, dərslik və məqalələri bu müstəqil dövrümüzdə təsəvvür və təhlil etməyin özü belə çətin!..

Baxaq;

1893-cü il mayın 15-də Krımda (Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində) dünyaya göz açan, 1920-ci ildə (27 yaşında) filologiya elmləri doktoru olan, iki il sonra professor adına layiq görülən bu fenomen “Bakinski raboçi” qəzetindəki məqaləsində əsil-nəsilcə çoban oğlu olduğunu və 14 yaşınadək çobanlıq etdiyini göstərmişdi. Milliyyətcə Krım tatarı və çox cəsur, qorxmaz, qoçaq bir kişi olan, el arasında “Qurd Vahab” deyilən çoban Vahab Tanrının ona bolluca istedadla pay verdiyi bir oğul və bir qızının əsarətində olduqları “volk”lara növbəti yem olmaması arzusunda imiş. Lakin bütün arzuları “ac qurd”tək gəmirən kasıblıq!..
Bəkirin məktəb, təhsil zülümlərilə bağlı xatirələrin birində deyilir ki, imtahan vaxtı növbə Bəkirə çatanda müəllimi - şair Həsən Səbri onu yazı lövhəsinə çıxmağa çağırır. Amma bu heyrətamiz fəhmli uşaq əynindəki yamaqlı geyimlərindən yana yerindən tərpənmir. Bunu hiss edən müəllim ona yaxınlaşır. Bəkir də, bunu gözləyirmiş kimi, oturduğu yerdən səslənir: “Müəllim, nə istəyirsiniz soruşa bilərsiniz!”
Həsən Səbri də, gülümsünərək, ona yaşından böyük suallar verir, sonda təəccübdən quruyub qalır və həmkarını - böyük Qaspıralını çağırtdırıb deyir: “İsmayıl bəy, sən Allah, gəl bu uşağı dindir və sən də mənim kimi dəryaya gir!..”
Uşaqdan ad-soyadını soruşurlar. “Bəkir...” deyib, duruxur. Soyadı yox imiş, axı. Sinif yoldaşları onun qurdürəkli bir çobanın oğlu olduğunu söyləyir, müəllimləri isə onun soyadını “Çobanzadə” yazırlar. Və bununla da, dövrün sayılıb-seçilən maarifçiləri bu fövri soyadlama ilə balaca bir çoban oğluna böyük elm, sənət, idrak, zəka dünyası üçün “vizit” vermiş olurlar.
O balaca Bəkirin özü isə, böyüyüb-böyüyüb, yaradıcı-qurucu bir -

Tufan oldu!..

Bu xeyirxah tufanın yaradıcı-qurucu qasırğalarının bir çox Türk ellərini davamlı şəkildə oyatdığı tez bəlli oldu, onun söndürülüb-yatırıldığı yer isə...
Hələ yeniyetməliyinədək qeyri-adi zəkası, qocafəndi mühakimələrilə ətrafını heyrətləndirən, on dörd yaşında ikən daha yüksək təhsil və karyera üçün Krımdan İstanbula göndərilən və sonralar “öz milli maraq göndərişlərilə” dövrün “tısbağasürət” nəqliyyat vasitələrilə dünyanı fır-fır fırlanan bu adam, məhz bircə kərə vaxt ayırdığı istirahət zamanı həbs edilir...
Bu böyük Türk oğlu, dünya adamı ana yurdunda vur-tut ibtidai təhsil illəri qədər yaşayıb. Qeyri-adi zəkası, qabiliyyəti, yaşından böyük, başından aşırı fikir-düşüncəsi onu nəinki cəlayi-vətən, hətta səyyari-Turan edib. Nəinki Türk dünyasında, habelə “Allah-Əkbər”in bitdiyi ərazilərdə də gəzmədiyi yer, işləmədiyi ünvan, fəhm-fərasətinə heyran qoymadığı kollektiv qalmayıb. On dörd yaşından göndərildiyi Türkiyədə ərəb və fars dillərini də mükəmməl öyrənib. Orada olarkən (və hələ özü tam gənc deyilkən!) “Müstəqil tatar Krımı” ideyalarına necə sarılırsa, “Krım-tatar tələbə cəmiyyəti”nin təşəbbüs-təsisçilərindən, daha sonra rəhbərlərindən olur. İyirmi yaşından sonra səsi Budapeşt Universitetindən gəlir; o burada türk, ərəb və macar filologiyası ilə tanış olur, durmadan çalışır və iki ildən sonra həmin sahələr üzrə filologiya elmləri doktoru adını alır. İyirmi altı yaşında ikən Budapeştdə türk dilində çıxan “Şərq” qəzetinin redaktoru olan B.Çobanzadə “Krım”, “Göy kitab” və s. məcmuələrdə şeirlərini çap etdirməklə yanaşı, Türkiyə, Krım, Orta Asiya və Rusiyanın dövri mətbuatında çox qüvvətli, analitik ictimai-siyasi yazılar, elmi məqalələrlə də çıxış edir. Özü də maraqlı imzalarla: “Çoban oğlu”, “Bəkir Baybək”, “Bəkir Cavbək”, “Bəkir Yaybək” və s.

Yenə Vətən...

Amma yenə müvəqqəti...
Hər halda, Vətən!..
Amma önlüyündə “sovet”, “bolşevik” və guya həm də sosiallıq - sosializm!
Və hələ otuz yaşı tamam olmamış bir dahi! Çoxları kimi, bütün düşüncə və canı-qanı ilə milli olan Bəkir də - qarşısındakı dəmir-divar quruluşu görüb, millətinin elitar genefond perspektivi naminə, manevr “val”ını dəyişir, ədəbi və elmi işlərini göyərtməkçün qırmızılarla boğazdanyuxarı iş birliyinə qol qoymalı olur. 1920-22-ci illərdə onu Krım inqilabi komitəsinin rəisliyinə layiq bilirlər, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olur və ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışır. Krım Universitetində Şərq fakültəsinin professoru kimi Krım-tatar dili və ədəbiyyatından mühazirələr oxuyur, universitetin rektoru olur, Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyətini davam etdirir.
Hələ gənc ikən ad-sanı bütün sovetlər ittifaqını dolaşan bu görkəmli alim və ədibin sorağı, əlbəttə, Azərbaycana daha tez çatmalı idi. Azərbaycana dəvət olunan B.Çobanzadə burada yeni əlifba komitəsinin sədri təyin edilir. Daha sonra Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparan alim eyni zamanda Tavrida, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxuyur. Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlayır, 1926-cı ildə Bakıda I türkologiya qurultayının təşkilində fəal çalışır.
Bütün ömrünü “birnəfəsə” yaşamış bu fenomen haqda növbəti faktları da elə həmin templə verək: Moskvada təlimatçı kurslarında mühazirələr, Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan, Moskva Şərq Xalqları İnstitutunun həqiqi üzvü, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri, SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü, Paris Dilçilik Cəmiyyətinin üzvü...
Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olmuş B.Çobanzadə bir sıra monoqrafik əsərlərlə yanaşı, “Türk dilinin metodikası”, “Elmi qramerin əsasları” kitablarının tərtibçisidir. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunmuş, ilk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılmışdır.
Çox genişsahəli, fantastik dərəcədə məhsuldar olan bu böyük yolun qarşısı 1937-ci il yanvarın 28-də alınır. Həmin gün Kislovodskda xanımı ilə dincələn professor həbs edilir, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. 1938-ci il oktyabrın 12-də, 20 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir. Oktyabrın 13-də hökm icra olunur.
Bu böyük İnsanın müsəlmani dəfn-kəfni bir yana, heç dəfn yeri də məlum deyil.

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar