Azərbaycan

28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə həmin vaxt Batumda Osmanlı heyəti ilə müstəqilliyimizin dəstəklənməsi ilə bağlı danışıqlar aparırdı. Şuranın iclasına Əhməd bəy Ağayev sədrlik etmişdi. İclasda «İstiqlal Bəyannaməsi» qəbul edilib, Fətəli xan Xoyskinin başçılığı ilə ilk milli hökumət qurulub. Milli hökumət iyunun 16-dək Tiflisdə fəaliyyət göstərdi, sonra Gəncəyə, sentyabrın 17-də isə Bakıya köçdü.
28 may 1927 - Xalq artisti, tanınmış kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (1927 - 8.9.2015) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Yüksək ifaçılıq sənəti ilə yanaşı, 10-dan çox mahnının müəllifidir. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib. “Şöhrət" və “İstiqlal” ordenlərinə layiq görülüb.
28 may 1947 - Görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. "Vətən haqqında nəğmələr" oratoriyası, “İntizar”, “Sənin adın dənizdir” operaları, "Üç akvarel" vokal silsiləsi, "Boş beşik" baleti və s. əsərlərin müəllifidir. 2007-ci ildən Azərbaycan Bəstəkar İttifaqının sədridir.
28 may 1955 - Filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazım oğlu İmanov anadan olub. AMEA-nın Folklor İnstitutunun direktorudur.

29 may 1946 - Aktyor, rəssam Elçin Məmmədov (1946-18.2.2001) anadan olub. “Yeddi oğul istərəm” (Mirpaşa), “Dədə Qorqud” (Qaraca çoban), “Dantenin yubileyi” (Səyavuş) və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında bir çox tamaşalara səhnə tərtibatı verib.

30 may 1862 - Böyük satirik şair Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti Sabirin yaradıcılığının ən məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri «Hophopnamə» (1912) adlı topluda nəşr olunub.
30 may 1929 - Xalq artisti, baletmeyster Maqsud Davud oğlu Məmmədov Gəncədə anadan olub. İlk azərbaycanlı balet artistidir. Həyat yoldaşı, Xalq artisti Rəfiqə Axundova ilə birgə baletlərə, “Dədə Qorqud”, “Qərib cinlər diyarında” filmlərində rəqslərə quruluş verib.
30 may 1930 - Şair, publisist Fikrət Abbas oğlu Sadıq Şamaxı şəhərində doğulub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli filmlərin ssenarilərinin müəllifidir. Kitabları: “İşığın yaşı”, “Göydə nə var”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.
30 may 1954 - Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. 1976-cı ildən çalışdığı Milli Dram Teatrının səhnəsində yaddaqalan rollar oynayıb. “Tütək səsi” (Tutu), “Tənha narın nağılı” (Mədinə), “Gümüşgöl əfsanəsi” (Səidə) və s. filmlərdə çəkilib.
30 may 1967 - Aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910 - 1967) vəfat edib. “Arşın mal alan” (1945), “Fətəli xan”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Kölgələr sürünür” filminə quruluş (Şüa Şeyxovla birgə) verib.

31 may 1898 - Tanınmış xanəndə, respublikanın Əməkdar artisti Zülfü Səməd oğlu Adıgözəlov (1898-1963) Şuşanın Qaradolaq kəndində anadan olub.
31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova (1922 - 12.5.2005) Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.
31 may 1929 - Tanınmış bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov anadan olub. "Əlibaba və 40 quldur" (balet), "Azərbaycan gəncləri"( oda), uşaqlar üçün çoxsaylı musiqi əsərlərin, 300-dən çox mahnının müəllifidir.

Dünya

28 may 1779 - İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.
28 may 1934 - Məşhur gürcü aktrisası Liya Eliava (1934-1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib.

29 may 1489 - Türk memarlıq tarixinin ən məşhur simalarından olan memar Sinan (Sinanəddin Yusif-Əbdülmannan oğlu Sinan; 1489-1588) Kayseridə doğulub. İstanbulda Süleymaniyə camisi, Ədirnədə Səlimiyə camisi, körpülər və s. tikililərin müəllifidir.
29 may 1874 - İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton: 1874-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Dünyaya nə olub?”, “Şar və xaç”, “Uçan meyxana” və s.
29 may 1953 - Tanınmış aktyor, Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953 - 3.1.2008) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Sevdiklərinizdən ayrılmayın”, “Ən məftunedici və cazibədar”, “Məhbəs romansı”, “Günah. Ehtirasın tarixi” və s.

30 may 1937 - Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. L.Qaydayın komediyalarında («Qafqaz əsiri», «I əməliyyatı») Şurik rolu ilə şöhrət qazanıb. Digər filmləri: “İvan Vasilyeviç peşəsini dəyişir”, “Dima Qorinin karyerası” və s.

31 may “Tütünsüz dünya günü” kimi qeyd olunur (“World No Tobacco Day”). 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
31 may 1809 - Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn; 31.3.1732 - 1809) vəfat edib. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
31 may 1887 - Fransız şairi, Nobel mükafatı (1960) laureatı Sen-Jon Pers (Saint-John Perse, 1887-1975) anadan olub.
31 may 1899 - Rus yazıçısı Leonid Leonov (1899-1994) anadan olub. Əsərləri: “Porsuqlar”, “Rus meşəsi” (romanlar); “Canavar”, “Çovğun”, “Adi adam” (pyeslər) və s.
31 may 1930 - Amerika aktyoru və rejissoru Klint İstvud (Clinton Elias Eastwood) anadan olub. Quruluş verdiyi “Çağırılmamış”, “Milyon dollarlıq balaca” filmlərinə görə “Oskar” mükafatına layiq görülüb.

Hazırladı: Vüqar Orxan

 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar