Təkrar-təkrar, təkrir-təkrir, dönə-dönə...

...Fikir-xəyallıqda hər gün, hər ay, reallıqda - kağız-qələmlikdə isə hər il. Hər olum-ölüm günləri təkrar-təkrar, təkrir-təkrir, dönə-dönə. Ta ki, bu təb-təbarək Xanımı hər an ananlar dincələ, bu Səsdən alışıb-yananlar sönə...
Bəli, “Fatma şikəstə”! Tanrı bu ecazkar Səsi, bu “zülmkar” Kəsi yaradana qədər o şikəstənin “Kəsmə” adlandırıldığı bəsi...


Bu Leyli Səsin ovsarını tutub Turan boyu hara gəzdirsən, vallah, hər huşyar bəndədən “bərəkallah!” eşidərsən. Hansı qəriblə rastlaşsan, bu Sədaya rahatcana can verər! Yar hicrli bir aşiqə dinlətsən, vüsaladək inləməz. Cismən şil-şikəstləri belə, bu fani dünyadan çox-çox böyük - son-sərhədsiz könül dünyası turuna çıxarar, qəlblərə “pünhan-pünhan nüqtələr”, qələmlərə qəribə-qəribə diktələr edər bu “Fatma şikəstə”!..
“Diktə” termininin bir qədər təpkin səslənməsinə bənd olmayın, -

Məsələn;

- Hərdən ahəstəcə, bəzən qiyam-üsyani ötsən də, kəs-mə, ki-ri-mə, ay Fat-ma şi-kəs-tə! Onun bütün digər gözəl mahnılarını, təsniflərini, muğamlarını kölgə-kilkə edən “Kəsmə şikəstə”!..
Ay Fatma xanım, sən bu məcun şikəstəni oxuya-oxuya bizə duyurduğun neçə-neçə aşıq gözəlləmələri və klassik qəzəl gülləmələrindən biri olaraq, bəzən, Kürəmizin meridian xəttindən uzun çəkən nəfəsinlə bunu da buyur ki; “Məndə küll-muğamatdan füzuun səs-səda istedadı var, Məşuqi-sadiqə mənəm, Leylinin ancaq adı var!..”
Usanma, küsənmə, ovsanma, ey müqəddəs Azan sədalı, mükəmməl Ozan rübablı! Sənətinə and, ruhuna əyan olsun ki, sən səslənib-süslənəndə cəmi-yey ariflər hey susar, “eybiculər” isə bir “tən” etməz. Sus-ma, ey könüllər Yarı!..
...Sağ olsaydın, yalvarardım ki; bu yaman-yanğıları bir azcana azaltginən, səni Tarı! Bu alovlu zəngulə çınqıları oxəntərə də çoxaltma ki, bu yanıqlı kəlmələr də adamlara buxəntərə gəlmə gələ bilsin. Hələ Sənin bu köz-köz sözlərdəki ixtisar-əlavə əməliyyatların! Birində bir hərfi bada, o birində bir ədatı artırıban oda vermə: “Əzzinəm, a balam, badaaam sevgilim, ah...” - eləyib, - “Demə ki, ədə balam, sənə yadaam, sevgilim” - deyib, ardınca da könüllər təndirinə təzədən bir “Sevgiliiim!..” yapıb, yaralı yarların qəlbini dübarə şum etmə, ay Fatma şikəstə!
Sən o qədər anlaşılmaz aydınlıqsan ki, adam düşdüyü çaşqınlığın özündən belə həzz alır...
Çox deyib, çox yazıblar ki; “Kəsmə şikəstə”ni onun kimi oxuyan olmayıb və bu gün də yoxdur. Belə sözlər “görünən kəndə bələdçilik” etməyə bənzəmirmi?..
Mütəxəssislər ərz edirlər ki, “Kəsmə şikəstə” bizim zərb muğamlarımızdan biridir və “Segah” ladına əsaslanır. Olsun. Amma onlar bunu hələ də izah etməyiblər ki, görək, bu şikəstənin təyinatındakı “zərb” ifadəsi hara, Fatma xanımın ifasındakı incədən-incə, yuxadan-yuxa lirizm hara!?
Deyirlər, bu nəqli-poetik şikəstənin mətni xalq bayatıları bətnindəndir. Gözəl “xülasə”dir! Ancaq, nədən bəyan etmirlər ki, bu bayatı daha çox hicr ələmindənmi, ya vüsal qələmindənmi boy atıb? Və bu - adca da “şikəst” muğam “qırığı” nədən ladca da bu qədər qırım-qırım, kəsim-kəsim?..
Amma musiqimizin gözəl bilicisi, professor R. Zöhrabovun “Zərbi muğamlar” kitabında “Kəsmə şikəstə”ni məhz F.Mehrəliyevanın ifasında nota alması tamamilə təbii və alqışlanası! Bir də ona görə ki, bu şikəstə, başqa heç bir ifada bu bütünlük, bu əsim-kəsim, büsbütünlükdə nakam alınmayıb və gümanımca, bundan belə də alınmayacaq. Yox, söhbət tək elə bu psixo-yaşamın Fatma xanımın öz həyatı ilə əlaqəliliyindən, yetişmədiyi arzu, çəkdiyi ağrı, qatlaşmalı olduğu acılardan getmir. Məsələ burasındadır ki, Fatma xanım bu “fərd”i şikəstədə ümum-statistik bir minorluq obrazı yaradıb!
Bəs bu obraz müəllifinin “cismani-mənəvi özü” harada yaradılıb?

Bu, o suallardan deyil...

Bu, heç təmtəraqlı tərcümeyi-hal üçün ayaq da deyil. Təsəvvürümdə “ümumxalq zəriflik simfoniyası” kimi obrazlaşdırdığım bu xanım, tutalım, xanəndələr məskəni Qarabağda doğulmuş olsaydı, inanın, indiyəcən ondan qanadlı-qanadlı sözlər, təfərrüat-təfərrüat məqalələr, kitablar yazılmış olardı...
Bu ayıldıcı abzasdan sonra diqqətlər bu faktı daha yaxşı “akt”laşdırar ki, Fatma Yusif qızı Mehrəliyeva 1926-cı il iyunun 4-də tər-təbiət simfoniyamız Qubada anadan olub. Hər oba-oymağı Tanrısal tablo, hər yarpağı ovqat notu - Qubada! Bu ecazkar Səsin hələ “inqə” mövsümündə, çağa çağlarında valideynləri ayrılıb və Fatmaya analığı baxıb. Məktəb yaşına çatar-çatmaz, analığı da vəfat edib. Qoca atasının himayəsində qalan balaca Fatma bu zil dərd-səri həyət-bacada astadan oxuyub, qısıla-qısıla oynamaqla yola verirmiş. Ta bir gün məktəbdə məlahətli səsi, musiqi istedadı ilə hamıdan fərqlənənə və 11 yaşında festivalda iştirak üçün Bakıya göndərilənədək. Həmin festivalda ifa etdiyi “Qubanın ağ alması” dahi Üzeyir Hacıbəylinin diqqətini necə cəlb edirsə, həyat da bu yetim qızcığazın tale məsələsini eləcə həll edir. Öz dövrünün və bütün gələcəyimizin dahi Müəllimi Üzeyir bəy ona həm də əsl atalıq qayğısı göstərir; Fatmanı məktəbdə oxudur, peşəkar musiqi təhsili alması üçün hər cür şərait yaradır. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Sazçı qızlar” ansamblında işə başlayan Fatma böyük konsert salonlarında uğurlu çıxışlar edir. Böyük Vətən müharibəsi illərində döyüşən cəbhələrə yollanır, hərbçilərə mübarizə əzmi aşılayır. Muğam, təsnif, xalq və bəstəkar mahnılarının məharətli ifaçısı adını, “Arşın mal alan” filmində Telli rolunun böyük mükafat və tamaşaçı məhəbbəti qazanmış yaradıcısı kimi şöhrətlənir. “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və neçə-neçə digər mahnılar Fatma Mehrəliyeva ad-soyadı ilə möhürlənir...
Və bu ustadın “Kəsmə şikəstə”sini nota almış Ramiz müəllimin “Əslində, Fatma xanım bu şikəstəni başqa ifalarından üstün tutmurdu” deyə başladığı söhbətindən bir parça: “Növbəti konsertlərin birində Fatma xanım səhnəyə çıxdı, bir mahnı oxudu, gurultulu alqışlarla qarşılandı. Məcbur qalıb ikinci, üçüncü, dördüncü mahnısını da oxudu və sanki qaçaraq addımlarla səhnə arxasına gəldi. Alqışlar isə kəsilmək bilmirdi. Tamaşaçılar israrla onu səhnəyə səsləyirdi. Bu vaxt o, qəribə bir təbəssümlə: “Axı mənim bu əzizlərim məndən nə istəyirlər? Mən ki repertuardan üç qat artıq oxudum! Hətta yoruldum...”, - dedikdə, mən dərhal müdaxilə etdim: - Fatma xanım, bəyəm bilmirsiz onlar Sizdən nə istəyirlər? Fatma xanım mənim sualıma özünəməxsus təbəssümü, hələ də əl çalmaqda olan tamaşaçıların “üsyan” sədalarına isə, yenidən səhnəyə qayıdıb oxuduğu “Kəsmə şikəstə” ilə cavab verdi...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar