ipək kimi zərif, şimşəktək şaqraq Səs, hökmlü Səda, lətif hal-əda mücəssəməsi - Hökumə Qurbanova!

Deyirəm, istedad öz sahiblərinə şan-şöhrət də gətirir, mər-məşəqqət də. Necə ki, deyirlər, Hökumə xanım həm zamanın sahilsiz sevgi-rəğbət dəryasına düşüb, həm də dür-düyünlü tilsim çamuruna; dövrünün bütün aktrisalarından ən azı bir baş yuxarı olmuş bu sənətkar, paxıllıq nişangahında da başda imiş. Məsələn, o, yaratdığı məşhur obrazlardan birində (Xanuma) səhnədən fövrən çıxıb başqa bir libasda gəlməli ikən, həmin donun qayçıyla doğrandığını görür və kiminsə bu “kəsəyənlik istedadı”nı, dərhal əynindəkini tərsinə çevirərək geyinib qayıtma istedadı ilə qarşılayır...

Dövrünün ən sevgili ad-soyadı

Sağ çağlarında bu qızıl cingiltilər xəzinəsi “xəzinədar”ının nəinki sənəti, gör-görkəm zinəti, hətta ad-soyadı da səhnəyə, teatra ekvivalent kimi səslənirmiş. Ümumxalq teatr zövqünə, səhnə-sənət müzakirələrinə hakim kəsilib, öz zahiri-batini etiket-estetikası ilə, rəsmən proletarlaşdırılmaqda olan Azərbaycan sovet kütləsini mənən kübar-elitarlaşdırmaq hökmünə malikmiş Hökumə xanım. Az-para tamaşaçılıq duyğusu olanlar belə küçə-bazarda rastlaşarkən bir bəhanəylə onu söhbətə tutmağa cəhd edər, səs-sədasından, durğu-vurğu, üz-üzə, göz-gözə orfoepiyasından, “leksikon simfoniyası”ndan doymaq bilməzmişlər. Bütün bunlar belə bir qənaət doğurur ki, onun yaratdığı ən kamil, ən gözəl obrazlardan biri də, elə öz obrazı olub. Tanrı tərəfindən yazılmış, özü tərəfindən oynanılmış bir Obraz...
Ad günlərinin baş sözü - “təbrik!”, xoş arzu-diləyi - “yüz yaşayasan!” 1913-dən 1988-ə qədər bunları Hökumə xanıma on beş kərə valideynləri, beş-on dost-doğması deyib, altmış beş dəfə isə minlərlə “yad-yalınc”ı. Yetmiş beş il ömür sürmüş Hökumə Qurbanova tək elə patetik arzu-diləklərdəki “yüz”ü yox, realistik bir əbədilik yaşamaqdadır! Bu səs-səda imperatoru, ecazkar bir biçimdə yaratdığı Hermiona qədər qədim, Oliviya səpkili hakim və hər zaman - hətta innən belə səhnələrə gələsi ən mükəmməl-müqtədir aktrisalar misilli müasirdir...
Bəli, o səs-sədanın əsiri, o kompleks hal-ədanın vurğunu olmamaq olmurdu. Bunu dilimizi bilməyən əcnəbilər də etiraf edirdi. “Onun səsi, bəzən, pyeslərin mətn-mənalarını ikinci plana keçirir” kimi fikirlər səslənirdi bu sehrli sənətkarın sağlığında. “Hökumə Qurbanova səhnəmizdə ayrıca bir “Səs” obrazı, “Səda” surəti də yaratdı, səhnəmizə təkrarsız incəsənət Nitqi kimi gəldi, bənzərsiz sənət Natiqi kimi getdi” məzmunlu söhbətlər edilir yoxluğunda...
Xəyal antenanızı “Uzaq sahillərdə” filmində Rosselininin “Sətəlcəm?..” sualına Anjelikanın “Qara ciyəri...” cavabına sarı yönləndirin... Hə, “qara” ifadəsinin də işləndiyi bu iki kəlməlik sözün sentimental lad-ton fonunda köksü yamyaşıl meşə timsallı bir xanım portreti də görmədizmi?..
Hökumə xanımın fiziki surəti də kamil, “təcəllayi-mükəmməl” üz-sifətlərdən idi. Dodaqları canlı bir susmazlıq cazibinə, diri-dinamiklik abidəsinə bənzəyirdi və sanki onun bütün varlığını bu qoşa əzalar idarə edirdi. Onlar tərpəndikcə, salona ballı təbəssümlər, bibərli rişxəndlər, ilahi eyhamlar saçılırdı. Hələ baxışları! Onun “ala və bəla gözləri” çoxlarının ilk baxışda görmədiklərini bəlləyib göstərir, “qələm qaşlar”ı müəlliflərin cansız vərəqlərə əmanət etdiklərini dipdiri heyrəti-işarətlərlə tamaşaçıların şüur lövhələrinə həkk edirdi.
Yaradıcılığının ən bişmiş, ad-sanının ən ermiş çağlarında gördüyüm bu aktrisanı xatırlarkən, həmişə belə bir qənaətə də gəlirəm ki, Hökumə Qurbanova fenomeni olmasaydı, Azərbaycan teatrını Rusiya və bir sıra Avropa teatrlarına yenilmiş zənn edər, “sovetlər ailəsi” dövründə bir çox sahələrdə adımıza yamanan “ucqar”, “periferiya” kimi daha bir atmaca-aşağılanmaya da məruz qalmış olardıq. Və bu halda milli şəcərə “mən”imizə daha bir mənəvi minorluq...
Bu sənətkar isə -

Başdan-başa major...

Düzdür, səhnə-tamaşa vurğunları, teatr tənqidçiləri və sahə publisistlərinin qənaətlərinə görə, Hökumə Qurbanova əsasən minor təbli sənətkar olub. Hətta onun haqqında “milli səhnəmizin misilsiz faciə aktrisası” kimi deyimlər də işlədilib. Lakin onun teatroqrafiyasında “çağlar temperament”, “coşğun emosiya”, “musiqili ritm-tonallıq”, “hayqırtılı ehtiras”, “romantik, lirik-dramatik səs” kimi epitetlər daha çox işlədilib. “Tənqid”i yazılarda bu da vurğulanır ki, Hökumə Qurbanova bütün sənət ömründə dramaturji material düzənindən, rejissura yozum-mizanından kənara çıxıb və yaxud buna cəhd edib. Məsələn, o, “Qış nağılı”ndakı Hermionanı Şekspirinkindən daha çox öz Hermionası kimi təqdim edib. Onun bu obrazı ilə ilgili belə bir obrazlı cümlə də işlənib: “...o, səhnədə dəqiqələrlə mərmər abidə kimi donub qalırdı”. Başqa qeydlərdə verilən “...bu tamaşa illər uzunu anşlaqla keçib” kimi fikirlərsə sübut edir ki, Hökumə xanımın əsər və tamaşa müəlliflərinin “işləri”nə müdaxiləsi əbəs deyilmiş. Heç yuxarıda “qeyri-realistik”liyə dair söylədiyim epitetlər də Hökumə xanımın realizmdən uzaqlığına dəlalət etmir. Yəni həmin keyfiyyət elementləri tamamilə realist üslubdan qaynaqlanır və nəhayət etibarilə, “sənətin əbədi dənizinə qovuşur” kimi qənaətləri daha da vurğulandırır.
Öz ömür-sənət dövrünün həm güclü ictimai diqqət və məhəbbət, həm də qeybət predmetlərindən olmuş bu möhtəşəm və möhtərəm sənətkarın yaradıcılıq universiadasına dərindən diqqət etdikcə, o, tək elə öz dövrünün yox, bütövlükdə Azərbaycan teatrının mükəmməl hadisəsi kimi görk və dərk olunur. O, dövrün sifarişli ədəbiyyat-incəsənət fısqırıqlarından bıqmış bir xalq üçün həlim, yumşaq bir sənət sığalı, dincəliş ünvanı idi. Yaddaşlarda bir sənət bütövü kimi qalmış Hökumə Qurbanovanın istedad, qabiliyyət və qalibiyyət imkanlarından ibarət yaradıcılıq tamını bölgülərə ayırmağı da mütləq edirsə, “romantik faciə”, “realist faciə”, “romantik-dramatik”, “realist-dramatik”, “psixoloji-dramatik” kimi şaxələri xatırlada bilərik. Bunu da qeyd etməliyik ki, Bakı Pedaqoji Texnikumunu bitirib, təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirən Hökumənin ilk yaradıcılıq işi kino ilə bağlı olub (tələbə ikən “Almaz” filmində). Elə o vaxtdan ara-sıra çıxış etdiyi “Azdrama”da isə 1938-ci ildən ömrünün sonunadək çalışıb. Bu illərdə neçə-neçə bənzərsiz obrazlar yaradıb: Kleopatra, Janna d"Ark, Hermiona, Valentina, Oliviya, Nataşa, Yeva Qrant, Vasantasena, Amanda, Valya, Zina, Janina... Öz əsərlərimizdəki rolları bütöv bir statistika olduğuna görə, bu kiçik yazıda onun çəkildiyi “Almaz”, “Onu bağışlamaq olarmı?”, “İnsan məskən salır” filmlərinin də adını çəkir və fikrimi, indilər həddən çox işlədilən “ulduz” epiteti üstə kökləyərək deyirəm. Göydəki kainat ulduzları içərisində milyardlardan seçilənləri olduğu kimi, Yerdəki sənət ulduzları arasında da milyonlardan seçilənləri var və Allah sənə rəhmət eləsin, ay belələrinin birincilərindən olan Hökumə Qurbanova!..

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar