Sənəd növbəti beş il müddətində qarşılıqlı əməkdaşlığı təmin edəcək
   
   Fevralın 14-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası ilə Rusiya Dövlət Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalandı. 
   Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov mədəniyyət müəssisəsinin beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirdi: “Hazırda kitabxananın 60-dan çox ölkənin milli kitabxanaları ilə əlaqələri mövcuddur. Dünyanın 27 ölkəsinin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Onlardan biri də dünyanın ən böyük kitabxanalarından olan Rusiya Dövlət Kitabxanasıdır”.
   Azərbaycan Milli Kitabxanası 2007-ci ildə Rusiya Dövlət Kitabxanası ilə 5 il müddətlik memorandum imzalayıb. Memorandumun müddəti bitdiyi üçün yeni əməkdaşlıq sənədinin imzalanması qərara alınıb.
   K.Tahirovun sözlərinə görə, yeni memorandumda müasir tələblər və vəzifələr əksini tapıb. Memorandumda əks olunan məsələlərə gəlincə, kitabxana direktoru bildirdi ki, ən vacib məsələ iki ölkə kitabxanaları arasında kitab mübadiləsinin genişləndirilməsi və müasir texnologiyanın tətbiqində təcrübəni öyrənməkdir: «Ən başlıca məsələ hər iki ölkənin kitabxanaları arasında kitab mübadiləsinin genişləndirilməsi, informasiya mübadiləsi və elektron kitabxanalarının tərtibi üzrə işlərin aparılmasında yaxından əməkdaşlıqdır. Rusiya Dövlət Kitabxanasının zəngin fondu, elektron kataloqu, elektron kitabxanası var. Bir neçə il öncə bu kitabxana bizim kitabxanaya elektron məlumat bazasına azad giriş təyin edib. Bütün rus ədəbiyyatını heç bir maneə olmadan birbaşa götürüb öz elektron kitabxanamıza qoyuruq. Məlumatların yaradılması üçün əlavə əməyə ehtiyac olmur”.
   K.Tahirov onu da bildirdi ki, bu sistem yaxın vaxtlarda Azərbaycanın bütün kitabxanalarında tətbiq olunacaq. Respublika kitabxanaları Milli Kitabxananın fondundan elektron məlumat bazasının məlumatlarını götürüb surətini çıxara biləcəklər. Bununla yanaşı, gələcəkdə alimlərin və mütəxəssislərin Rusiya Dövlət Kitabxanasının Fondunda olan 300 mindən artıq dissertasiya və referatlardan sərbəst şəkildə istifadə etməsi də təmin olunacaq.
   Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıy da memorandumun əhəmiyyətindən və iki kitabxana arasında qurulan əlaqələrdən danışdı: “Növbəti 5 il üçün müqavilə imzalayırıq. Bu bizim üçün çox vacib tədbirdir. Azərbaycan Milli Kitabxanası ilə çox yaxşı əlaqələrimiz var. Kitab mübadilələri aparırıq. Son vaxtlar isə elektron resurslarının mübadiləsini sürətləndirmişik. Statistik məlumatları nəzərə alsaq deyə bilərik ki, Azərbaycan oxucuları bizim elektron resurslarımızdan çox istifadə edirlər».
   
   Gülər