Azərbaycan

18 iyun Azərbaycanda “İnsan hüquqları günü”dür. 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı (18 iyun 2007-ci il) ilə Azərbaycanda “İnsan hüquqları günü” təsis olunub.
18 iyun 1917 - Xalq artisti, bəstəkar Cövdət Hacıyev (1917-1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, xalq musiqisi elementlərinin yer aldığı altı simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib.
18 iyun 2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib.

19 iyun 1900 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 - 11.2.1981) Tiflisdə doğulub. Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildən Bakıya gələrək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. “Kəndlilər”, “Səbuhi”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.
19 iyun 1924 - Ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Seyfulla Qüdrət oğlu Əsədullayev (1924-2011) Astara rayonunun Ərçivan kəndində anadan olub.

20 iyun 1915 - Xalq artisti Süleyman Ağababa oğlu Ələsgərov (1915 - 10. 12.1998) Bakıda doğulub. "Bizim Cəbiş müəllim", “Bəxtiyar”, “Dağlarda döyüş”, “Babamızın babasının babası” və s. filmlərdə çəkilib.
20 iyun 1898 - Xalq artisti Əli Mirzə oğlu Qurbanov (1898 - 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə burada başlayıb, 1925-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar", "Qızmar günəş altında", "Qara daşlar", "Bir qalanın sirri" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
20 iyun 1921 - Bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 - 25.3.1992) Bakının Balaxanı kəndində doğulub. “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, “Azad”, “Xanəndənin taleyi” operaları, “Təzə gəlin” operettası və çoxsaylı mahnıların müəllifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərinə musiqi yazıb.

21 iyun 1794 - Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakının Əmircan (Xilə) kəndində anadan olub. 1819-1845-ci illərdə çar Rusiyasının Tiflisdəki Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi işləyib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında iştirak edib. «Gülüstani-İrəm» əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.
21 iyun 1933 - Xalq artisti, xanəndə Tələt Məmmədağa oğlu Qasımov (1933 - 28.7.2013) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyası və Dövlət Konsert Birliyinin solisti olub, çoxsaylı qastrol səfərlərində muğam sənətimizi layiqincə təmsil edib.

Dünya

18 iyun 1929 - Müasir dünya fəlsəfəsinin görkəmli nümayəndəsi, alman sosioloqu Yurgen Habermas (Jürgen Habermas) anadan olub.
18 iyun 1935 - Rus aktyoru, SSRİ Xalq artist Yuri Solomin anadan olub. Filmləri: “Əlahəzrətin yavəri”, “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” və s. Rusiya Akademik Kiçik Teatrının (“Malıy Teatr”) bədii rəhbəridir.
18 iyun 1936 - Rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 28.3.1868 - 1936) vəfat edib. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” romanları; “Uşaqlıq”, “Mənim universitetlərim” povestləri; “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” pyesləri və s.
18 iyun 1942 - İngilis müğənnisi və bəstəkarı, əfsanəvi «Bitlz» qrupunun üzvü Pol Makkartni (James Paul McCartney) anadan olub.

19 iyun 1623 - Fransız filosofu, fizik, riyaziyyatçı Blez Paskal (Blaise Pascal; 1623-1662) anadan olub. Riyazi analizin banilərindən biri, “Din və digər şeylər haqqında düşüncələr”, “Əyalət adamına məktublar” və s. əsərlərin müəllifidir.
19 iyun 1920 - Fransız kinorejissoru İv Robber (Yves Robert; 1920-2002) anadan olub. Filmləri: “Qara çəkməli ucaboy sarışın”, “Ucaboy sarışının qayıtması” və s.
19 iyun 1924 - Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub. Əsərləri: “Alp balladası”, “Ölülər ağrı hiss etmir”, “Sotnikov”, “Sübhədək yaşamalı” və s. Bir çox əsərləri əsasında filmlər çəkilib.

20 iyun Dünya qaçqınlar günüdür (World Refugee Day). BMT Baş Assambleyası tərəfindən 2000-ci il dekabrın 4-də təsis edilib.
20 iyun 1819 - Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach, 1819-1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.
20 iyun 1932 - Rus şairi Robert Rojdestvenski (1932-1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub”, “210 addım” poemaları və s.

21 iyun 1840 - Gürcü şairi, yazıçı, ictimai xadim Akaki Rostomoviç Sereteli (1840 - 8.2.1915) anadan olub.
21 iyun 1905 - Fransız yazıçı-dramaturqu, filosof Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905-1980) anadan olub. 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, lakin mükafatdan imtina edib. Əsərləri: “Ürəkbulanma”, “Azadlıq yolları”, “Milçəklər”, “Qapalı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” və s.
21 iyun 1910 - Rus şairi Aleksandr Tvardovski (1910-1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin”, “Uzaqlardan uzaqlara” poemalarının müəllifidir.


 Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar