Milli teatr sənətinin inkişafında və gənc teatr rejissorlarının yetişməsində xidmətləri olan görkəmli sənətkarlarımızdan biri də Əməkdar incəsənət xadimi, professor Ulduz Rəfili olub. O, eyni zamanda pedaqoji fəaliyyət göstərərək sənətin sirlərini gənc nəslə öyrədib.
Ulduz Saleh qızı Rəfili 1922-ci ildə indiki Goranboy rayonunda anadan olub.
Dünyaya göz açmamış atası vəfat edir. O, 12 yaşında ikən nəsilləri repressiyaya məruz qalır. Çətin və dözülməz vəziyyətə düşən qızcığaz 1934-cü ildə böyük bacısı ilə Bakıya köçür. 1938-ci ildə Ulduz Moskvada yaşayan böyük bacısı Səmayənin yanına gedir, Sənaye Texnikumuna qəbul olunur. Təhsilini başa vurduqdan sonra Moskva Dəmiryol Nəqliyyatı üzrə Mühəndislər İnstitutunda oxuyur. Eyni zamanda Moskva metropolitenində növbə rəisi vəzifəsində çalışır. II Dünya müharibəsindən sonra Bakıya dönən U.Rəfili indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur. Təhsillə paralel olaraq C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında məsləhətçi işləyir, o zamankı Kitabxanaçılıq Texnikumunda pedaqoji fəaliyyət göstərir. 1951-ci ildə ilk Azərbaycan qadın teatr rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində işə başlayır.
O, 1972-1975-ci illərdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru olub. Burada Azərbaycan və rus bölmələrində tamaşalar hazırlayıb. Araşdırmalarda qeyd olunur ki, rejissor Gənc Tamaşaçılar Teatrında Azərbaycan və dünya ədəbiyyatı müəlliflərinin 50-dən çox əsərinə quruluşlar verib.
U.Rəfili teatr sahəsindəki uğurlu fəaliyyətinə görə 1957-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin, 1959-cu ildə Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif olunur. 1964-cü ildə isə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür. Tədqiqatçılar onu da qeyd edir ki, rejissorun səhnələşdirdiyi bir çox tamaşalar ümumittifaq festivallarında uğur qazanıb, diplom və mükafatlar alıb.
Gənc Tamaşaçılar Teatrının müdiriyyəti 1972-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinə sənətkar haqqında təqdim etdiyi xasiyyətnamədə yazıb: “Ulduz Rəfili Azərbaycan teatrının ilk professional qadın rejissoru olaraq 1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. İyirmi illik əmək fəaliyyəti müddətində 50-dən artıq tamaşaya quruluş verib. Quruluş verdiyi tamaşalar öz müasirliyi, bədii-ideya xüsusiyyətləri və yaradıcılıq mövqeyi baxımından seçilir. O, teatrın həm Azərbaycan, həm də rus bölmələrində uğurlu tamaşalara imza atıb. Teatrda gənc aktyorların yetişməsində və dramaturqlarla yeni pyeslərin seçilib repertuara daxil edilməsi işində həmişə aktivdir”.
Pedaqoji sahədə də uğurla fəaliyyət göstərən rejissor 1975-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında vokal və opera hazırlığı kafedrasının professoru olub. Tələbkar bir müəllim olan Ulduz xanım tələbələrini daim hazırlıqlı olmağa, mənsub olduğu xalqın dəyərlərini dərindən öyrənməyə, dövlətini sevməyə səsləyib. O bu təhsil ocağında çalışdığı müddətdə S.Raxmaninovun “Aleko”, P.Çaykovskinin “İolanta”, F.Əmirovun “Sevil”, Motsartın “Fiqaronun toyu” və s. əsərləri uğurla səhnələşdirib.
Enişli-yoxuşlu həyat yolu, rəngarəng və maraqlı yaradıcılığı ilə yaddaşlarda əbədiləşən ilk qadın teatr rejissorumuz Ulduz Rəfili 2006-cı ildə Bakıda vəfat edib.
Savalan Fərəcov