Səməd Vurğun - 110


Bu il görkəmli Azərbaycan şairi Səməd Vurğunun 110 illik yubileyidir. Hərçənd, o, yubileydən yubileyə yada düşən sənətkar deyil, həmişə xatırlanan, zamanın fövqündə dayanan dahi şəxsiyyətdir. Onun yaradıcılığını daim yaşatmaq, yeni-yeni nəsillərə çatdırmaq bizim borcumuzdur.

Xoşbəxtəm ki, mənə, rəsmi olmasa da, Qusar ziyalılarını təmsil etmək, böyük şair haqqında söz demək şərəfi nəsib olmuşdur. Səməd Vurğun qusarlıların qəlbində müstəsna yer tutan, daim yad olunan, bu el-obada, bu mahalda unudulmayan sevimli şairimizdir. Əlbəttə, onun günəş kimi parlaq əsərlərinin məziyyətlərindən çox danışmaq olar. Mən isə sadə əyalət şairi, bir Vurğunsevər qələm sahibi kimi səmimi fikir və qısa mülahizələrimi oxucularla bölüşmək istərdim.
Şairin doğulduğu bahar günlərində Bakıda oldum. Səməd Vurğunun qarış-qarış dolaşdığı Şahdağın ətəklərindən gətirdiyim bir ovuc torpağı və Samur çayının sahilindəki gül bağından onun vəsf etdiyi ləzgi qızının toplayıb mənə verdiyi tər çiçəkləri şairin məzarı və əzəmətli heykəli önünə qoydum. Belə hesab etdim ki, yaz günlərində şairin ruhu da, mənim qəlbim də, bahar qızının könlü də təzələndi, dincəldi. Min qərinədən söhbət açan, bu gündən doymayan, ayrılmayan, heç yerə, heç yana tələsməyən şair məni gördü və aramızda belə bir "dialoq" oldu:
- Xoş gördük, şair! Yubileyiniz mübarək, ustad!
- Kimsən, haralısan?
- Ləzgiyəm, qardaş!
Gördüm, şair eyhamımı başa düşüb gülümsədi və dərin fikirlərə daldı. Xəyalında vaxtilə Muğan düzündə rastlaşdığı, "Muğan, Muğan olsa, biri üç eylər, Muğan tufan olsa, üçü heç eylər" söyləyən aqil ləzgi çobanı canlandırdı, deyəsən. Və şairin bu görüşdən çox sevindiyini, məmnun qaldığını hiss etdim. Birdən mən də şairin 110 misralıq məşhur "Azərbaycan" şeirinin SSRİ-nin müttəfiq respublikaları xalqlarının dillərində tərcüməsi ilə nəfis şəkildə çap olunmuş kitabını xatırladım.
15 dildə çap olunmuş həmin kitabı daim qoltuğumda gəzdirir və bundan şərəf, qürur duyurdum.
Nəhayət, "Azərbaycan" şeirini ləzgi dilinə tərcümə elədim. Beləliklə, əsərin 16-cı, ləzgi variantı da yarandı və rayon qəzetində dərc olundu.
Eşitmişəm, S.Vurğun rayonumuzdan deputat olarkən tərcüməsi "qardaş" olan "stxa", mənası "duz-çörək" olan "qelni-fu" və s. sözləri Qusar ləhcəsində həvəslə söyləyərmiş. Odur ki, onun ruhu qarşısında həmin şeirdən bir bəndi ləzgi dilində demək istərdim:

Eldiz çida, zi çil ya vun,
Yurdni, muqni, gühül ya vun,
Xayi Vatan, nesil ya vun,
Çara jenni rikivay çan,
Azerbaycan, Azerbaycan!

...Mən səni həyatda görməmişəm, böyük şair! Sən dünyanı dəyişəndə 4 yaşım vardı. İndi 64 yaşındayam. Sənin dörd əzizini - Xavəri, Aygünü ev-muzeyində, Yusifi "Azərbaycan" jurnalı redaksiyasında, Vaqifi respublika yazıçılarının sonuncu qurultayında dinlədim və çox şad oldum.
Təəssüf ki, indi hamınız haqq dünyasındasınız. Allah sizlərə qəni-qəni rəhmət eləsin, qəbirləriniz nurla dolsun!
Sözümü "Biz gəldi-gedərik, sən yaşa, Vurğun!" adlı şeirimdən parça ilə tamamlamaq istərdim:

Gəzdik ayaq izlərini,
Hər cığırı, rizlərini.
Mil və Muğan düzlərini,
Demə, yolda olduq yorğun,
Biz gəldi-gedərik, sən yaşa, Vurğun!

Hər mahalda düşdün yada,
Xatırlandın el-obada,
Yox, getmədi ömrün bada,
Çiçəkləndi arzun, duyğun,
Biz gəldi-gedərik, sən yaşa, Vurğun!

Qalxdıq uca Şah dağına,
Endik İsa bulağına.
Gəldik şair ocağına,
Sənətinə olduq vurğun,
Biz gəldi-gedərik, sən yaşa, Vurğun!

Həsən Xasiyev
Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar