Qara bəxti oyanmayan, muradı şəmi yanmayan, tən edəni utanmayan, bu sevdadan usanmayan...

Hər cür riya-boyadan məhrum güzgülərdən belə sidq umub əks-müddəa görən, “ğəmzə ustad”lı “bəlayi-eşq” ilə hər dəm aşina qılınmaq istəyən, “sonunda hicran görünür” ehtimalı ilə “Neylərəm ol vəsli” deyən, uludan ulu söz sənətinin ən ali məşuqu Leyliyə “Mən eşq gazərgəhində xakəm, Elcümlə bilir məni ki, pakəm!” dedirdən və bəşəri eşq sənətinin baş aşiqi Məcnundan da “füzun aşiqlik istedadı” olan -

Füzuli!..

“Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var, söz” yiyəsi haqda qeyri-sirri bir söz demək müşkül...
Heç bir bənzətməyə yiyə “durmayan” bu azmanı öz sözü ilə “vurmaq” gərək: “Ey mələksima, səndən özgə qamu heyrandır sana, Həqq bilir, insan söyləməz, hər kəs ki insandır, sana”...
Bu şairi söz kanı, eşq sultanı, vəsf qılmanı adlandıranlar olub. Tədqiqatçı alimlərin elmi-əqli, təzkirəçilərin nəqli təfsir-təqdimatlarından danışmağın yeri və “vəqti” deyildir deyə, şairlərdən bir-iki kəlmə. Bəxtiyar Vahabzadə “Şəbi-hicran”ında “Gələndə “Məhəmməd gəldi” dünyaya, Gedəndə “Füzuli getdi” dedilər” deyib, onun sənət göylərində üzdüyündən, göylərdən öz qələmiylə al-əlvan çiçəklər üzdüyündən bəhs edib. Məmməd Araz “sözün özü, fikrin gözü” kimi yad edib bu “ustadlar Ustadı”nı...
Nə qədər və nələr deyilsə də, hələ heç nə deyilməmiş kimi görünmürmü, bu ecaz? Yazılı mənbələrdəkilər öz yerində, bir şifahisindən də bəhs edim. Öz dövrlərinin məşhur “Bəxtiyar Vahabzadə - Xudu Məmmədov - Nurəddin Rza - Şahmar Əkbərzadə - Zeynal Məmmədov beşliyi”nin vaxtaşırı söhbətlərindən bir fraqmentdir bu. Hər dırnaq içərisindəki fikirlər sıralamaya müvafiq: “Füzuli böyüklüyünü ifadə edə bilmək üçün Füzuli gərəkdir!”, “Füzuliyə məxsus hər söz - bir köz, hər fikir - bir ocaq...”, “Bir kərə bu canlı dəryanın “Gəl sanma Füzuli dərdini asan, ey təbib!” dalğasından özümü “Sanma irfan loğmanlığın asan, ey həkim!” nəzirəmlə xilas etdim...”, “Gəlin köçən qızlarımız üçün ən caiz cehizdir Füzuli!”, “Bir dəfə bir məmur “Füzuliyə eşq olsun!” dedi, dedim, şüarlar layiq olmayanlara deyilir; məsələn, Sov.İKP-yə!..”,

Ey Füzuli!..

Müdam dərd arzulu, qəm “ruzulu” uludan Ulu!..
Səndən öncəki və soncakıların çoxusu öz can-canan “yar”ına varınca, dərd-qəm adlı eşq ocağına nə söz qalmış, qalamamış olalar? Fəqir-fəqir fikirlər, təşnə-təşnə təşbehlər... O “məlumə” məşuqların öz aşiqlərinə baxmamalarını, qafiyə xatirinə “su kimi axmamalarını”, üz-üzə gələrkən nədən şimşəktək çaxmamalarını özləri üçün “zimistani-qış” hesab edib, poetik ağlaşma quran kim, kim ki məni bu dərdə salıb, görüm məndən betər olsun deyə, qarğış tökən kim...
Sənsə, müdam bu mərəzlərin azlığından şikayət edən “zərərdidə”!

Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!

Az eyləmə inayətini əhli-dərddən,
Yəni kim, çox bəlalara qıl mübtəla məni!

Olduqca mən götürmə bəladan iradətim,
Mən istərəm bəlanı, çün istər bəla məni!

Təmkinimi bəlayi-məhəbbətdə qılma süst,
Ta dust tən edib deməyə bivəfa məni!

Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə bədtər et mübtəla məni!

Mən qandanü mülaziməti-etibarü cah,
Qıl qalibi-səadəti-fəqrü fəna məni!

Öylə zəif qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!..

“Füzuli dərd əlindən dağa çıxdı, Dedilər, bəxtəvər yaylağa çıxdı”...
Tədqiqatçıların axır sözündən xəbərim yoxdu; bu misralar sənin özününmü, ya xalqın hansı bəxtəvərinin? Bildiyim və tapındığım isə bu ki, bu iki misra da dünyəvi-möcüzəvi bir dua!..
“Dərd” sözü səninlə bağlı işlənəndə “məlhəm”dən gözəl, səhhət-salimlikdən xoş səslənir, ey irfani-müalic!
Hələ bu irfanilik, qəlb oynadan əruz-ozanilik bir yana, “Gər dersə ki Füzuli gözəllərdə vəfa var, Aldanma ki, şair sözü, əlbəttə, yalandır” kimi ikibaşlı yanıltmaclar, “Gər yaxşı olardın, adını “al” qoyardın, “alma” neyçün qoyardın” sayaq poetik atmacalar nəmənə, ey dahilər Dahisi!
Yazıbsan ki; “Məndə Məcnundan füzun aşiqlik istedadı var”. Aşiqlikdə də istedad, ey Tanrısal Zat?! Bəs onda şairliyin iksiri nə?! Belə postulatlar bucağından baxanda, adam Sözü səninlə ölçməyə başlayır, bəs Səni sözlə necə ölçməli?..
Zaman keçdikcə bütün filizlər paslanır, hətta hərdən qızılı da üfürüb-silmək gərəkir. Sənin qəzəllərini isə, zaman-zaman yalnız sinirib anlamaq aqilliyi gərəkib və gərəkəcək. Bir çox müasirlərimizin maza-mata mindirilən, heç nə ilə seçilməyənlərini “seçilmiş əsərləri” adı altında həşir-nəşrlə çapa-çap edilənlərdən min ağac uzaq fərqlə...
Yazımın-sözümün yuxarı axarında bu əfsanəvi Zatın dəyər-əyarından danışdım, onun sovet dövrü qədir-qiymətini indiyə saxladım. Bu barədə sözüm çox olsa da, bir bunu deyim ki, “zəhmətkeşlik” aşiqi sovetlər öz maddiliklər erası dövründə bu böyük şeriyyət, mənəviyyat, ülviyyət mücəssəməsini layiqincə qiymətləndirib, sayğısınca yubileyləmədi. Həm də axı o falş quruluş:

“Əgər su damənin tutdum,
Rəvan üz çöndərdi məndən.
Və gər güzgudən umdum sidq
Əks-müddəa gördüm”


- demiş, ilk nəsr nümunəsi olaraq “Salam verdim, rüşvət deyildir, - deyə almadılar” yazmış bu klassiki bir çox “xərək-çörək”, “kərpic-sərnic” vəsfkarlarına nisbətdə bundan artıq öyə bilərdimi?..
Bayaqdan bu bənzərsiz dahimizin tərcümeyi-halından da bir-iki kəlmə vermək fikrinə düşürəm, ancaq hər dəfə mənə elə gəlir ki, bu, yuxarıkı abzasdakı “əfsanəvi Zat” təşbehilə səsləşmir. Amma bir səbəb var.

Belə ki;

Gümanımca, hörmətli oxucularımız içərisində bu dünya şöhrətli sənətkarın olum-ölüm olaylarının hər ikisinin böyük Turan qapsamında baş verdiyini bilməyənlər də var.
Bəli, Azərbaycanın məşhur türk mənşəli Bayat tayfasından olan, doğum adı “Məhəmməd ibn (oğlu) Süleyman” yazılan Məhəmməd Füzuli o zamanlar Ağqoyunlu dövləti idarəçiliyində olan Kərbəlada dünyaya gəlmiş (1494), sonralar Osmanlı imperiyasına daxil Kərbəlada da vəfat etmişdir (1556). Bəzi mənbələrə görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüş, sonralar Füzulinin oğlu Fəzli buraya dönərək, yaxın qohumlarının yanında yaşamış və atasının təhsil-təlim yoluyla gedərək, seçkin alimliyilə geniş şöhrət qazanmışdır. İlk təhsilini Kərbəlada alıb, Bağdadda davam etdirən Füzuli bir müddət İraqın Nəcəf və Hillə şəhərlərində də yaşamış, şəxsi mütaliə ilə məntiq, humanitar, tibb, nücum, riyaziyyat və s. kimi orta əsr elmləri (habelə dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi) ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını böyük səbr və maraqla öyrənmişdir.
Mütəxəssislərin də vurğuladıqları kimi, Füzuli Ş.İ.Xətaiyə (“Bəngü-badə”), I Şah Təhmasibə, böyük sərkərdə, vali və xanlara qəsidələr yazsa da, saraylara meyl göstərməmiş və hətta öz məlum-mükəmməl “Şikayətnamə”silə o “fəna məkan” nümunələrindən birini tarixə salmışdır.
Bizim üçün nə xoş ki, üç dildə yazmış Füzulinin yaradıcılığının əsasını ana dilimizdə əsərləri təşkil edir. Həmin şah əsərlər içərisində Azərbaycan nəzminin təkrarsız incisi sayılan “Leyli və Məcnun” poemasını, ”Bəngü-badə” və “Şikayətnamə”nin adlarını daha məmnunluqla çəkək...
XVI əsrə qədər Azərbaycan türkcəsində yazan şairlərin bütün yaxşı təcrübələrini hesaba alıb, onu böyük cürət və məharətlə inkişaf etdirmiş Füzuli dünyəvi lirikanın ən qiymətli nümunələrini verməklə, Azərbaycan və türk ədəbiyyatı tarixində yeni poetik mənzərələr yaratmış, al-əlvan üfüqlər açmışdır. O, Nəsimidən sonra anadilli şeirimizin ən gözəl nümunələrini yaratmaqla, ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. “Füzulinin əsərlərində digər bir söz ustası tərəfindən əvvəlcədən söylənmiş bir ifadəyə rast gəlmək olduqca çətindir”, “Füzuli yaradıcılığının yerləşdirilə biləsi bir qəlib yoxdur” kimi fikirlərdən sonra mütəxəssislərin belə bir qənaətini qutlamaq qalır: dünya çapında böyük ədəbiyyat adamları və sənət birlikləri var ki, Məhəmməd Füzulini tək elə Azərbaycan ədəbiyyatının deyil, bütün Şərq, hətta dünya ədəbiyyatının zirvəsi sayırlar.
Və sonda bir muğam ifasından xatırladığım “Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var” misrasını bu qadir şairlə bağladım. Belə ki, beş yüz ildən çoxdur Füzulini qəlbən oxumuş hər kəsin gizli, müqəyyəd bir sevgilisi olub, bundan sonrakıların da olacaq...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar