Qəfəsdəkilərdən füzun nəfəsli, gül-gül zəngulələr, xal-xal “xırdalıq”lar nəhəngi...

Dədə-baba yollu avazlar, kəklik-turac hovlu sədalar, tufan-qasırğamisal hayqırtı, kəhər-köhləntimsal kişnərtilər kanı...
“Bəstə-Nigar”ı könül xəstələrini laylalayan yaz damcıları sanı...
“Nazlana-nazlana”, “Aşiqəm”, “Gülə-gülə”si könüllərə sənət gülabı sıxan...
Möhürlədiyi “Çahargah”dakı gah həzin, gah gur guşələrilə zövqün fövqünə, “pünhan nüktə”ləri, “hikkə” ciknələrilə Səsin axırına çıxan...


Bu yazının burasını (buna qəhrəmanımızın “vikipediya surəti” də demək olar), onun hamıdan çox sevdiyi, “cəncəl” qəzəllərinə ən ucqar, ən “kəndçi” toylarda belə geniş yer verdiyi Füzulinin üslubi-təhkiyəsilə desək, tam “bəzmi-rəsmidir” deyə, səbəbkar sənətkarın “peşə dili” ilə - yəni sözlə yox, sazla oxumalı.
Sabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunun Bayxanlı kəndində - bölgənin ünlü xanəndəsi Nüsrət Mirzəyevin ailəsində doğulub.
Azərbaycan mədəniyyətinin tanınmış ifaçı xadimləri sırasında layiqli yeri olan S.Mirzəyev sənət fəaliyyətinə 1960-cı ildə başlamış, 50 ilə yaxın müddətdə təkrarsız səsi, gözəl ifaları ilə rəsmi tədbirlərdə, el-obanın toy-büsat şənliklərində, radio-televiziya dalğalarında çıxışlar etmiş, Dövlət Filarmoniyasında, “Azərkonsert” birliyində çalışmaqla, ürəkdən sevdiyi və sevildiyi xalqa xidmət edib. Özündən öncəki ustad sənətkarların ifaçılıq ənənələrinə istedadlı və bacarıqlı varis ləyaqətilə yanaşan, bu qədim qeyri-maddi irsi yaşatmağa çalışan S.Mirzəyevin özü də, bənzərsiz səsi, ifa üslubu ilə milli musiqi sənəti tariximizin qızıl səhifələrinə düşüb. Böyük muğam aləmimizə ayrıca canlı bir guşə timsalında gələn xanəndənin ifa etdiyi “Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşiqəm” kimi xalq mahnıları, “Çahargah”, “Rast”, daha neçə-neçə muğam və təsniflər teleradio efirinin “qızıl fondu”nda saxlanılır. Əməkdar artist (2007), Prezident təqaüdçüsü Sabir Mirzəyev 23 iyul 2011-ci ildə vəfat edib.
...Oxuları ürəyə noğul nağıllar kimi yatan bu xanəndənin danışığı da öz cəzbi-gözəlliyi, heç kimə bənzəməyən özəlliyilə seçilirdi. Bu kompleks-orijinal sənətkar heç də az yaşamadı, amma çox təəssüflər ki, mən onun yalnız vurğun tamaşaçı-dinləyicisi ola bildim. İli ilin, günü günün güdazına verə-verə, az qala həftəaşırı dinlədiyim bu “Çahargah” ağasıyla bir müsahibəlik də görüşəmmədim. Amma onun həmkarlarımla müsahibələrinin hamısını oxumaq, efirlərdən dinləyib, ekranlardan seyr etmək qismətindən xali deyiləmmiş və onlardan fraqmentlər. Öncə -

Ailənin ata aləmi...

“Mənim canım-gözüm atamın səsi bütün cənub bölgəsinə sığmasa da, Bakıya gəlmədi. Yaxın dostlarının dediklərinə görə, orda onun səsinə həddən ziyadə vurğun olanların xatirinə uzaqlaşmaq istəmirmiş. Tanış-bilişinin mənim “bülbül cəh-cəhim” haqda söhbətlərini isə çox da ciddiyə almırdı. Mən 6-cı sinifdə oxuyarkən duyuq düşdü və dedi ki, xanəndə olmaq istəyirsənsə, zəhmət çək, özün öyrən, gözünün qabağında ata-müəllim var. Necə ki, sənin rəhmətlik babaların mənim cəh-cəhlərimə ancaq “bəh-bəh” ediblər, başqa heç nə. Hər şeyi özüm öyrənmişəm, hər ağır-uğura özüm nail olmuşam.
Babalarım Cənubi Azərbaycanın Qaradağ vilayətindəndilər. O yerlərin hamısını öz gözlərimlə görəndən sonra duyub-anladım ki, muğamın beşiyi şimalda Qarabağ olduğu kimi, cənubda da Qaradağdır. Elə bizim kəndimiz də Cənubi Azərbaycanla sərhəddə, dağlıq ərazidə, axar-baxarlı bir yerdə yerləşir. Mən o gözəllikdə böyüdüm, bir müddət sonra rayon mərkəzinə - Cəlilabada köçdük. Atam o vaxtlar el sənətkarı kimi çox tanınır, məclislərə dəvət edilir, bir günü belə boş keçməzdi. Bir gün vaxt eləyib kiçik qardaşım Habillə mənə qulaq asdı, dedi “Habildən oxuyan olacaq, amma sən heç. Çünki utancaqsan, lap dayılarına çəkibsən”. Düz deyirdi, yaman utancaq idim. Ancaq təklikdə ürəkdən oxuya bilirdim. O vaxtlar mənim ən fəal dinləyicim kəndin kənarındakı yastı bir dağın ən hündür yamacı idi...”

Paytaxt payı...

Bir vaxtlar “ilk konsert”lərini dağlara vermiş balaca Sabir böyük Bakıya qədəm qoyur.
“1957-ci il idi. Cəlilabadda orta məktəbdə oxuyurdum. SSRİ rəhbəri Xruşşovun respublikamıza gəlişi münasibətilə keçirilən “Çiçəklənən Azərbaycan” festivalına məni də yazdılar. Birinci yeri tutdum. Oxuduğum “Şahnaz” nəinki festival jürisinin, hətta böyük Seyid Şuşinskinin də diqqətini cəlb edibmiş. Müsabiqədə tar ifa edən gənclərdən biri məni ustadın evinə apardı. Ağa məni diqqətlə dinlədi, bəyəndiyini bildirdi və dedi: “Hə indi dur get, 17 yaşının tamamından sonra gələrsən. O vaxta səsin dəyişməsə, mənim bu əla münasibətim də dəyişməyəcək...”
Rayona “festival birinciliyi”ndən çox bu sözlərin sevinci ilə qayıdan 15 yaşlı Sabiri o gündən bütün Cəlilabad tanıyır, atası isə, kiçik oğlu Habil demişkən, “yalnız təəccüblənməklə məşğul olur”.
S.Şuşinskinin dediyi yaşda artıq bu “bütün cənub bölgəsinin məşhuru”nu Cəlilabad toylarının birində məşhurlar məşhuru tarzən Bəhram Mansurov da dinləyir və ona mütləq Bakıya gedib muğam təhsili almağı tövsiyə edir. Və Sabir “el-oba konservatoru” olan atasının sözündən çıxmalı olur. Xəlvəti olaraq Bakıya gəlib, sənədlərini A.Zeynallı adına Musiqi Texnikumuna verir, qabiliyyət imtahanından əla qiymət alıb, tələbə adını qazanır. Amma atasına xəbər eləmir. “Avqustun 26-si idi, bir cəlilabadlı qohumun toyu münasibətilə Bakıya gəlmişdik. Məclis bitdi, qayıdanda, “Beşmərtəbə”nin yanında maşını saxlatdırıb düşdüm. Təəccüblə mənə baxan kişiyə: “Hə, ata, siz gedin, bu tələbə isə burda qalıb, dərslər başlayana qədər kirayə ev axtarsın”, - dedim...
...Xoşbəxtlikdən sənət müəllimim Seyid Şuşinski oldu! Muğamımızın ağa sənətkarı ilə texnikumda dərslərdən doymaz, hərdən evinə də gedər, ondan öyrəndikcə öyrənirdim. Elə bu səbəbdən də, hələ birinci kursda ikən yuxarı kurs muğamlarını da bilirdim. Üstəgəl, əfsanəvi Xan əmi, Zülfü Adıgözəlov kimi nəhənglərdən əxz etdiyim sehrlər-sirlər...”

İzlər...

Bu qəribə avazın sorağı paytaxt aləminə də yayılır və bir gün təkrarsız tarzən Hacı Məmmədov Sabirin səsini lentə almaq qərarına gəlir. 1961-ci ildə onun ifasında “Mirzə Hüseyn” segahı lentə köçürülür: “Doğrudan da, ifa çox gözəl alındı, radioda tez-tez səsləndirilməyə başladı. Lakin təxminən 6 aydan sonra yenidən o yazını səsləndirmək istədikdə, itdiyini dedilər. Yaman pərt oldum. Dörd bir yana soraq saldım ki, bəlkə həmin lent yazısı kimdəsə qalıb, sevdam baş tutmadı...”
“1965-də B.Salahov ansamblının müşayiətilə “Bəstənigar” və “Hisar” təsniflərim lentə alındı. Dedilər, bunlar “möhür-ifalar” olacaq. Dostlar məni “Bəstənigar” - deyə çağırırdılar...”
“Bir gün dedilər Adil Bəbirov Rübabə Muradovanın ifasında mahnıları lentə alır. Yığışıb getdik studiyaya. Lakin həmin məqamda Rübabə xanımın səsinin yerində olmaması üzündən lent yazılışı alınmadı. Və birdən Adil müəllim məndən səsimin yerində olub-olmadığını soruşdu. Dedim, pis deyil, dedi “dörd saat vaxtımız var, gəl, sənin səsini yazaq”. Mən ona o vaxtların “bədii şura”, “icazə”-filan məsələlərini xatırlatdım, dedi “lent yaxşı olsa, etiraz etməzlər, gəl, yazaq”. Əlqərəz, 20 dəqiqəlik məşqdən sonra, heç bir fasilə etmədən “Çahargah”ı, “Dəşti”ni və “Aşiqəm”i oxudum və tamamilə qüsursuz bir lent yazısı alındı...”
Belə... Neçə illərdi bizim “fitrətən” hesab edib, “zərurətən” dinlədiyimiz bu mükəmməl ifalar, sən demə, təsadüfən yazılıbmış...
Bu xatirələrdən doymaq olmasa da, gəlin, bu yazını “Uzun ömrün akkordları” filmindəki məşhur, təkrarsız, ürəkləri riqqətə gətirən “cəh-cəh” səhnəsini dinləyə-dinləyə başa vuraq...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar