Azərbaycan

20 iyul 1903 - Əməkdar incəsənət xadimi, teatr rejissoru Baxşı Həsən oğlu Qələndərli (1903 - 14.9.1985) anadan olub. İrəvan Azərbaycan Dram Teatrının baş rejissoru işləyib, Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.
20 iyul 1946 - Rejissor Rafiq Dadaşov anadan olub. Bir sıra filmlərin ikinci rejissoru olub: “Dantenin yubileyi”, “Yol əhvalatı”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Qətl günü” və s. Sənədli filmlər çəkib.
20 iyul 1948 - Xalq artisti Ramiz Əzizbəyli anadan olub. “Bağ mövsümü”, “Bəyin oğurlanması”, “Şeytan göz qabağında”, “Qəzəlxan”, “Qisas almadan ölmə...” və s. filmlərdə, televiziya tamaşalarında çəkilib. "Pirverdinin xoruzu", "Bəxt üzüyü", “Yalan” bədii filmlərinə quruluş verib. Filmlərin səsləndirilməsində iştirak edib.

21 iyul 1938 - Yazıçı-dramaturq Marat Xanlar oğlu Haqverdiyev anadan olub. “Məhəbbət, şeytan və lambada”, “Ox, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Səninlə və sənsiz”, “Amerikalı kürəkən”, “Üç dəniz əfsanəsi” və s. pyeslərin müəllifidir.
21 iyul 1950 - Xalq artisti Məmmədbağır Bağırzadə (1950 - 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.

22 iyul Milli Mətbuat və Jurnalistika Günüdür. 1875-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində 56 sayı işıq üzü görən “Əkinçi” xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdı. "Əkinçi"dən sonra Azərbaycan milli mətbuatının yeni səhifələrini açan "Ziya", "Kəşkül", "Kaspi" və digər qəzetlər nəşrə başladı.
22 iyul 1884 - Filosof və tarixçi, Azərbaycan EA-nın akademiki Aleksandr Osipoviç Makovelski (1884 - 16.12.1969) anadan olub. 1920-1960-cı illərdə Bakı (Azərbaycan) Dövlət Universitetində dərs deyib, Azərbaycan EA-nın Fəlsəfə İnstitutunun direktoru olub. Antik fəlsəfə, Yaxın Şərq xalqlarının fəlsəfəsinə dair tədqiqatların müəllifidir.
22 iyul 1928 - Azərbaycan SSR Xalq Komissarları Soveti latın qrafikalı əlifbaya keçilməsi haqqında qərar qəbul edib. Latın qrafikalı əlifbaya keçid 1929-cu il yanvarın 1-də rəsmən gerçəkləşdi. 10 il sonra latın qrafikalı əlifbanı kiril əlifbası əvəzlədi.
22 iyul 1941 - Xalq artisti, tanınmış diktor Yusif Mehdi oğlu Muxtarov (1941 - 25.4.2010) Sabirabad rayonunun Kür kəndində doğulub. “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində, teletamaşalarda çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib.
22 iyul 1959 - Şair Akif Səməd (Akif Səməd oğlu Məmmədov; 1959 - 6.7.2004) Qazax rayonunun Astanbəyli kəndində anadan olub. "Qiblə yelləri", "Uzaqlardan gəlirik", "Adəmdən", "Özümə yol" və s. kitabların müəllifidir.

Dünya

20 iyul 1304 - İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.
20 iyul 1656 - Avstriya memarı, arxitekturada imperiya üslubunun banisi Yohann Bernhard Fişer fon Erlax (Johann Bernhard Fischer von Erlach; 1656-1723) anadan olub.
20 iyul 1864 - İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1931) laureatı Erik Karlfeldt (Erik Axel Karlfeldt, 1864-1931) anadan olub.
20 iyul 1882 - Alman filosofu Nikolay (Nikolai) Hartmann (1882-1950) anadan olub. Fəlsəfədə yeni ontologiyanın banisi sayılır.
20 iyul 1895 - Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.
20 iyul 1924 - Rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova (1924-2011) anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı, “Biz, aşağıda imza edənlər”, “Karnaval” və s.

21 iyul 1893 - Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893-1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.
21 iyul 1899 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 - 2.7.1961) anadan olub. Əsərləri: "Kişisiz qadınlar", "Əlvida, silah", "Əcəl zəngi kimin üçün çalınır" (roman), "Qoca və dəniz" (povest) və s.
21 iyul 1911 - Kanada yazıçısı, filosof Marşall Maklyuen (Herbert Marshall McLuhan; 1911-1980) anadan olub. Elektron kommunikasiya vasitələrinin insan və cəmiyyətə təsirinə dair tədqiqatlarla məşhurlaşıb: “Mexaniki gəlin: sənaye insanının folkloru”, “Qutenberq qalaktikası: çapçı insanın yaranışı”.
21 iyul 1933 - Amerika yazıçısı Con Qardner (John Champlin Gardner; 1933-1982) anadan olub. “Qrendel” romanı ilə məşhurlaşıb, yazıçılıq peşəsini öyrənənlər üçün “Ədəbiyyat sənəti” əsərinin müəllifidir.

22 iyul 1889 - Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Ueyl (James Whale; 1889-1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev”, “Gözəgörünməz adam”, “Dəmir maskalı adam” və s.
22 iyul 1926 - Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub. Əsərləri: “Qadınlar haqqında povest”, “Yarpaq tökümü” və s. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.
22 iyul 1946 - Məşhur fransız estrada müğənnisi Mirey Matye (Mireille Mathieu) anadan olub.

Hazırladı: Vüqar Orxan