Azərbaycan
23 iyul 1883 - Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 - 8.5.1912) anadan olub. Əsərləri: “Türk ədəbiyyatına bir nəzər”, “Ədəbiyyat məcmuəsi” və s.
23 iyul 1916 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə (1916 - 16.3.2008) Bakıda anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.
23 iyul 1941 - Xalq artisti Flora Ələkbər qızı Kərimova anadan olub. Bir çox bəstəkar mahnıları onun ifasında populyarlıq qazanıb. “Qanun naminə" filmində (Züleyxa) çəkilib. “Alma almaya bənzər”, “Gün keçdi”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi” və s. filmlərdə, teletamaşalarda mahnıların ifaçısı olub.
23 iyul 1993 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam rayonunun mərkəzini, Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edib. Sonrakı günlərdə düşmən rayonun üçdə ikisini işğal etdi. Ağdam Dağlıq Qarabağ ətrafında ən böyük rayondur (ərazisi 1094 kv km, əhalisi işğal zamanı 150 min nəfərə yaxın idi) və onun işğalından sonra erməni qüvvələrinin Füzuli-Cəbrayıl istiqamətində hücumu başlandı.
23 iyul 2011 - Tanınmış xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 -23.7.2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Onun ifasında muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları” və s.) teleradionun “qızıl fond”unda saxlanılır.
25 iyul 1935 - Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.
25 iyul 1935 - Şair, publisist Məstan Günər (Məstan Rəsul oğlu Əliyev; 1935-2010) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub.
26 iyul 1915 - Teatr rejissoru, pedaqoq Əliheydər Ələkbərov (1915 - 3.3.1975) anadan olub. Yaradıcılığının böyük qismi Akademik Milli Dram Teatrı ilə bağlıdır. Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib.
26 iyul 2008 - Xalq rəssamı, Əməkdar incəsənət xadimi Nadir Qənbər oğlu Əbdürrəhmanov (5.12.1925, Laçın - 2008 ) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.
26 iyul 1995 - Xalq yazıçısı, ədəbiyyatşünas, publisist, ictimai xadim İsmayıl Şıxlı (22.3.1919, Qazax - 1995) vəfat edib. Ədib «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), Milli Məclisin deputatı (1990-1995) olub.
Dünya
23 iyul 1884 - Alman aktyoru, «Oskar» mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (Emil Jannings; 1884-1950) anadan olub.
23 iyul 1888 - Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888-1959) anadan olub. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.
23 iyul 1915 - Rus şairi, bir çox populyar mahnıların sözlərinin müəllifi Mixail Matusovski (1915-1990) anadan olub.
24 iyul 1803 - Fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan, 1803-1856) anadan olub. «Jizel» və «Korsar» baletlərinin müəllifidir.
24 iyul 1802 - Fransız yazıçısı, tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 - 5.12.1870) anadan olub. Əsərləri: "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq", “Kraliça Marqo” romanları, “III Henrix və onun sarayı” dramı və s.
24 iyul 1828 - Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828-1889) anadan olub. Əsərləri: “Nə etməli” (roman), “İncəsənətin gerçəkliyə estetik münasibəti” (kulturoloji tədqiqat) və s.
24 iyul 1857 - Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1917) laureatı Henrik Pontoppidan (1857-1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.
24 iyul 1931 - İtalyan rejissoru Ermano Olmi anadan olub. Filmləri: “Başmaqlar üçün ağac” (Kann festivalının qalibi), “Müqəddəs işçi düşkünü haqqında əfsanə” (Venesiya festivalının qalibi) və s.
25 iyul 1905 - Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1981) laureatı Elias Kanetti (1905-1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. F.Kafkanın ənənələrini davam etdirərək dünyanın absurdluğundan bəhs edən əsərlər yazıb: “Göz qamaşma” (Nobel mükafatı), “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.
25 iyul 1929 - Rus yazıçısı, rejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 - 2.10.1974) anadan olub. “Sizə azadlıq verməyə gəlmişəm” romanının, hekayələrin müəllifidir. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı başınağacı” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rolun ifaçısı).
25 iyul 1980 - Məşhur rus bard müğənnisi, şair, bəstəkar, aktyor Vladimir Semyonoviç Vısotski (25.1.1938 - 1980) vəfat edib. “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib. “Görüş yerini dəyişmək olmaz” telefilmində oynadığı Qleb Jeqlov roluna görə 1987-ci ildə SSRİ Dövlət mükafatına (ölümündən sonra) layiq görülüb.
26 iyul 1856 - Görkəmli ingilis (irland əsilli) yazıçı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1925) laureatı Corc Bernard Şou (George Bernard Shaw; 1856 - 2.11.1950) Dublin şəhərində doğulub. “Kandida”, “Piqmalion”, “Şeytanın şagirdi” və s. pyeslərin, “Ağılsız kəbin”, “Artistin məhəbbəti”, “Keşel Bayronun sənəti” romanlarının müəllifidir.
26 iyul 1875 - İsveçrə filosofu, analitik psixologiyanın banisi Karl Qustav Yunq (Carl Gustav Jung, 1875-1961) anadan olub.
26 iyul 1885 - Fransız yazıçısı, psixoloji və bioqrafik romanların müəllifi Andre Morua (Andre Maurois - əsl adı Emile Salomon Wilhelm Herzog; 1885-1967) anadan olub.
26 iyul 1894 - İngilis yazıçısı Aldos Haksli (Aldous Leonard Huxley, 1894-1963) anadan olub.
26 iyul 1928 - Amerika kinorejissoru Stenli Kubrik (Stanley Kubrick; 1928-1999) anadan olub. Filmləri: “Spartak”, “Lolita” və s.
26 iyul 1964 - Amerika aktrisası Sandra Ballok (Sandra Annette Bullock) anadan olub. Filmləri: “Sürət”, “Dağıdıcı”, “28 gün”, “Görünməyən tərəf” (“Oskar” laureatı, 2010).
Hazırladı: Vüqar Orxan