Bir nəsil-çeşmədən mədəniyyət dəryamıza üç sənət axarlıdan biri...

Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev kimi korifeyləri olan bir musiqi mədəniyyəti pleyadasına daxil olmaq çox çətin istedad “not”larından, bəxt-tale “şahmat”larındandır. Cəmi-cəmadət təqsimləri üzrə belə bir “ada” odada həmişə boş yer olur. Bəs hər sahədəki saysız kütləviliklər içrə baş ər necə, hər dönəmdəmi olur?..

İstedadlı musiqişünaslardan birinin V.Adıgözəlovdan bəhs edən məqaləsindəki bir neçə qənaəti, xüsusən, - “incəsənətin növləri və janrları həm də əsil sənətkarların özünüifadə formalarıdır” mülahizəsi mənim yuxarıdakı sualıma “yox” deməklə bərabər, Henrix Heynenin “Ölüm həyatın, musiqi isə sənətin son sözüdür” postulatını bir az həyatiləşdirdi də.
Deməli, musiqi, tək elə dünyanın, həyatın ahəngi-ritmini deyil, sənətkarın öz ruhi-ritmini də tutandır...
Rəsmi-ordinar titullarından əlavə, çağdaşlarının “musiqi bayatısı, könül laylaçısı Zülfünün oğlu” deyə yad etdiyi, müasirlərin “neo-maestro Yalçının atası” adlandırdığı, deməli, böyük sələf-xələfli bəstəkar Vasif Adıgözəlov da məhz bu qəbil sənətkarlardandır. Ustadlara, ənənələrə varislik sayğısı, yeniliklərə diqqəti, böyük sənətə “şəxsiyyətə pərəstiş” illərinin sovuşduğu illərdə gəlməsi onun ustadlığa gedən yolu üçün tale simfoniyası olmuşdur.
Adlı-sanlı bir sələfə mənsubluq, fitri istedad və s. öz yerində, onun uğurlu sənət pillələrilə dayanmadan irəliləyib yüksəlməsi üçün, artıq mükəmməl Azərbaycan bəstəkarlıq məktəbi ənənələri də hazır idi. Bu ənənənin ayrıldığı 30-40 il öncəki mərsiyə-rövzəxanlıq, “dağılan tifaq”-“bəxtsiz cavan”lıq ənənələri dövrünü nəzərə alsaq, gənc Vasif xoş taleli bir -

Bəxtli cavan...

Rəsmi sənəd faktına görə, 1935-ci il iyulun 28-də Bakıda, bəzmi-sənət taktı ilə davam etsək, - “not”suz musiqiçi-sənətkar ailəsində doğulub.
Görəsən, o gün kiminsə ağlına gələrmişmi ki, bu doğu “muğam”, “təsnif”, “mayə”, “zəngulə” və sair milli ifadələrlə nəfəs alan bu ailənin doğma kəlmə-kəlam bostanına “oratoriya”, “kantata”, “operetta”, “opera”, “romans”, “kamera-instrumental” kimi “yadelli” tağlar da əlavə edəcək?
Gələcək ixtisas təhsilinə 10 illik musiqi məktəbində (pianoçu) başlayan Vasif Adıgözəlov 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indi Bakı Musiqi Akademiyası) daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın siniflərində təhsil alır, 1959-cu ildə konservatoriyanı iki ixtisas üzrə bitirir.
O vaxtlar tez-tez işlənən “əmək fəaliyyəti”nə Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi (1958) başlayıb, sonralar Bəstəkarlar İttifaqının məsul katibi, Filarmoniyada musiqi redaktoru, A.Zeynallı adına Musiqi Məktəbinin direktoru vəzifələrində çalışıb. 1972-ci ildən adlı-sanlı müəllimlərindən biri kimi tanındığı konservatoriyanın professoru olub, “Xor dirijorluğu” kafedrasına rəhbərlik edib. 1973-cü ildə Əməkdar incəsənət xadimi, 1988-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib, 2000-ci ildən ömrünün sonunadək (2006) bu quruma rəhbərlik edib.
Dövlət mükafatı laureatı olub, "Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Yetmiş bir illik ömrünün yarım əsrə yaxını qızğın, işgüzar və məhsuldar yaradıcılıq proseslərində keçən Vasif Adıgözəlov Azərbaycan musiqi xəzinəsinə bəxş etdiyi bir neçə əsəri ilə mədəniyyət tariximizə əbədi imza atmışdır. Onlardan “Ölülər” və “Natəvan” operalarının, “Hacı Qara” (Ramiz Mustafayevlə birgə), “Nənəmin şahlıq quşu”, “Boşanaq - evlənərik”, “Lənət şeytana” operettalarının, “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala - 1915”, “Qəm karvanı” oratoriyalarının, “Novruzum”, “Təntənəli” kantatalarının adlarını çəkə, simfoniya və instrumental konsertlərini, kamera-instrumental nümunələrini, film (“Qaraca qız”, “Həyat bizi sınayır”, “Şərikli çörək” və s.) və teatr tamaşalarına yazdığı musiqiləri, romans və mahnıları qeyd edə bilərik.

Uğurlu imza illəri

XX əsrin son on ili V.Adıgözəlov yaradıcılığında tamamilə yeni və yüksək mərhələ hesab olunur. Bu mərhələnin isə üç zirvəsi var: “Qarabağ şikəstəsi”, “Çanaqqala”, “Qəm karvanı”. Musiqi mütəxəssislərinin qənaətləncə, bu oratoriyalar musiqi mədəniyyətimiz tarixində XX əsri yekunlaşdıran nümunələrdir. Onlar qeyd edirlər ki, bu əsərlərdə ümumtürk epos təfəkkürü, yüksək vətən əxlaqı və milli-mənəvi özünüdərk ehtirası çağlayır. Belə ki, ənənəvi “Segah”ın zərb ladı üstündə işlədiyi “Qarabağ şikəstəsi”ndə bəstəkar öz fəlsəfi qayəsini əks etdirmək üçün müxtəlif Azərbaycan ladlarına da müraciət edib, 2-ci hissədə qaboyun solosunu “Humayun”a keçirib, 5-ci hissəni (“Tut ağacı”) isə tamamilə “Çahargah” üzərində qurub. Bu oratoriyanın melo-teatrlaşdırılması isə xüsusi diqqətə layiqdir.
Böyük bəstəkarın bir müddət sonra Türkiyə tarixinin şərəfli bir savaş-dövrünə müraciətən yazdığı “Çanaqqala” oratoriyası da ümumtürk ruhunun yenilməzliyini əks etdirən musiqi abidəsi kimi qiymətləndirilib. Bu məşhur triptixi tamamlayan, bədii konsepsiya və estetik qayəsilə rekviyem-memorial xarakter daşıyan “Qəm karvanı” oratoriyası isə dinləyici və tamaşaçını müdhiş Qanlı yanvar və Xocalı hekayətlərinin qüssə və qisas “nəğmə”lərinə qərq edir...
Bu genetik və xəlqi musiqi istedadlısı, hər zəmanə məşhuru Qara Qarayev siniflisi tezliklə ətraf aləmin də diqqət mərkəzinə düşüb. Hələ vaxtilə öz əsərlərindən birini tələbə-pianoçu Vasifin ifasında dinləyən o dövr məşhurlarından gürcü bəstəkar O.Taktakişvili deyib: “Eşitdiyiniz bu əsəri yüksək qiymətləndirdiyinizə görə hamınıza dərin təşəkkürdən sonra elan edirəm: mənə bu cavan oğlandan yaxşı solist lazım deyil”...
Sənətşünaslıq doktoru İmruz Əfəndiyevanın monoqrafiyasından: “Vasif Adıgözəlovun istedad və qabiliyyət imkanları ilə tanışlıq üçün “Ölülər” operasındakı bir nüansa - milli musiqimizin qədim janrları ilə Avropa musiqi mədəniyyətini necə üzvi şəkildə qovuşdurmasına diqqət etmək də kifayətdir”.
Sənətşünaslıq elmləri namizədi Sevinc Tofiqqızı yazır: “Əgər məndən soruşsalar ki, V.Adıgözəlovu bir sözlə necə təqdim edərsən, tərəddüd etmədən “kübarlıq” sözünü işlədərdim. Bəli, o, əsl-nəcabətli bir nəslin oğlu, böyük şəxsiyyət və istedad sahibi idi. Onun şəxsiyyətində və sənətində Ü.Hacıbəyliyə xas millilik və müdriklik, müəllimi Q.Qarayevdən qaçılmaz tarixilik və müasirliyin vəhdəti, milli müəyyənlik, alliterasiyaların mozaik düzümü, ritm variasiyaları, monumentallıq və konseptuallıq V.Adıgözəlov musiqisinin ən ümdə bədii-estetik məziyyətləridir”.
Bu orijinal üslublu bəstəkarın hələ gənclik illərində yazdığı “İkinci simfoniya”, özünün və əsrin böyük müəllimi, ölməz bəstəkar Qara Qarayevə həsr etdiyi 1 saylı “Fortepiano ilə orkestr üçün konsert” əsərləri haqda da gözəl fikirlər söylənib və zaman keçdikcə söylənəcək. Lakin... bu böyük vətənpərvər-ziyalının öz məşhur triptixinin birincisində - “Qarabağ şikəstəsi”ndə ehtiva olunan həsrət avtohiss-duyğusu hələ də nigarançılıqda...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar