Özü də sözü kimi özünəməxsus, sözü də özü qədər məna-maraqlı, hər şeyin halalına mail, azına qail Qabil!

Bu şairin sözünü kitabdan, efir-ekrandan oxuyub-dinlədikcə, elə bil onun özünü mütaliə edirsən. Necə ki, bir vaxtlar onu bilavasitə və bilvasitə eşidib-dinlərkən, yığcamında elə bilərdin axarı bir şeirini, öz müqəyyəd bir gözəlinin hörüklərinə timsal “uzun”unda isə növbəti bir poemasını eşidirsən...

Tarixən tale püşkünə oğru-quldurluq, saxta-alabaxtalıq qisməti də düşmüş böyük şəhərlərin birində doğulmuş bu adam hələ bir çox sosial-urbanizativ çirkabın gedib çıxmadığı, həmkarlarından birinin “uca göydələnlər hay verməz sənə, kəndim, balacasan, çox balacasan” dediyi uzaq-ucqar oba adamına oxşayırdı. Yox, mən bu qənaətə çayxana-meyxana söhbətlərinin məcmusundan gəlməmişəm. Bir kərə çağdaş sələflərindən olan bir yubilyarla ilgili müsahibə üçün evlərinə gedəsi oldum. Söhbət zamanı, xeyli sevgiləyib-öygülədiyi həmin sənətkar haqda “onu dahi də adlandırmaq olarmı” sualıma görə odlandı. Qəzetimizi, jurnalistliyimi, yaşımı, evindəliyimi nəzərə (əslində, oxəntərə təbii, buxəntərə doğal bir adam olması baxımından - vecinə!) almadan, məni ağ yuyub, qara sərdi. “Sizlər - indiki jurnalistlər tamam ağ eləmisüz, e!- dedi.- Hər yerindən bir az fərqli durana korifey, dahi, düha deyirsüz!” Əgər o, sonda “Mən haqqında danışdığım bu böyük, gözəl yazıçı-dramaturqa “dahi” desəm, Məhəmməd Füzulidən, Mirzə Ələkbərdən, Mirzə Cəlildən əmdiyim irfan-işıq südü burnumdan gələr!” sözlərini əlavə edib, xeyli fağır görkəmə düşməsəydi, yəqin ki, mən onun bu fövri danlaqlarına dözməz, müsahibəni yarımçıq qoyub, evini tərk edərdim.
Yaxşı ki, o vaxt elə etmədim, yoxsa, onun bir il keçər-keçməz dünyasını dəyişməsində özümü də suçlu bilərdim...

Xaraktercə də bir Obraz...

Hər dəfə fikir-xəyallananda, doxsan yaşı bu ayın 12-də tamam olası bu şair xatirimə bir əsrlik klassik kimi gəlir. “Niyə”si-“nədən”i özümə də tam aydın deyil, ancaq bunu deyə bilərəm ki, bu sənətkar “dış”dan çox iç, “xaric”iyyədən ziyadə daxiliyyə idi. Canlı söhbətlər, mətbu və ya telemüsahibələr zamanı məqamlar olurdu ki, kənar adamları haldan-hala salan situasiyalar, suallar nəinki onun sir-sifət, üz-göz ifadələrini, heç gur saç tüklərini də dəbərtmirdi.
O, sözün düzünü, hər kəsin iç üzünü necə də “pudrasız-boyasız” deyirdi! Bütün söhbətdaşlarından az danışan bu insan haqda, bütün çağdaşlarından az yazan (cəmisi 5 kitab) bu şair barədə nələr danışır, nələr yazırlar!
Xalq yazıçısı Elçin: “Qabilin poeziyası iddiasız poeziyadır. Burada iddia ilə imkan arasında təzad yoxdur, ona görə də ürəklərə yol tapa bilir, hissləri oxumağı bacarır, düşüncələrə həmsöhbət olur. Qabil poeziyası həm də müasir poeziyadır, zəngin Azərbaycan poeziyası ənənəsinə sadiq, novator poeziyadır. Qabil poeziyası vətəndaş-şair poeziyasıdır”.
Xalq şairi Cabir Novruz: “Bir kimsə, hətta rəqibləri də dilinə gətirə bilməz ki, “Səhv düşəndə yerimiz”, eləcə də digər neçə-neçə gözəl şeirlərin, poemaların, nəhayət, “Nəsimi” kimi bir əsərin müəllifi Qabilin poeziyamızda yeri səhv düşüb. Əksinə, hamımız yaxşı bilirik ki, görkəmli sənətkarımız Qabilin ədəbiyyatımızda özünün çox görümlü, danılmaz yeri var. Artıq o bu yerin daimi sakinidir...”
Faktlar da az söz demir: Qabil Allahverdi oğlu İmamverdiyev - Azərbaycanın Xalq şairi, 23 yaşından Azərbaycan Yazıçılar İttifaqının üzvü, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun (Moskva) müdavimi, “Azərbaycan” jurnalının baş redaktor müavini, AYB Ağsaqqallar Şurasının sədri, Azərbaycan SSR Dövlət mükafatı və Ədəbiyyat Fondunun Rəsul Rza mükafatı laureatı, Əməkdar incəsənət xadimi...
Son fakt isə belə; 4 aprel 2007-ci ildə Bakıda vəfat edib...

Və...

Bir “insafsız” qanunauyğunluq var; qüvvətli şairlərin ən qüvvətli beş-on şeiri onların digər gözəl poetik nümunələrinə oxucu ekskursu üçün maneəyə də çevrilir. Mən bunu “Səhv düşəndə yerimiz”, “Ümid sənədir ancaq” kimi şeirlərinin, fundamental “Nəsimi” poemasının populyarlıq “əsarəti”ndə olan bu şairin “Dənizdə adam batıb” əsərini oxuyarkən bir daha yəqinləşdirdim. Maraqlıdır ki, həcmcə də qısa olmayan bu şeir, tarixdən bizə bəlli “şair qəribəlikləri”nin orijinal bir nümunəsini yaşamış bu sənətkar haqda “vikipediya”sındakı boşluqları da doldurur.
Bəli, bu şeirdə qəflətən qopan tufan şairin xəyalını uşaqlıq çağlarına - Pirşağı bağlarına aparır. Deyir, o çağlar tufan qopanda, nənəsi, anası, xalası deyərmiş bir halda ki, Xəzri aləmi bir-birinə qatıb, deməli, ya dənizdə adam batıb, ya bir nahaq qan düşüb, ya bu bağlar arasında hansısa bir cayıl hansısa həyalı qız-gəlinə söz atıb, hansısa bir abırlıya artıq-əskik deyilib, yoxsa bu Allah cahadı, Allah inadı, Tanrı üsyanı, çərxi-fələk fəğanı olan Xəzri bu sayaq hirs-hikkəyə düşməzdi...
O rəhmətliklərlə bağlı bu sehrli xatirə-qənaətlərdən xatircəm şair ölkəmizin məlum təlatümlü günlərində belə bir şəxsi xitab və milli nidalar edir (bir qədər ixtisari fraqmentlərlə):

Bəs niyə bu gün qopmur
Azərbaycanda xəzri?!
Qurularım bir yana,
Yaşlarım yanhayandır...
Gediş-gəlişlər hədər,
Danışıqlar gümandır.
Tökülmüş dəndi birlik,
Pərən-pərəndi birlik.
Çıxır suyun üzünə
Cinayətlə xəyanət.
Batır suyun dibinə
Abır-həya, ləyaqət.
Dənizdə sayagəlməz
Dilənçi uşaq batır.
Didişmə güdazına
Verilmiş torpaq batır.
Dənizdə adam batmır,
Dənizdə millət batır.
Batmış qanlar bürüyüb
Bu gün dağı-dərəni.
Ay Allahın cahadı,
Əs, ey dəli tufanım,
Dəyiş bu mənzərəni!
Baxıb xəcalət çəkir
Vətən - sinəsi dağlı.
Bu bəladan hamını
Xilas et, qopar, Xəzri!
Xalqı qat qabağına
Cəbhəyə apar, Xəzri!..
“Dənizdə adam batıb”
Rəhmətliklər deyərdi...
Rəhmətliklər nə yaxşı
Görmədilər bu dərdi...

Deyəsən, öz “məntiq”imi dəbbələməyə bilmirəm.
Yəni, “Səhv düşəndə yerimiz”...
Həcmcə də, “quruluş”, deyiliş, sadalanan mahiyyət-keyfiyyət atributlarımızca da heç nəyin yerinin səhv düşmədiyi bu şeiri mən, nədənsə, hər dəfə bir az nəsri-nəqli səpkidə və yalnız “müsibət oluruq biz” hökmü altında xatırlayıram. Belə ki, bizim yerimiz səhv düşəndə belə-belə müsibətlər olar; “Dağ dolanıb, yola sallanıb qiyamət edən dumana dönərik, çayda oturub üzəmməyən ümman gəmisinə, böyük dalğaya dözəmməyən çay qayığına bənzəyərik, par-par parıldasa da, iş zamanı yalnız xırçıltı salan bıçaq, qında qalan qılınc kimi pas atar, sosial-mənəvi təyinatını bilmədiyindən tarlada qabar olan ağ bilək-gül əllər görkəminə düşər, zərifcə qızıl gül satan əkə yekəpərə çevrilər, pərdələrində yerdəyiş edilmiş tar təki xaric vurarıq...
Başqaları (şairlər də daxil) gördüklərindən gözkirəsi umduqları halda, Qabil sözkirəsi çəkirdi. Onlardan biri də, klassik “boyu uzun Burlaxatun”larımızın saçı uzun müasirlərindən biri. Körük dilləri yalan-palan gopluğundan olanlara görk ediləsi - “hörükləri topuğundan” bir qız.

“Qış gecəsi uzun olur,
çox uzun.
Lakin onu utandırdı
hörükləri
bu qızın...”

Bu nağıl-noğulvari, dastanavaz, folkloranə şairimizin mental-məzaqına layiq əlavə söz tapa bilmədiyimdən, deyəsən, elə mən özüm də sözümü onun bu şeirinə uyğun - nəsri-nəzirəvi bir formada bitirəsi oluram: Poeziyamızın qabil şairlərindən olan Qabilə dair daha yaxşı, daha müqabil söz çala bilmədiyi üçün bu qələm-sazım, elə burdaca bitir bu yazım...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar