Məlum “37”-dən 30 il sonrakı “məchul” repressiyanın qurbanı - Şıxəli Qurbanov

O dövrdə qəzetlər, radio-televiziya bu haqda tamam başqa şeylər yazıb-danışırdı, camaat isə tamam alayı mətləblər söyləyirdi. Birincilərin baş “arqumenti” adi stomotoloji “diş” məsələsi idi, ikincilərin məntiqi isə “diş içində iş”.
Yuxarılar öz “nekroloq kampaniyası”nda onu “Kommunist Partiyasının sədaqətli oğlu” kimi “dejurnıy” sözlərlə yad etdi, aşağılar isə, o gündən bu günə - “Milli-siyasi Bahar” məzmunlu sevgi-öygülərlə...


Bəli, o, uzun illər bu xalqın yalnız kənd çəpərləri, şəhər məhəllələri içərisində qutladığı “Novruz”u sovetlərin alovlu atəşfəşanlıq, fütuhatal fısqırıqlarla bayramladığı “Böyük Oktyabr”, “Qızıl Ordu”, “1 May”, “Qələbə” meydanlarına çıxartdı, “Qız Qalası” banına ucaltdı!
O günlərə qədər yaman günlər idi. Tək elə yaman yox, həm də yarıdan çox yalan günlər idi. Başı insan qırğınlarının da “planlı təsərrüfat”a aid edildiyi dövrdən yenicə ayılan və mədəniyyət-mənəviyyat oyanışına meylli xalq hər sahənin bayraqdarına möhtac idi. Elə bu çağlarda “Yarım o tayda qaldı, Yarım bu tayda qaldı, Toyum burda çalındı, Yarım o tayda qaldı” (B.Vahabzadə), “Eşq əhlisiz, məni yaxşı qanarsız, Gözlər yağış yağdırmasa, yanarsız”, “Şal istədim, mən də evdə ağladım, Qulam gilə qaçdım şalı salladım” (Şəhriyar) kimi poetik nümunələr və bu yazı qəhrəmanımın 1967-ci ilin martında Novruz bayramının dövlət səviyyəsində qeyd olunması təşəbbüsü Azərbaycan ruhunda yeni bir canlanma yaratdı.
Bakı əhli o günədək yerimədiyi bir yeriş, yürümədiyi bir yürüş, güllənmədiyi bir gülüşlə küçələrə çıxdı. O gün camaat bir-birinə baxmadığı baxışla baxdı. Neçə illər idi Şimal soyuq-sazağına sozaldığı “Qar qız”ın yerində Şərq hərarətli “Bahar qız” görən, kolxoz mahnıları ilə bahəm el-ağız nəğmələri də eşidən Xalq ictimai cuşa, milli-siyasi ruha gəldi...
Bəs bütün bunlardan sonra, başdan-başa siyasi tale-dövran ona nə etdi? Heç nə, o, dinməz-söylənməz -

Getdi...

Tək elə yuxarıdakı ədəbi-publisistik təsvirlərlə obrazını verməyə çalışdığım bir milli-ictimai xadim yox, həm də gözəl Azərbaycan yazıçısı, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz” kimi əsərlərin müəllifi olan dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatı və nəhayət, ömrünün son on ilində xalqının milli-mənəvi dili və dilçəyi Şıxəli Qurban oğlu Qurbanov öz dövrünün siyasi hay-küyü fonunda “dinməz-söylənməzcə” getdi. Onun Azərbaycan SSR Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etməsi, dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilməsi, orden və medallarla təltif olunması faktları da, bütün həyatının mənası hesab etdiyi millətçiliyilə ilgili, sovet hökumətinin “tamamilə məxfi”lik, ziyalıların “nəyimə lazım” kredolu susurluq güdazına getdi.
Bolşevizmin tam oturuşmuş çağlarında doğulub (1925, Bakı), qırmızı sovetizm məktəbində təlim-tərbiyələnmiş Şıxəli əvvəlki siyasi quruluş yetkililərinin çoxundan fərqlənib. Müasirləri sonrakı illərin xatirələrində bu fərqi, daha çox, onun milli hislərilə bağlayırlar. Qeyd edirlər ki, 1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də illərin dözülməz siyasi ağırlığı altında sıxılan ürəkləri, beyinləri işığa qərq etdi. Tonqallardan ayrılan qığılcımlar, çınqılar xalqda öz milli gələcəyinə ümid yaratdı, dəyərlərin yenidən dəyərləndirilməsi prosesinə təkan verdi, toplumun millətə çevrilməsi işi yeni sürət və vüsət götürdü. Bu sahədə ədəbiyyat, onun ən çevik və operativ janrı olan poeziya xeyli iş görmüşdüsə də, milli özünüdərkin formalaşması məsələsinə Mərkəzi Komitənin, xüsusilə onun rəhbərlərindən birinin müdaxiləsi o vaxtın görünməmiş hadisəsi idi. Vurğulayırlar ki, Ş.Qurbanov bütün fəaliyyət spektrində - çoxsaylı görüşlərdə, yığıncaq və konfranslarda “quru” dövlət adamı kimi yox, millət xadimi kimi çıxış edirdi. Tale onu axına qarşı üzməyə, donuq ehkamları, əski qəlibləri sındırmağa məhkum etmişdi və o bu məhkumluqdan ləzzət alırdı...
Amma belə adamlar o vaxtkı hökumətə heç ləzzət eləmirdi...
Həmin o təntənəli, mübarək Novruz bayramı şənliyindən iki ay keçmiş, daha dəqiqi - mayın 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir...
O zamanlar bir qoca içərişəhərlinin sayaqlamafason dediyi sözlər düşdü yadıma: “Nökər bir həkim, Xan bir kişi və onun dişi. Diş necə bir “iş” açırsa, Xan kişi Haqq dünyasına köçür, nökər həkim isə pəncərədən qaçır...”
Həmin xatirələrdən -

Ən doğma və məhrəmi

Bunları onun həyat yoldaşı Xavər Qurbanova danışıb:
“Şıxəli Novruz bayramı ilə bağlı hazırlıq işlərinə başlayanda heç ailəsinin də bundan xəbəri yox idi... Məqsədi Azərbaycan xalqının milli şüurunu oyatmaq idi. Şıxəli bu istəyinə nail oldu. Həmin gün sanki bütün insanlar oyanmışdı, kim olduqlarını dərk etmişdilər. Qız qalasına doğru insanların axını dayanmırdı, hamının üzündə ürkək sevinc hisləri var idi. Şıxəli istəyinə nail olmuşdu, amma həyatı bahasına...
Həmin bayram axşamı Mərkəzi Komitənin birinci katibi V.Axundov ona təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Onu Moskvaya - izahat yazmağa çağırdılar. Getdi, Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahatında sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil. Amma təhlükə sovuşmadı. Üç dəfə həyatına qəsd cəhdi oldu... Sonda da, bildiyiniz kimi, namərd bir diş həkiminin əllərilə bu işıq dolu insanın, Vətəndaşın və Millət oğlunun ömrünə nöqtə qoyuldu”.

“Sənsiz”ə baxarsız mənsiz...

Deyirlər, bu, onun yaddaşlarda olduğu kimi qalan saysız-hesabsız sözlərindən ya axırıncısıdır, ya da axırıncıdan əvvəlincisi.
1967-ci il mayın 24-ü - vəfat edəcəyi günmüş. Azərbaycan Dram Teatrında onun “Sənsiz” dramının ictimai baxışı olacaqmış. Qızı Gülnarə Qurbanova deyir ki, hələ bir gün öncə - mayın 23-də xarici qonaqların gəlişi səbəbilə Şıxəli Qurbanov tamaşanın məşqini yarımçıq qoyub getməli olur. Qapıdan çıxanda deyir: “Sənsiz”ə baxarsız mənsiz”...
Elə belə də olur. Səhərisi gün nə truppa tamaşanı oynaya, nə tamaşaçılar ona baxa bilir. Gülnarə xanım danışır ki, səhəri gün tamaşaya gələnlərin hamısı xəstəxanada idi. Camaat “müəllif rəhmətə gedib” məlumatını həzm edə bilmirdi...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar