Tanınmış tarzən, Əməkdar incəsənət xadimi Mənsur Mənsurov ömrünün 60 ilini musiqiyə həsr edib. O, məşhur tarzən Sadıqcanın ifaçılıq ənənələrindən ustalıqla bəhrələnib.
Mənsur Məşədi Məlik oğlu Mənsurov 1887-ci ildə Bakıda dünyaya göz açıb. On bir yaşında mədrəsəyə daxil olur, burada fars dilini öyrənir. Lakin musiqi onun qəlbini öz sehrinə salmışdı. Bir gün dərs zamanı Mənsur taxta parçasını tar kimi sinəsində tutub “Uzundərə” havasını zümzümə edir. Bunu görən molla onun ayaqlarını falaqqaya saldırır və o, mədrəsəni birdəfəlik tərk edir...
O vaxtdan Mənsur taleyini musiqiyə bağlayır. Əlbəttə, bu təsadüfi deyildi. Çünki Məşədi Məlikin ailəsi musiqi aləmi ilə sıx bağlı idi. Atasının tar, kamança, tütək, böyük qardaşı Məşədi Süleymanın tar, anası Soltan Bəyimin isə saz çaldığının şahidi olmuşdu. Tarzən uşaqlıq illərini belə xatırlayırdı: “On beş yaşım olanda atam mənə bir qoltuq sazı aldı. Çox keçmədi saz çalmağı öyrəndim. Hərdən qardaşım Süleymanın tarını da götürüb oyun havalarını çalardım. Atam musiqişünas olmaqla bərabər, həm də çox qonaqpərəst idi. İrandan, Qarabağdan və başqa yerlərdən Bakıya gələn musiqiçilər bizim evə düşərdilər. Hacı Hüsü, Məşədi İsi, Mirzə Sadıq (Sadıqcan), Əbdülbaqi Bülbülcan kimi məşhur sənətkarlar Bakıya toy məclislərinə dəvət olunanda həftələrlə atamın qonağı olardılar. Bizim evə Bakıda yaşayan xanəndə Baladadaş, tarzən Zeynal, Mirzə Fərəc və başqaları da tez-tez gələr, çalıb-çağırardılar”.
Mənsur bu görkəmli sənətkarların ifalarını dinlədikcə musiqiyə dərin maraq yaranır. İlk tar müəllimi isə Mirzə Fərəc olur. O, tar çalmağı öyrətməklə bərabər, həm də muğamların adları, onların mənası, hissə və şöbələri haqqında da maraqlı bilgilər verirdi.
Beləliklə, Mənsur 20-25 yaşlarında kamil tarzən kimi tanış-qohum məclislərinə dəvət olunur. 1920-ci ildən o, “Şərq konservatoriyası”nda, 1923-cü ildən isə Üzeyir Hacıbəylinin təşkil etdiyi Dövlət türk musiqi məktəbində tar dərsi deyir. 1926-cı ildə musiqi məktəbi konservatoriya ilə birləşdirilir. Mənsur konservatoriyaya dəvət edilir, burada 1946-cı ilədək fəaliyyət göstərir. İstedadlı tar müəllimi kimi Üzeyir bəyin ən yaxın köməkçilərindən olur.
O həm də tar alətinin quruluşunda (pərdələrin qoşulmasında, tar aşıqlarının möhkəmləndirilməsində və s.) bəzi dəyişiklik edib. Hətta yeni quruluşda bir tar da hazırlayıb. Onun 1934-cü ildə yeni quruluşda hazırladığı iki tardan biri Parisdə, digəri İstanbulda incəsənət alətləri sərgisində müvəffəqiyyətlə nümayiş etdirilib.
Gənclik illərində olduğu kimi, ömrünün ixtiyar çağlarında da “Rast”, “Bayatı-İsfahan” muğamlarını özünəməxsus ustalıqla ifa edib. “Mahur-hindi” muğamını səsləndirən zaman dinləyicilərə elə gəlirmiş ki, tarı 30-35 yaşında bir tarzən sanballı mizrabları, iti barmaqları ilə dindirir. Xüsusilə, tarın cingənə simlərində Sadıqcanın mizrablarını vuranda dinləyiciləri məftun edərmiş.
Görkəmli musiqişünas Firidun Şuşinskinin “Azərbaycan xalq musiqiçiləri” kitabında Ü.Hacıbəyli tərəfindən 1934-cü ildə Mirzə Mənsura verilən xasiyyətnamədən də söz açılır: “...Mənsur Mənsurov 1926-cı ildən indiyə kimi Azərbaycan Dövlət Konservatoriyasında tar müəllimi vəzifəsində çalışır. Bu dövr ərzində bir tar müəllimi kimi özünü ən işgüzar və ən yüksək ixtisas sahibi kimi göstərib. Bundan əlavə, o, tələbələr tərəfindən muğamların bədii cəhətdən düzgün çalınmasına, kamil öyrənilməsinə böyük əmək sərf edib. Eyni zamanda xalq çalğı alətləri üçün proqram tərtib edilməsində, tarın və başqa alətlərin yenidən qurulmasında, onların gözəl səslənməsi tədbirlərində fəal iştirak etmişdir. O, bütün müəllimlik fəaliyyəti illərində özünü fəal və hörmətli bir pedaqoq kimi göstərmişdir”.
Sənətkar ölkəmizdə istedadlı musiqiçilər nəslinin (Səid Rüstəmov, Xurşid Ağayeva, Ənvər Mənsurov (Mənsur Mənsurovun oğlu), Rəşid Əfəndiyev və b.) yetişməsində rol oynayıb. Şair ürəkli sənətkar həm də bir çox qəzəl və qoşmaların müəllifi kimi tanınıb.
Tarzən Mənsur Mənsurovun pedaqoji fəaliyyəti və incəsənət sahəsindəki xidmətləri hökumət tərəfindən yüksək qiymətləndirilir. Ona 1940-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adı verilir.
Görkəmli tarzən və qayğıkeş müəllim 1967-ci ildə dünyasını dəyişib.
Savalan Fərəcov