Azərbaycan

3 sentyabr 1916 - Əməkdar incəsənət xadimi, rəssam Əyyub Müseyib oğlu Hüseynov (1916 - 17.4.1998) Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub. Əsərləri: “Araz sahilində”, “Şahbuz”, “Yağışdan sonra”, “Yaylaqda”, “Çobanlar” və s.
3 sentyabr 1931 - Xalq rəssamı, Prezident təqaüdçüsü, professor Oqtay Yusif oğlu Şıxəliyev (1931 - 31.1.2012) Bakıda doğulub. Rəngkarlığın müxtəlif janrlarında əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir.
3 sentyabr 1951 - Görkəmli aktyor, Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuri (1951 - 22.11. 2012) Bakıda anadan olub. 1974-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında ("Yollar görüşəndə...", "Qatarda", "Evləri köndələn yar", "Səni axtarıram" (trilogiya), "Ac həriflər" və s.), kinoda ("Yol əhvalatı", “Tənha narın nağılı”, "Yaramaz", “Bəyin oğurlanması", "Qətl günü", “Yuxu”) yaddaqalan obrazlar yaradıb. Respublika Dövlət mükafatı, “Şöhrət” ordeni ilə təltif olunub.

4 sentyabr 2003 - Tanınmış yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921 - 2003) vəfat edib. "Aləmdə səsim var mənim" (Seyid Əzim Şirvani haqqında), "Yad et məni" (Abbas Səhhət), "Bakı-1501" (Xətai) və s. romanların müəllifidir. "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" və s. kitabları tərtib edib.

5 sentyabr 1892 - Məşhur tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892 - 26.3.1973) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda kollektiv onun adını daşıyır) olub. “Azərbaycan ritmik muğamları", "Muğam, mahnı, rəng" kitablarının müəllifidir.
5 sentyabr 1942 - Yazıçı-dramaturq, şair Ramiq Muxtar (Ramiq Muxtar oğlu Nağıyev) Naxçıvan şəhərində anadan olub. “Üfüqlər qızaranda”, “Əgər sevirsənsə” və s. pyesləri teatrlarda tamaşaya qoyulub.
5 sentyabr 1935 - Xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar yaratmış görkəmli aktyor Siyavuş Məmmədağa oğlu Aslan (1935 - 27.6.2013) anadan olub. Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrda məşhur rolları: Dadaşbala (“Hicran”), Mindilli (“Nişanlı qız”) və s. Televiziya tamaşaları - “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s. Filmləri: “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Mənim ağ şəhərim”, “Yuxu”, “O dünyadan salam” və s.
5 sentyabr 1944 - Şair, dramaturq, Əməkdar incəsənət xadimi Hidayət Xuduş oğlu Orucov Zəngəzurda, indiki Ermənistanın Mehri (Mığrı) rayonunun Maralzəmi kəndində doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrına (1968-1984) rəhbərlik edib. Azərbaycan Respublikasının milli məsələlər üzrə dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyib. 2012-ci ildən Azərbaycanın Qırğızıstanda səfiridir. 30-dan çox kitabı nəşr olunub: «Zirvə çağırır», «İrəvanda xal qalmadı», «Həsrət», «Burdan min atlı keçdi» və s.
5 sentyabr 2002 - Prezident Heydər Əliyev "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, KİV-in maddi-texniki və maliyyə bazasının daha da gücləndirilməsi məqsədilə maliyyə vəsaiti ayrılıb.
5 sentyabr 2007 - Aktyor Şahin Cəbrayılov (29.10.1949 -2007) vəfat edib. Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”, “Topal Teymur”), filmlərdə (“Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər” və s.) yaddaqalan obrazlar yaradıb.
6 sentyabr 1935 - Şair, publisist, dramaturq Əvəz Mahmud Lələdağ (Əvəz Cəlal oğlu Mahmudov) Zəngəzur mahalının Ağdü kəndində anadan olub. Kitabları: "Dağlar marala qaldı", "Ömür payı" və s.

Dünya

3 sentyabr 1883 - Rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818 - 1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Dvoryan ocağı”, “Rudin” (romanlar), “Ovçunun qeydləri” (hekayələr toplusu), “Asya”, “Bahar suları” (povestlər) və s.
3 sentyabr 1927 - Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı” və s.
3 sentyabr 1928 - Moldova yazıçısı və dramaturqu İon Drutse anadan olub. Əsərləri: “Mehribanlığımızın yükü”, “Ağ kilsə” romanları, “Kasa mare”, “Zınqırovlu kürən madyan” pyesləri və s.

4 sentyabr 973 - Orta əsr ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 973 - 11.12.1048) Xarəzm vilayətinin Kət şəhərində doğulub.
4 sentyabr 1768 - Fransa ədəbiyyatında romantizm cərəyanın banilərindən biri Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand; 1768-1848) anadan olub. “Xristianlığın üzrü”, “Atalla və ya iki vəhşinin səhrada sevgisi”, “Rene və ya ehtirasların nəticəsi” romanlarının müəllifidir.
4 sentyabr 1791 - Alman bəstəkarı Cakomo Meyerber (Yakob Mayer Ber, 1791-1864) anadan olub. Böyük həcmli operaların müəllifi kimi tanınıb: “Robert-şeytan”, “Quqenotlar” və s.
4 sentyabr 1809 - Polyak şairi Yuliuş Slovaski (1809-1849) anadan olub.
4 sentyabr 1904 - Fransız rejissoru Kristian Jak (Christian-Jaque (Maudet); 1904-1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi), “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.
4 sentyabr 1913 - İtalyan kinorejissoru Renato Kastellani (Renato Castellani; 1913-1985) anadan olub. Filmləri: “Romeo və Cülyetta”, “Cüzeppe Verdi”, “Leonardo da Vinçinin həyatı” və s.
4 sentyabr 1952 - Hind aktyoru Rişi Kapur anadan olub. Dünya şöhrətli Rac Kapurun oğludur. Filmləri: “Bobbi”, “Qisasçı”, “Belə yalançı”, “Qara şahzadə Acuba” (sovet-hind filmi) və s.

5 sentyabr 1568 - İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella, 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.
5 sentyabr 1817 - Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s.
5 sentyabr 1912 - Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keys (John Milton Cage; 1912-1992) anadan olub.
5 sentyabr 1946 - Əslən iranlı olan məşhur Britaniya rok müğənnisi, «Queen» qrupunun lideri Freddi Merkuri (Freddie Mercury - əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.

6 sentyabr 1860 - Amerika filosofu və sosioloqu, Nobel sülh mükafatı (1931) laureatı Ceyn Adams (Jane Laura Addams, 1860-1935) anadan olub.
6 sentyabr 1928 - Rus bəstəkarı və dirijoru, SSRİ Xalq artisti Yevgeni Svetlanov (1928-2002) anadan olub.
6 sentyabr 2007 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 12.10.1935 - 2007) vəfat edib.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar