Səhnələrdə çox mobilliklər etsə də, parlam-populyarlıqda, mətbu təbliğ-təşviqdən yarımamış Mobil Əhmədov...

Bu sənətkar aktyor-müğənni-rəssam “trio”sunun heç birində “ilk baxışda” tutulanlardan ola bilmədi. “İkinci baxış” sahibləri isə (bütün xalqlarda olduğu kimi) xeyli az...
Daha bir səbəb; M.Əhmədov tamaşa salonlarını bir çox librettolardakı “gül” və ya tul situasiyalarla həddən ziyadə güldürüb-kədərləndirmək, teatr binası xaricindəki (əslində, bir addımlığındakı) gerçək həyatı tam unutdurmaq istəyənlərdən deyildi...
Bəs kim, nə karə və necə sənətkar idi?


Öncə kim, nə karə...

Amma bir qədər geniş bəhs edəcəyim bu şəxsi-həyati kimliyindən - tərcümeyi-hal varlığından lap öncə, sənət yarlığı barədə epiloqvarı bir “remarka”: Mobil Əhmədov - səhnə klassikasını daim müasirlik və “gələcək” mizan-düzənilə önləyənlərdən, vokal ifaçılığını neo-dramatiklik, əndazəli komikliklə sintez edən, lakin, günəş korifeylər fonundakı buludlu diqqət-qiymət ilğımlarında o qədər də aydın görünməyən çox az ulduzlardan biri...
Səksən beş yaşı tamam olur. 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. Şagirdlikdə rəssamlığa da meyl salıb, aktyorluğa da. Lakin o illərdə bir qrup incəsənət xadiminin vokal qabiliyyətli məktəbliləri seçmək məqsədilə növbəti səfəri Gəncəyə etməsi işləri “korlayıb”. Hələ tanımadığı münsiflər (Əşrəf Abbasov və Fikrət Əmirov) onun ifa etdiyi “Evləri var xana-xana” və “Neftçilər” mahnılarını nəinki bəyənir, hətta dönə-dönə tapşırırlar ki, qəbul zamanı sənədlərini mütləq konservatoriyaya versin.
Ancaq universal qabiliyyətli Mobil sənət seçimində iki yol ayrıcında qalır: müğənnilik, yoxsa rəssamlıq?
Hələ uşaq ürəyinin səsi onu Rəssamlıq Məktəbinə gətirir. Burada onun əl işləri “qeyri-adi” hesab olunur və hətta komissiyada şübhə doğurur; “doğrudanmı bunları rəssamlıq təhsili görməmiş şagird çəkib?..”
O, komissiya üzvlərinin gözləri qabağında bir natürmort çəkir və yekdil qərarla birbaşa məktəbə qəbul olunur. O kasıb sosial dövrdə ona ümumi yataqxanada otaq ayrılır, məktəbin ən istedadlı və çalışqan tələbəsi kimi Repin adına təqaüdə salınır.
Mobil öz xəyal aləmində bu uğurlardan ruhlanmaqda, fələk isə başqa bir şey saymaqda.
1956-cı il. Qış tətili günlərində əsgəri xidmət qeydiyyatıyla bağlı Gəncəyə getməli olan Mobil yır-yığış edib, gəlir Bakı dəmiryol vağzalına. Biletini alır, vaxta isə hələ xeyli qalırmış. Vağzal həndəvərində gəzişirkən... Yox, burdan beləsini onun öz xatirələrindən: “Sən demə, “vaxt öldürmək”çün getdiyim bu yol məni, o vaxtadək tanımadığım konservatoriya binasına - taleyimin yeni bir məkanına aparırmış. Binaya yaxınlaşanda qulağıma musiqi səsi gəldi. Pəncərədən içəri boylandım, gördüm bir qadın piano çalır, bir cavan oğlan da oxuyur. Burnumu pəncərənin soyuq şüşəsinə dayayıb axıradək qulaq asdım. Mahnı bitsə də, gözlərimi onlardan çəkmədim. Müəllimə işarəylə soruşdu ki, nə istəyirsən, əlimi qulağımın dibinə qoyub işarə etdim ki, oxumaq. Məni içəri dəvət etdilər və o yaraşıqlı vokal müəlliməsi (rəhmətlik Pəri xanım) soruşdu ki, nə oxuya bilirsən, dedim, “Evləri var xana-xana”. Oxu, görüm. Pianonun müşayiətilə oxudum və o, tələsik yır-yığış edərək “arxamca gəl”, dedi. Rektorun otağına qalxırmışıq. Əşrəf Abbasovu görən kimi “müəllim, mən Sizi tanıyıram” dedim. “Hardan tanıyırsan, oğul?” Siz Fikrət müəllimlə Gəncəyə gəlmişdiniz, mən klubda oxudum, siz də bəyəndiniz. “Bəs niyə gəlmədin oxumağa?” Dillənmədiyimi görən Əşrəf müəllim katibə qıza dedi ki, professoru bura dəvət elə. Özünəməxsus təbəssümlə içəri girən professoru - dahi müğənnimiz Bülbülü ilk dəfə orda gördüm. Bütün hərəkətlərinə, geyiminə, danışığına heyranlıqla tamaşa etdiyim korifeyimiz məsələnin nə yerdə olduğunu öyrənəndən sonra üzünü mənə tutdu:
- Hə, gəncəli balası, nə oxuya bilirsən?
Özüm də bilmədən dedim:
- “Koroğlunun ariyası”nı...
Ustad uğundu və çox yumşaq bir tonda dedi:
- “Siçan olmamışdan çuval deşmək” məsəlini eşitmisən, gülüm? ...Bəlkə bir xalq mahnısı oxuyasan?
Mən böyük həvəslə (və bundan da böyük həyəcanla!) “Evləri var xana-xana”nı oxudum. Hamı susub, professorun nə deyəcəyinə qulaq kəsildi. O, üzünü Əşrəf müəllimə tutaraq, rus dilində:
- “On samorodok” - deyib, özünəməxsus şirin ləhcəylə əlavə etdi - Mütləq oxumalıdır. Mən məmnuniyyətlə onu öz sinfimə qəbul edərəm.
Əşrəf müəllim:
- Professor, birinci semestr başa çatıb...
- Yolu var, Əşrəf müəllim. Gəlin, biz onu hazırlıq kursuna götürək, sentyabrda qəbul edərik birinci kursa. Əhvalatdan belə görürəm ki, bu oğlan bir də əldən buraxılsa...
Belə. Qatara aldığım biletin cibimdə qalması bir yana, hələ yarım il oxuduğum Rəssamlıq Məktəbilə də vidalaşıb Konservatoriyaya gəlməli oldum...”

Və necə idi...

Uğurları 1958-ci ildə “Azərbaycanfilm”in çəkdiyi “Əmək və səadət nəğmələri” musiqili-sənədli filmində ifa etdiyi “Sevgili canan” romansından və Zaqafqaziya konservatoriyaları arasında keçirilən müsabiqədə xüsusi mükafata layiq görülən çıxışından başlayıb. C.Cahangirovun təklifilə Dövlət Radio və Televiziya xoruna solist qəbul olunub. Tezliklə elə bir sənət aurası yaradıb ki, L.Abdullayev, B.Səfəroğlu, N.Zeynalova kimi azmanların çalışdığı Musiqili Komediya Teatrına dəvət olunub. O, bunun növbəti bir tale ərməğanı olduğunu xatirələrində də vurğulayıb: “Adımı ilk dəfə ADMKT afişalarında oxuyanda gözlərimə inansam da, fikrimdə reallığa çevirə bilmədim. “Doğrudanmı mən, indiyədək çox-çox uzaqlardan baxdığım bu nəhəng aktyorlarla çiyin-çiyinə çıxış edəcəyəm?!” kimi qəribə hislərə qapılırdım”.
Bu hiss-duyğulara baxmayaraq, Mobil Əhmədov səhnədə cəsarətli, sərbəst, “as”larla tərəf-müqabillikdə psixoloji tarazlığı saxlamaq qabiliyyətinə malik bir gənc olduğunu sübut edə bilir. Bu bir yana, onun hər hansı bir mahnı, ariya və ariozanın daxili ahənglərini, məna çalarlarını duyub-çatdırmaq bacarığı qeyri-adi sənət aləmi kimi baxdığı bu qədim teatrda yeni amil kimi qiymətləndirilib. Bu qeyri-ənənəvi əda-qəbalara malik gənc Musiqili Teatrın ifaçılıq ənənələrinə sadiq qalsa da, təqlidçilik elementlərindən qaçaraq, “köhnə səhnəyə təzə məzə” kimi xoş replikalar altında daim yenilik ruhu, coşqun sənət ehtirasları ilə “köhnə” və yeni teatr ictimaiyyətinin maraq və məhəbbətini qazanır. Ötən əsrin 60-70-80-ci illərində Mobil Əhmədov bu truppanın elə bir seçkin sifətinə çevrilmişdi ki, tamaşaçılar dövrün bu ovqat səhnəsini onsuz təsəvvür edə bilmirdilər. “Hacı Kərimin aya səyahəti”, “Qızılaxtaranlar”, “Ulduz”, “Altı qızın biri Pəri”, “Olmadı elə, oldu belə”, “Məşədi İbad”, “Qayınana”, “Ev bizim, sirr bizim”, “Danabaş kəndinin əhvalatları”, “Həmişəxanım”, “Milyonçunun dilənçi oğlu” və başqa (70-ə yaxın) tamaşalarla bağlı söhbət və mətbu yazılarda Mobil Əhmədovun adı əvvəldə də xatırlanırdı, ortada da, axırda da...
O həm də gözəl, köhnə dinləyicilər demişkən, “ahəngi-məlahətli müğənni idi”. Qədim xalq mahnılarını doğma nəvə-nəticə sevgilərilə ifa edirdi. Həmin mahnılar günü bu gün də efir-ekran bəzəyi olduğundan, çox qısaca olaraq, yaradıcılıq aləminin başqa bir qolundan, ömrünün sonunadək solub-sönməyən istəyindən - rəssamlığından bəhs etmək istərdim.
Onun Hacıkənd meşələri, Gəncənin park, küçə və qədim abidələrini təsvir edən atüstü-ayaqüstü eskizlərini gözdən keçirirkən bu istedadlı sənətkarın dahi Frans Qals, Velaskes, Rembrandt, Qoyya dünyalarına pərəstişilə bahəm, onların istifadə etdikləri cərəyanlara bələdlik və bəhrələnmə bacarığı da üzə çıxır. Rəssamlığın müxtəlif janrlarında gəzişmiş M.Əhmədovun bu sahə yaradıcılığında portret janrı daha qabarıq görsənir və çəkdiyi “Pikassonu düşünərkən”, “Süleyman Rüstəm”, “Mayor Əli”, “Tələbə qız”, “Mənim dostlarım” portretləri, “Tənha qayıq”, “Gəncə mənzərələri”, “Gəncə çayı” mənzərələri, habelə “Kənd və şəhər xoruzları”, “Anbar siçanı” karikaturaları oxucuların təsəvvüründə bu universal istedadlı sənətkarın öz xəyali portretini də yaratmış olur...

Tahir Abbaslı