Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və TİKA-nın dəstəyi ilə Bakı şəhərinin mehmanxana sistemində çalışan əməkdaşlar üçün Azərbaycan Turizm İnstitutunda növbəti kurslar keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumatda bildirilir ki, 2011-ci ilin noyabrında Azərbaycanın turizm sektorunda çalışan mütəxəssislər üçün yemək-içmək servisi və mehmanxana xidmətləri üzrə təlim-tədris kursları keçirilib. Kursların uğurlu nəticələr verdiyini və bu ilin mayında “Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçiriləcəyini nəzərə alaraq, təşkilatçılar kursları davam etdirmək qərarına gəliblər.
   10 gün müddətində nəzərdə tutulan kurslar hotel menecmenti, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə təşkil olunacaq. Təlim-tədris kurslarının martın 1-dən 10-dək keçirilməsi nəzərdə tutulur. Kurslarda dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək. Martın 10-da kurslarda iştirak edən dinləyicilərə müvafiq sertifikatlar veriləcək.