Azərbaycan

18 sentyabr 1885 - Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti, akademik Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 - 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər musiqi əsərlərinin müəllifidir. Böyük bəstəkarın doğum günü Azərbaycanda Milli musiqi günü (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.
18 sentyabr 1885 - Görkəmli bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (1885 - 28.7.1937) anadan olub. Azərbaycan professional musiqi sənətinin inkişafına mühüm töhfələr verib. «Şah İsmayıl», “Nərgiz” operalarının, simfonik və vokal əsərlərinin müəllifidir. Opera Teatrının rəhbəri və dirijoru, Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.
18 sentyabr 1978 - Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 - 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
18 sentyabr 1988 - XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1906, Təbriz, Xoşnigab kəndi - 1988) vəfat edib. Azərbaycan və fars dillərində yazıb. İlk kitabı 1931-ci ildə nəşr olunub. Sonralar şairin dördcildlik divanı, iki hissədən ibarət "Heydərbabaya salam" poeması, "Türkcə divan" toplusu, digər əsərləri çapdan çıxıb.
18 sentyabr 1994 - Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb.

19 sentyabr 1995 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922 - 1995) vəfat edib. Populyar mahnıların ("Sevgilim", "Leyla", "Bakı"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", “Yol ayrıcında”, “Ordan-burdan”), digər əsərlərin müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
19 sentyabr 1992 - Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın ərəbşünas, professor Aidə Nəsir qızı İmanquliyeva (10.10.1939 - 1992) vəfat edib. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların, "Qələmlər birliyi", "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyalarının müəllifidir. 1991-1992-ci illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub.

20 sentyabr 1921 - Görkəmli astronom, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının banisi, akademik Hacıbəy Sultanov (1921-2008) anadan olub.
20 sentyabr 1993 - Tanınmış kinorejissor, ssenarist, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 - 1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) və s. filmlərə quruluş verib.

21 sentyabr 1493 - Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. Şah İsmayılın, sonra isə onun oğlu şah Təhmasibin zamanında Səfəvi sarayının rəssamı olub, dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub.
21 sentyabr 1924 - Bakıda I Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.
21 sentyabr 1938 - Şair, yazıçı Nurəngiz Gün (Quliyeva; 1938 - 20.12.2014) anadan olub. Azərbaycan Televiziyasının diktoru olub. “Var olun, qızlar...” filmində (Zeynəb) çəkilib.
21 sentyabr 1959 - Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Nizami Qulu oğlu Cəfərov Qazax rayonunun Zəlimxan kəndində anadan olub. 2001-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin müdiridir. Milli Məclisin deputatıdır.
22 sentyabr 1865 - Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) anadan olub. XX əsrin əvvəllərində "Nicat", "Səfa” və "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib. Görkəmli aktrisa Nəsibə Zeynalovanın atasıdır.
22 sentyabr 1909 - İlk azərbaycanlı kinorejissorlardan biri olan Səməd Mərdanov (1909 - 6.8.1939) anadan olub. 1939-cu ildə çəkdiyi "Kəndlilər" bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.
22 sentyabr 1929 - Publisist, ictimai xadim Əhməd bəy Qaraca (1929 - 6.5.2005) Türkiyədə anadan olub. Ailəsi 1924-cü ildə qardaş ölkəyə mühacirət etmişdi. M.Ə.Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyində fəallıq göstərib, 1955-ci ildən quruma rəhbərlik edib. Türkiyədə nəşr edilən “Azərbaycan” jurnalının redaktoru olub.
22 sentyabr 1929 - Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929 - 30.11.1997) anadan olub. BDU-nun professoru olub.
22 sentyabr 1964 - Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (9.9.1876 -1964) vəfat edib. Azərbaycan musiqisi tarixində “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.

Dünya

18 sentyabr 1905 - Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” mükafatı laureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson; 1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.
18 sentyabr 1961 - Fransız yazıçısı Bernard Verber (Bernard Werber) anadan olub.

19 sentyabr 1911 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1983) laureatı Uilyam Cerald Qoldinq (William Gerald Golding, 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
19 sentyabr 1948 - Məşhur ingilis aktyoru Ceremi Ayrons (Jeremy John Irons) anadan olub. Filmləri: “Fransız leytenantın arvadı”, “Svanın məhəbbəti”, “Həyat dolanbaclarında” (“Oskar”, 1990), “Lolita“ və s.

20 sentyabr 1878 - Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair, 1878-1968) anadan olub.
20 sentyabr 1946 - Fransanın Kann şəhərində birinci beynəlxalq kinofestival açılıb. Sonrakı illərdə ənənə halını alan tədbir dünyanın ən nüfuzlu kino müsabiqələrindən biridir.
20 sentyabr 1899 - Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss, 1899-1973) anadan olub.
20 sentyabr 1934 - İtalyan kinoaktrisası Sofi Loren (Sophia Loren - Sofia Villani Scicolone) anadan olub. Filmləri: “Çoçara” (“Oskar” mükafatı), “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah”, “Günəbaxanlar” və s. Üç ən nüfuzlu kinofestivalın (Kann, Berlin, Venesiya) mükafatçısıdır.

21 sentyabr Beynəlxalq Sülh Günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “Qlobal atəşkəs və zorakılıqsız gün” kimi təsis edilib.
21 sentyabr 1866 - İngilis yazıçısı Herbert Uells (Herbert George Wells, 1866-1946) anadan olub. Elmi-fantastik əsərlərin müəllifidir: “Zaman maşını”, “Gözəgörünməz adam”, “Aləmlərin savaşı”, “Qarışqalar səltənəti” və s.
21 sentyabr 1911 - Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.

22 sentyabr 1694 - İngilis yazıçısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield, 1694-1773) anadan olub.
22 sentyabr 1875 - Məşhur rəssam, bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus Çürlenis (Mikalojus Konstantinas Ciurlionis; 1875-1911) anadan olub.
22 sentyabr 1893 - Rus filosofu və yazıçısı Aleksey Losev (1893-1988) anadan olub.
22 sentyabr 1895 - Amerika aktyoru, «Oskar» mükafatı laureatı Pol Muni (əsl adı Meshilem Meier Weisenfreund; 1895-1967) anadan olub.
22 sentyabr 1938 - Amerika aktyoru və müğənnisi Din Rid (Dean Cyril Reed, 1938-1986) anadan olub.

Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar