Böyük sənətkarlar yurdu Şuşamızın həm də canlı elm aləmi - Mir Möhsün Nəvvab
Bir halda ki o vaxtlar Şuşanı “Qafqazın təbii konservatoriyası” adlandırırdılar, niyə də indilər onu - XIX əsrdə bu “kiçik” şəhərin yetirdiyi 100-ə yaxın şair, 20-dən çox musiqişünas, 40-dək ünlü müğənni, 60-dan artıq rəssam, memar, xəttat, astronom, riyaziyyatçı, həkim və digər sahə peşəkarlarının hamısının ustad hesab etdiyi Mir Möhsün Nəvvabı həmin konservatoriyanın mənəvi rektoru timsalında anmayaq, oradakı milli mədəniyyət, ədəbiyyat-incəsənət, elm-irfan tərkibli təbii makro-polifonik “kapella”nın maestro-dirijoru kimi qələmə verməyək?..
Təbii, o, həmişə (xüsusən o dövrdə!) Azərbaycanın ən seçkin mədəniyyət mərkəzlərindən birində - neçə-neçə ədəbi, ictimai, musiqi və digər cəmiyyətlərin, mədrəsə və müxtəlif tipli məktəblərin fəaliyyət göstərdiyi, məlum Nadir şah qəzəbnaklığından dolayı, məmləkətin müxtəlif nöqtələrindən qopub gəlmiş əyilməz, azadxah, ayıq-oyaq, istedadlı adamların düşüncə və əməllərindən məcmulanan mədəniyyət, elm, incəsənət ənənələri olan Şuşa kimi bir şəhərdə pərvəriş tapmışdı. Burada zəngin kitabxanalar, qiymətli kitabların üzünü köçürən, onlara bənzərsiz miniatürlər çəkən, şəhər binalarının divarlarına unikal nəqşlər vuran xəttat və rəssamlar, sonralar dünyanın adlı-sanlı muzeylərinin bəzəyi olası xalçalar toxunan emalatxanalar vardı. Lakin bu da var ki, görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı M.M.Nəvvab həmin sənətkarların hamısından bir baş yüksəkdə durmuş, qeyri-adi fəhmi, universal istedadı, fərdi-ictimai səmimiyyəti, hətta uzun ömrü ilə adının milli mədəniyyət və elm aləmimizə qızıl hərflərlə yazılması şərəfinə yetmişdir. Ondan bəhs edən bütün mütəxəssislər, monoqrafiyalar, oçerklər belə bir ümumi-ortaq rəydədirlər ki, kapitalist münasibətlərinin cücərməyə, yeni təfəkkür “təsərrüfatı”nın yaranmağa başladığı XIX əsrin ortalarında M.M.Nəvvab orta əsrlərə məxsus elmi biliklər sisteminə qeyri-adi mükəmməlliklə sahib bir ensiklopedist-alim kimi boy verib.
Mənbələrdə əsasən musiqişünas-alim kimi vurğulansa da, Nəvvab həm də Azərbaycanda sonuncu özgürəməl (ordinar təhsil görməmiş, təbiiseçmə) kimyagər, münəccim və rəssamlardan hesab edilir. Onun Azərbaycan dilində yazdığı “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) əsəri ən yaxşı klassik ənənələr ruhunda qələmə alınan, Şərqdə bu qəbil son və mükəmməl risalələrdən biri kimi qiymətləndirilir. Onun “özgürəməl”lik dünyasını ehtiva edən ən mühüm detallardan biri də bu ki, başlıqda “Akadem-Adam” deyə təqdim etdiyim bu canlı ensiklopediya bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır!..
Ömrü uzunu dağlar başındakı yurdundan bir əcnəbi aşağılığına düşməməklə (“çox gəzən çox bilər” deyiminə əks gedən?) bu sayaq alimliyə ucalmış bu adam haqda xeyli hal-qəziyyə haşiyələri çıxmaq mümkün olduğu halda, həcmi-qəzetçilik baxımından, qısaca tərcümeyi-halı və -
Zəngin, universal irsi barədə
Adı, soyadı xeyli “nimdaş” səslənsə də, bütün zamanlar üçün müasir görünəsi bu böyük şəxsiyyət 1833-cü ildə Şuşada - yerli camaatın çox hörmət bəslədiyi Hacı Seyid Əhmədin ailəsində doğulub. İlk təhsilini ruhani məktəbində alıb. Ərəb, fars, türk dillərini mükəmməl mənimsədikdən sonra Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnib. Elə gəncliyindən Şuşanın ədəbi, mədəni, ictimai həyatında fəal iştirak edib. Şeirlər yazıb, öz təşəbbüsü, səyi və maliyyəsilə açdığı mətbəədə kitablar nəşr edib, müxtəlif məktəblərdə dərs deyib, “Məclisi-fəramuşan” (ədəbi) və “Məclisi-xanəndə” (musiqi) məclisləri quraraq neçə-neçə şair və xanəndənin (A.Asi, F.Kəminə, M.Baqi, X.Qarabaği, H.Hüsü, M.C.Əmirov, İ.Abdullayev, S.Şuşinski və b.) yetişməsinə rəvac verib. Bu qədər ictimai-milli əhəmiyyətli işlərdən vaxt tapıb yazdığı 20 kitabdan biri - “Təzkireyi-Nəvvab” toplusu üçün Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplayıb.
Riyaziyyat, kimya və astronomiya ilə də dərindən maraqlanan Nəvvab öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı “Kifayətül-ətfal” kitabında o, göy cisimlərinin yerləşməsi və günəş tutulmaları haqda cədvəllər tərtib edər, kimya laboratoriyasında şagirdlərilə sınaqlar keçirər, ötən əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri sərf-nəzər edərmiş. “Nəsihətnamə” əsərində tək elə cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıqdır. Müəllif məşhur musiqi traktatı “Vüzuhül-ərqam” (ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunub) əsərində ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şeir mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından yerləşmə optimallığı problemlərinə toxunur.
Bu böyük elm və mədəniyyət adamı Azərbaycan ədəbiyyatına da dəyərli töhfələr verib. “Məclisi-fəramuşan”ın rəhbəri, “köhnə təhsilli” M.M.Nəvvab daim yeniliyə meyl edir, Şuşadan kənara çıxmasa da, dünyanın bir çox mədəni mərkəzlərilə əlaqə saxlayır, məclis üzvlərini mədəni yeniliklərlə tanış etmək üçün müxtəlif qəzet və məcmuələr (Bakıdan “Əkinçi”, Tiflisdən “Ziya”, “Kəşkül”, Hindistandan fars dilində nəşr olunan “Həblül-mətin” və s.) alırdı.
Məclis bu alim-şairin nəzirələrini qiraət və muğamat etməkdən doymazmış. 30-40 il bundan əvvəllərədək yaşlı şuşalılardan bəziləri Füzulinin “Yar rəhm etdi məgər naləvü əfğanimizə, Küfri-zülfin salalı rəxnələr imanimizə” misraları ilə başlanan qəzəlinə Nəvvabın yazdığı “Qəm qübarı yatıb əzbəs dili-viranəmizə, Kafər ağlar bizim əhvali-pərişanimizə” nəzirəi təkrar etməkdən yorulmazdılar. Yaxud, onun M.P.Vaqifin “Xublar arığından yarımaq olmaz, İgidin həmdəmi gərək çağ ola” misraları ilə başlanan qoşmasından təsirlənərək yazdığı misralara diqqət yetirək:
Nazilə nazik baxanda dinü imanı ala,
Qəmzəsi ahənrüba tək cismdən canı ala,
Bir xumar baxmaqlan İranü, Turanı ala,
Əhdü-peymanda vəfadarü vəfapərvər ola.
Deməliyik ki, Nəvvab şeirlərində X.Natəvan, S.Ə.Şirvani poeziyasından bəhrələnmələr də az deyil. Məsələn, Natəvanın məşhur “Ağlaram” rədifli qəzəli Nəvvab rübabında belə səslənir:
Zindani-qəmdə oldu günüm qarət, ağlaram,
Sevdayi-eşqin ilə çəkib zillət, ağlaram.
Nəvvab “Məclisi-üns” rəhbəri Natəvanın özünə də böyük sənət məhəbbətilə yanaşmışdır. Xurşudbanu övladını itirdikdən və xəstələnərək bir müddət evdən bayıra çıxmayınca, o yazırdı:
Əliyyeyi-aliyyə Ağayi-cəlilə,
Neçün əşarınız olmaz hüveyda.
Qamu əşarlar əncamə yetdi,
Sizinkindən əsər olmazmı peyda?..
Cəmiyyətdə hörmətli, həqiqi bir mömin bəndə olmuş Mir Möhsün ağa şeirlərində dini hörmətdən salan mollaları, gündə bir təriqət donuna girib böyük islam mədəniyyət-mənəviyyatına xələl gətirənləri unutmurdu:
Otuz dəfə dad etmişəm sənə mən,
Zahidlərə uymagilən, ağa, sən.
Gecə-gündüz bular ilə düşmüşəm,
Görməmişəm heç birində vəfa mən.
Yaxud:
Müsləmana təəssüb vacibdi, Nəvvabi-zar,
Böylə fərman veribdir o rəsuli-tacidar,
Həmiyyəti olanı hifz eləsin Kirdgar,
Qeyrətsiz əşxasla izn yox danışmağa.
Müdrik və təpədən-dırnağa milli düşüncə daşıyıcısı olmuş alim-şair “Millətin birləşməsi haqqında” adlı 6 bəndlik müxəmməs-tərcibəndində 1905-1906-cı illər hadisələrindən - ermənilərin törətdiyi faciələrdən sonra bu xalqı bütün “xırda-para”lıqları unudaraq birləşməyə çağırırdı:
İttifaq edib eyləyin səvab,
İttifaq edin manəndi-dəvab,
Doğru yoldur ki, göstərir Nəvvab,
Ayılın, qardaş, xabi-qəflətdən
Əl çəkin bir dəm bu cəhalətdən...
Böyük elmi işlər görmüş, metodoloji sistem və qaydalar yaratmış, səksən beş il yaşayıb, ilk Demokratik Cümhuriyyət ilimizdə dünyasını dəyişən bu universal sənətkarı onun özünə layiq tərzi-üslubda təqdim edə bilməsəm də, o, yenə öz böyüklüyünü saxlamada, bundan sonrakı sanballı yazılara gözəl və dolğun mövzu olaraq qalmada...
Tahir Abbaslı