Jurnalistika tariximizdə hər zaman minnətdarlıqla xatırlanan Nurəddin Babayevin vəfatından 25 il ötür

Professor Nurəddin Babayev Azərbaycan jurnalistikasında dəyərli qələm sahibi və gözəl pedaqoq kimi həmişə minnətdarlıqla xatırlanır. O, ömrünün qırx ilini peşəkar jurnalist kadrlarının hazırlanmasına həsr edib.

Nurəddin Həsən oğlu Babayev 21 mart 1921-ci ildə Gəncədə dünyaya göz açıb. Məktəbli ikən “Azərbaycan pioneri” qəzeti ilə əməkdaşlıq edir, oçerk və hekayələri 1939-cu ildən dövri mətbuatda dərc edilir. İkinci Dünya müharibəsinin iştirakçısı olan N.Babayev cəbhədən qayıtdıqdan sonra “Kommunist” qəzetində işə düzəlir, xüsusi müxbir və şöbə müdiri olur. Sonra “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, “Uşaqgəncnəşr”də baş redaktor vəzifələrində çalışır. O, işləyə-işləyə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur.
1951-ci ildə ADU-nun Jurnalistika şöbəsində elmi-pedaqoji fəaliyyətə başlayır. 1969-cu ildə həmin şöbə Filologiya fakültəsindən ayrılaraq müstəqil fakültəyə çevrilir və ilk dekanı Nurəddin Babayev olur.
O, ilk gündən tələbələrin milli dildə dərslik və dərs vəsaitləri ilə təminatı məsələsini ön plana çəkir. Onun redaktorluğu ilə ikicildlik “Jurnalistika məsələləri” adlı dərs vəsaiti işıq üzü görür. Jurnalistika fakültəsinin müəllimləri tərəfindən yazılan və mətbuatın, televiziya və radionun tarixi, nəzəri və təcrübi məsələlərinə həsr edilən kitab jurnalistikaya dair ilk dərs vəsaiti idi. Kitab Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülür.
N.Babayev tələbələrin qəzet redaksiyaları, efir məkanı ilə sıx əməkdaşlığı məsələsini gündəmə gətirir. Onun səyi ilə istehsalat təcrübələrinin sayı artırılır. Eyni zamanda aparıcı qəzet redaktorlarının, tanınmış jurnalistlərin fakültədə praktik məşğələlərə cəlb olunmasına şərait yaradılır, fakültədə ayrıca “Jurnalist” tədris qəzeti nəşr edilir.
N.Babayev mətbuatımızda oçerk ənənəsinin yaradıcısı sayılır. O, 1958-ci ildə “1930-1940-cı illər Azərbaycanda bədii oçerk janrının inkişafı” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Akademik Bəkir Nəbiyev “Azərbaycan gəncləri” qəzetində N.Babayevin bu tədqiqat əsəri haqqında yazırdı: “Nurəddin Babayevin bu əsəri, adətən namizədlik dissertasiyası üçün vaxt olaraq verilən 2-3 ilin məhsulu deyildir. Əsər həqiqətən 2-3 ildə yazılmış olsa da o, müəllifin uzun illər boyu qazanmış olduğu əməli jurnalistik təcrübəsinin, səmərəli zəhmətinin məhsuludur”.
Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru B.Roslyakov Elmi şuranın adına göndərdiyi rəyində belə qeyd edib: “Nurəddin Babayevin öz dissertasiyasında qaldırdığı və həll etdiyi məsələlər yalnız Azərbaycan jurnalistikası üçün deyil, ümumiyyətlə, sovet oçerkinin nəzəri məsələlərini işləmək nöqteyi-nəzərindən də əhəmiyyətlidir. İmkanım olsaydı, öz səsimi böyük bir həvəslə Nurəddin Babayevə elmi dərəcə verən şuranın səsinə qatardım”.
N.Babayevin “Mübariz janr” adlı monoqrafiyasında oçerk sənətkarlığının inkişafı elmi ardıcıllıqla araşdırılır. Oçerki başqa janrlardan fərqləndirən əsas cəhətlər ümumiləşdirilərək diqqətə çatdırılır. Müəllifin fikrincə, jurnalist etikası bütün etikaların zərif, incə və ən nəzakətli cəhətlərini özündə birləşdirməli, onların yüksək ifadə forması və nümunəsi olmalıdır.
Tərbiyə, əxlaq və yüksək mənəviyyat məsələsinə böyük önəm verən N.Babayevin 70-80-ci illərdə işıq üzü görən “Oğluma məktublar”, “Qızlar, sözüm sizədir”, “Qızlar söz istəyir”, “Ürəyimdə sözüm var”, “Valideynlər, bizi dinləyin”, “Açıq söhbət”, “Elə yaz ki...” kitabları oxucular arasında geniş şöhrət qazanıb.
N.Babayev ən böyük arzunuz nədir sualına astadan belə cavab verərmiş: “Yazmaq, yazmaq, əlim tutduqca yazmaq. Qəlbimin bütün hərarətini, jurnalist bacarığının bütün imkanlarını vətənimizin və xalqımızın taleyinə həsr eləmək. Bundan böyük nə arzum ola bilər ki?!”
Bədii yaradıcılıqla da məşğul olan görkəmli pedaqoq maraqlı hekayə (“Təbrizdə son gecə”, “Xoş təsadüf”, “Azərin hekayəsi”, “Ürək nə deyir”, “Unuda bilmirəm”, “Onun sevgisi”, “Məktub yarımçıq qaldı”) və povestlərin (“Xəzərin sahilində”, “Böyük kədər”, “Bir gəncin romantikası”, “Bir gecənin faciəsi”, “Həyat yollarda”, “Müəllimin xatirələri”, “Məhəbbət körpüsü”) müəllifidir.
Nurlu çöhrəsi və əziz xatirəsi diqqətli oxucuların, xüsusilə jurnalistlərin qəlbində heykəlləşən Nurəddin Babayev 25 sentyabr 1991-ci ildə vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar