Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından 20 il ötür
Görkəmli ədibin tarixi dramları keçmişimizin yüksək bəşəri ideyalar kontekstində təqdimatıdır
Deyirlər, gələcək üçün ən doğru mənbə milli bədii yaddaşdır. XX əsr ədəbiyyatımızın klassiki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyev (1914-1996) Azərbaycan milli bədii yaddaşını yaradan sənətkarlardandır. Böyük yazıçı lirik-psixoloji üslubda qələmə aldığı əsərləri ilə mühitdə baş verən sosial-mənəvi təlatümləri, ictimai-siyasi prosesləri orijinal bədii formada təcəssüm etdirib. İlyas Əfəndiyevin yaradıcılığı azərbaycançılığın milli-mənəvi dəyərlər, yüksək bəşəri ideyalar kontekstində təqdimindən ibarətdir.
XX əsr ədəbiyyatımızda nəsr və dramaturgiya sahəsində onun qədər zəngin yaradıcılıq fonduna malik ikinci bir sənətkar yoxdur. Müəllifin yüksək vətənpərvərlik hisləri ilə yoğurulmuş yaradıcı qələmindən çıxan romanlar (“Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan”), povestlər (“Kənddən məktublar”, “Aydınlıq gecələr”, “Torpağın sahibi”, “Qaçaq Süleymanın ölümü”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”), pyeslər (“Xurşudbanu Natəvan”, “Şeyx Xiyabani”, “Hökmdar və qızı”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” və s.) və hekayələr geniş oxucu kütləsinin marağına səbəb olmuşdur.
Yazıçının elə bir əsəri yoxdur ki, orada tariximizin səhifələri və vətənpərvərlik mövzusu kölgədə qalsın. Bu baxımdan müəllifin 1971-ci ildə qələmə aldığı və 1920-ci ilin ictimai-siyasi proseslərinə işıq tutan “Mahnı dağlarda qaldı” dramında mürəkkəb və ziddiyyətli tərəflər daha real və dramaturji baxımdan daha əsaslı təsvir edilmişdir. “İnqilab və zaman”, “inqilab və milli təfəkkür” problemlərini həll etmək üçün sənətkara yalnız yüksək bədii ustalıq lazımdır” (professor İ.Rəhimli). İlyas Əfəndiyev də bu tələbə ustalıqla əməl edərək bədii forma etibarilə parlaq, zəngin əsərlər meydana gətirmişdir. “Mahnı dağlarda qaldı” əsərində tarixi-siyasi, fərdi-psixoloji kontekstlərin toqquşmasının şahidi oluruq. Əsərdə hadisələrin dramatizmi, ictimai mahiyyət, xarakterlərin psixoloji zənginliyinin çalarlarını görürük.
Təbii ki, yazıçı həm də Azərbaycan mənəviyyatının və mentalitetinin qoruyucularından biridir. Xalqımızın ötən əsrdə keçdiyi böyük tarixi yol, insanların əzab və sarsıntıları İlyas Əfəndiyevin yaradıcılığında bir tarix kimi yaşamaqdadır. Azərbaycan teatr poetikası bədii-estetik dəyərini də geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapmışdır. Ədib “Mahnı dağlarda qaldı”, “Xurşudbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərcümanına çevrilmişdir. Bu bədii əsərlər bəlkə hər dövrdə konsepsiyası dəyişən, istiqamətini ideoloji küləklərin müəyyənləşdirdiyi tarix kitablarından daha qiymətlidir, daha etibarlıdır.
Xalqımızın tarixən qarşılaşdığı taleyüklü hadisələrdə ən mühüm siyasi və mənəvi dəyərlərin, qalibiyyət və faciənin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi ədəbi janrların hər birində görə bilirik. Yazıçı əsərlərində oxucunu tarixi xatırlamağa və düşünməyə vadar edir. Azərbaycan teatrı İlyas Əfəndiyevin tarixi pyesləri ilə milli-mənəvi dirçəlişə, tarixi yaddaşın qatlarına üz tutdu. “Xurşudbanu Natəvan” (1978), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Hökmdar və qızı” (1991) pyesləri azadlıq, milli istiqlal yoluna bir çağırışdı. 90-cı illərin əvvəlində Azərbaycan tarixi faciələrinin, böyük səhvlərinin acısını yenidən yaşayanda İlyas Əfəndiyev Ağabəyim Ağanın dili ilə xalqına səsləndi: “Qoy böyük Yaradan sizin kimi Azərbaycan igidlərinin qılıncını əlindən salmasın. Bu yalnız bizim faciəmiz deyil. İbrahim xanın rus padşahının sözlərinə inanıb ona tabe olması bizim gələcək nəsillərimizin də faciəsidir. Mənim əziz həmvətənlərim, Azərbaycan türkləri heç bir zaman yadelli padşahın zülmünə tabe olmayacaq. Həmişə vətənin azadlığı uğrunda vuruşacaq”.
Ədibin tarixi mövzulu əsərlərinin hər birində xalqımızın taleyi və birliyi məsələsi bir problem kimi qoyulmuşdur. “Xurşudbanu Natəvan” dramında əsas mövzunu görkəmli Azərbaycan şairəsi, xeyriyyəçi, xan qızı Natəvanın həyatı təşkil etsə də, müəllif Qarabağ xanlığının XIX əsrin birinci yarısındakı süqutunun ağrılarını böyük nisgillə qələmə almışdır. Dramaturqun əsərdəki vətənsevərlik ruhunu Natəvanın əsərin əvvəlində ifadə etdiyi bir fikirlə başa düşmək olur. O, baş qəhrəmanının monoloqunda deyir: “Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır”.
Yaradıcılığının bütün mərhələlərində yazıçını vətənimizin bütövlüyü düşündürmüş, bu düşüncələr əsərlərində öz bədii həllini tapmışdır. Misal olaraq “Şeyx Xiyabani” (1986) əsərini göstərə bilərik. Əsər təkcə məzmun və ideya baxımından deyil, tarixi xronoloji aspektdən də Azərbaycan xalqının tarixi birliyi probleminə həsr edilmiş ilk bədii nümunə kimi böyük önəm daşıyır. Vətənpərvərlik hisləri ilə dolu olan pyesdə vətən, Azərbaycan sevgisi Şeyx Məhəmməd Xiyabaninin əsas idealıdır. Xiyabaninin “Azadlıq ağacı o zaman bar verir ki, bu ağac gərək gəncliyin qızıl qanı ilə suvarılsın” sözləri 1990-cı illərin əvvəlində mənfur ermənilər Azərbaycan torpaqlarına soxulan zaman Azərbaycan gəncliyini düşmənə qarşı mübarizəyə səsləyən bir şüara çevrilmişdi. Müəllifin Azərbaycan xalqının birliyi və taleyi ilə bağlı vətənpərvərlik hisləri “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” kimi dram əsərlərində də əsas qayəni təşkil edir.
İlyas Əfəndiyevin yaradıcılıq kredosu dünənlə sabahın arasında durub, yol göstərən dünyagörmüş, ağsaqqalın xeyirxahlıq dolu nəsihətini xatırladır. Onun “Geriyə baxma, qoca”, “Üçatılan”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” kimi əsərləri bəyan edir ki, xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu mənada demək olar ki, İlyas Əfəndiyevin yaradıcılığı yeni dövr Azərbaycan tarixinin bədii salnaməsidir.
Filologiya üzrə elmlər doktoru, tənqidçi Vaqif Yusifli İlyas Əfəndiyevin yaradıcılıq ənənələrinə sadiqliyini yüksək qiymətləndirir: “Elə sənətkar var ki, bütün yaradıcılığı boyu nə yazırsa, həyatın hansı problemlərinə müraciət edirsə, həmişə öz sənətkar təbiətinə, yaradıcılıq prinsiplərinə sadiq qalır. Buna yaradıcılıqda özünəməxsusluq deyirlər və bu özünəməxsusluq həmin sənətkarı ədəbiyyat aləmində bir kimsə ilə eyniləşdirməyə imkan vermir. Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev məhz belə sənətkarlardandır”.
Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib “Tənha iydə ağacı” pyesi ilə mühacirət problemini də dramaturgiyaya gətirir. Pyesdəki hadisələr əsasən bir ailənin ətrafında cərəyan etsə də, bütövlükdə istiqlal məfkurəmiz, mühacirətin doğurduğu ictimai ideal geniş əhatə edilmişdir. Əsərin baş qəhrəmanı Kərim bəy əlli ildən artıqdır ki, öz vətənindən və doğmalarından ayrı düşüb. İllər ötsə də, onun qəlbindəki Vətən məhəbbətini əsla soyuda bilməyib.
Həyatını bütöv şəkildə sözə, yazıb-yaratmağa həsr edən İlyas Əfəndiyevin ədəbi irsini oxuduqca gözlərimiz qarşısında vətəninin qədim və zəngin tarixi ilə öyünən, onun bu günü və gələcəyini düşünən, təbiəti ilə qürur duyan görkəmli bir ədib obrazı canlanır. Onun bir-birindən maraqlı, təsirli əsərləri həm də gələcək nəsillər üçün bir vətənpərvərlik örnəyidir.
Səhnələrdən boylanan tariximizin, Azərbaycan teatr mühitinin müasir simasının formalaşmasında İlyas Əfəndiyev dramaturgiyası özünəməxsus yer tutur. Böyük dramaturqun 20-dək pyesi teatrlarımızda tamaşaya qoyulub və bu pyeslər çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərib. Keçən əsrin 70-90-cı illərində qələmə aldığı və Azərbaycan səhnəsinin bəzəyinə çevrilən «Mahnı dağlarda qaldı», «Sevgililərin cəhənnəmdə vüsalı», «Tənha iydə ağacı», «Dəlilər və ağıllılar», «Hökmdar və qızı» ("Qarabağnamə") tarixi dramları keçmişə yeni təfəkkürlə yanaşma, xalqımızın öz azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır.
İlyas Əfəndiyevin "Qarabağnamə"sində Xurşudbanu Natəvan, Qaçaq Süleyman, Sadıqcan, İbrahim xan və onun qızı, "Mahnı dağlarda qaldı"nın qəhrəmanları, yazıçının xəyalından, yaddaşından silinib getməyən ata-babası, yaxın-uzaq qohumları sanki eyni usta əli ilə toxunulan zərif xalçanın müxtəlif rənglərini, çeşidlərini xatırladır. Yazıçı vətənpərvərlik ruhlu əsərləri ilə Azərbaycan nəsrində və dramaturgiyasında elə bir gül çələngi miras qoyub getmişdir ki, onun ətri Azərbaycan ədəbiyyatının varlığı boyunca oxucularının qəlbini və ruhunu oxşayacaq. Qarabağın, onun görkəmli şəxsiyyətlərinin həyatından yazdığı əsərlər isə zaman keçdikcə Azərbaycan ədəbiyyat xəzinəsinin qiymətli incisinə çevriləcək.
Tənqidçi V.Yusifli “O işığın və günəşin adı məhəbbətdir...” məqaləsində yazır: “Doğrudan da, bu gün bir hissəsini itirdiyimiz maddi-coğrafi Qarabağı və itirmədiyimiz mənəvi Qarabağımızı daha dərinliklə duymaq və sevmək üçün yazıçının bədii əsərləri ən etibarlı qaynaqlardan biridir. Qarabağ dünyası İlyas Əfəndiyevin yaradıcılığında həm qədimlikdir, ululuqdur, zəngin tarixi keçmişdir, həm bənzərsiz etnoqrafik dünyadır; səsdir, musiqidir, şeriyyət aləmidir, həm Azərbaycan bəyliyinin, ağa-xan-tacir görümünün mücəssəməsidir, simvoludur, həm gözəlliyin bütün əlvanlığı və rəngarəngliyi ilə göz oxşayır, həm də ən başlıcası, milli-mənəvi dəyərlərimizin göstəricisidir”.
İlyas Əfəndiyev vətənsevərliyi, mərdliyi, xeyirxahlığı, həqiqətə, ədalətə tapınması, ədəbiyyata, sənətə qəlbən bağlılığı və əbədiyaşar əsərləri ilə elə əbədi ömür qazanıb.
Lalə Azəri