Azərbaycan

1 oktyabr 1932 - Aktyor, mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib. Kinoda yaddaqalan obrazlar yaradıb: “Qızmar günəş altında” (Aydın), “Koroğlu” (Eyvaz).
1 oktyabr 1949 - Şair, tərcüməçi Vaqif Bayatlı (Vaqif İsib oğlu Cəbrayılov) Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Kitabları: “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır” və s.
1 oktyabr 1960 - Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov Ağdamın İmamqulubəyli kəndində anadan olub. 1993-cü ildən opera tamaşalarında çıxış edir. "Qarabağ" muğam üçlüyünün rəhbəridir. “Şöhrət” ordeni ilə təltif olunub. Azərbaycan Milli Konservatoriyasının professorudur.
1 oktyabr 1962 - Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Bəhram Məcid oğlu Osmanov Gəncədə doğulub. Milli Dram Teatrında çalışıb. Füzuli, Gəncə, Lənkəran teatrlarında, Azərbaycan televiziyasında tamaşalara quruluş verib. 2012-ci ildən Gənc Tamaşaçılar Teatrının baş rejissorudur.
1 oktyabr 1965 - Böyük qəzəlxan şair Əlağa Vahid (Əlağa Məmmədqulu oğlu İsgəndərov; 1895-1965) vəfat edib. Zəngin yaradıcılığı ilə yanaşı, Nizami, Xaqani, Füzuli, Nəvai və s. şairlərin farsca qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

2 oktyabr 1897 - Görkəmli şairə, maarifçi və xeyriyyəçi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşudbanu Natəvan (1832-1897) vəfat edib. Şuşada "Məclisi-üns" ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur. Rəssamlıq, bədii tikmə ilə də məşğul olub. Xeyriyyəçiliyi ilə tanınıb.
2 oktyabr 1913 - Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 - 18.1.1971) anadan olub.
2 oktyabr 1923 - Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923 - 12.9.2004) anadan olub. Azərbaycan Teatr İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) dərs deyib, C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.
2 oktyabr 1924 - Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.
2 oktyabr 1935 - Şair, yazıçı, tərcüməçi, Əməkdar incəsənət xadimi Səyavuş İmran oğlu Məmmədzadə anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib.
2 oktyabr 1953 - Ədəbiyyatşünas, akademik Teymur Həşim oğlu Kərimli Naxçıvan MR Ordubad rayonunun Nürgüd kəndində anadan olub. 2014-cü ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorudur.
2 oktyabr 1981 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (5.12.1921- 1981) vəfat edib. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
2 oktyabr 1982 - Gəncədə Nizami Gəncəvinin xatirə muzeyi açılıb.
2 oktyabr 1992 - Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocavənd (keçmiş Martuni) rayonunun mərkəzini və kəndlərini bütünlüklə ələ keçiriblər. Xocavənd rayonu 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının əsasında yaradılmışdı. Rayon bir şəhər (Xocavənd-Martuni), iki iri qəsəbə (Qırmızıbazar və Hadrut) və 83 kənddən (o cümlədən azərbaycanlılar yaşayan 30-dək kənd) ibarətdir. 1992-ci ilin avqustunda Azərbaycan Ordusunun hissələri Xocavənd şəhərini və rayonun bir sıra kəndlərini nəzarətə götürsələr də, sonradan bu mövqeləri itirdilər.

3 oktyabr “Türkdilli xalqların həmrəyliyi günü”dür. 2010-cu il sentyabrın 16-da türkdilli dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında təsis olunub.
3 oktyabr 1875 - Yazıçı-dramaturq Süleyman Sani Axundov (1875-1939) Şuşada anadan olub. «Qorxulu nağıllar» toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. «Laçın yuvası», «Eşq və intiqam», «Şahsənəm və Gülpəri», «Tamahkar», «Bir eşqin nəticəsi» və s. pyeslərin müəllifidir.
3 oktyabr 1887 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 - 14.11.1967) anadan olub. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
3 oktyabr 1996 - Xalq yazıçısı İlyas Əfəndiyev (26.5.1914 - 1996) vəfat edib. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Hökmdar və qızı», «Sevgililərin cəhənnəmdə vüsalı» və s.) müəllifidir.

4 oktyabr 1923 - Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. Rus Dram Teatrında çalışıb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.
4 oktyabr 1924 - Opera müğənnisi, aktrisa Sona Aslanova (1924 - 9.3.2011) anadan olub. Operalarda (Gülçöhrə - “Arşın mal alan”; Nigar - “Koroğlu”) çıxış edib. “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.
4 oktyabr 2000 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917 - 2000) vəfat edib. Populyar mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Nəsimi”, “Xoşbəxtlik qayğıları”, “Dərviş Parisi partladır” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
4 oktyabr 1957 - Tanınmış balaban ifaçısı Məhərrəm Ağabala oğlu Mövsümov (1916-1957) vəfat edib.
4 oktyabr 2006 - Xalq artisti Hacıbaba Bağırov (12.6.1933 - 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmləri: "Ulduz", "Qanun naminə”, "Onun bəlalı sevgisi", "Alma almaya bənzər", "Şirbalanın məhəbbəti".

Dünya

1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.
1 oktyabr Beynəlxalq Musiqi Günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub. Dünyada konsert proqramları ilə qeyd edilir.
1 oktyabr 1912 - Rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada” və s.
1 oktyabr 1927 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Oleq Yefremov (1927-2000) anadan olub.
1 oktyabr 1930 - Fransız aktyoru Filipp Nuare (Philippe Noiret, 1930-2006) anadan olub.

2 oktyabr 1832 - İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor; 1832-1917) anadan olub.
2 oktyabr 1869 - Hindistanda milli-azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi; 1869-1948) anadan olub.
2 oktyabr 1951 - İtaliya-Amerika müğənnisi və aktrisası Romina Pauer (Romina Francesca Power) Los-Ancelesdə doğulub. Keçmiş həyat yoldaşı Al Bano ilə 70-80-ci illərin ən məşhur dueti olub.

3 oktyabr 1895 - Rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-1925-ci illərdə Bakıda yaşayıb. Burada 40-dək şeirini yerli mətbuatda dərc etdirib, "İran nəğmələri" (“Fars motivləri”) silsiləsindən şeirlərin bir qismini qələmə alıb. Mərdəkanda şairin xatirə muzeyi var.
3 oktyabr 1897 - Fransız şairi, ədəbiyyatda sürrealizmin banilərindən Lui Araqon (Alouis Aragon - Louis-Marie Andrieux, 1897-1982) anadan olub.

4 oktyabr 1582 - Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrdan sonra təqvimdə növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanda yeni təqvimə keçid 1918-ci ildə baş verib.
4 oktyabr 1720 - İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi, 1720-1778) anadan olub.
4 oktyabr 1816 - Fransız şairi, «İnternasional» himninin sözlərinin müəllifi Ejen Potye (Eugene Edine Pottier, 1816-1887) anadan olub.
4 oktyabr 1946 - Amerika aktrisası, «Oskar» laureatı Süzan Sarandon (Susan Sarandon - Susan Abigail Tomalin) anadan olub.

Hazırladı: Vüqar Orxan