Ədalət Vəzirov mahir ifası ilə yarıda qalan ömrünə əlavə ömür qatıb

Milli musiqi alətlərimizə qəlbən bağlanan, bənzərsiz ifaları ilə onu tamaşaçı və dinləyiciyə sevdirən sənətkar sonda xalqın sevimlisinə çevrilir, yaddaşlarda əbədi iz qoyur. Tanınmış kamança ifaçısı, Əməkdar artist Ədalət Vəzirov da belə sənətkarlardan idi.

Ədalət Səfərəli oğlu Vəzirov 27 aprel 1951-ci ildə Bakıda musiqiçi ailəsində dünyaya göz açb. Erkən çağlardan musiqiyə maraq göstərib. 1963-cü ildə Bülbül adına Orta ixtisas musiqi məktəbinə daxil olur və müvəffəqiyyətlə təhsilini başa vurur. 1969-cu ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur. 1974-cü ildə Moskvada keçirilən V beynəlxalq musiqi müsabiqəsinə qatılır və qaliblər sırasında yer alır.
Ədalət Vəzirov sənət aləmində öz dəst-xətti, ifaçılıq məharəti ilə seçilməyə başlayır. 1993-cü ildə vaxtilə təhsil aldığı konservatoriyaya müəllim işləməyə dəvət edilir. Kamança ifaçılığı sənətinin tədrisi ilə bağlı metodiki tövsiyələr, rəylər, işləmələr və köçürmələr hazırlayır. Bəstəkar Zakir Bağırovun, Hacı Xanməmmədovun kamança ilə simfonik orkestr üçün konsertlərinin ifasına dair metodiki tövsiyələr, bakalavr dərəcəsi alanlar üçün ixtisas və muğam proqramı yazır. Musiqi texnikumlarında, uşaq musiqi məktəblərində, sinif konsertləri və solo çıxışların təşkili kimi əyani metodiki işlər onun fəaliyyətinin əsasını təşkil edib.
Bir müddət sonra Ə.Vəzirov Sumqayıt Musiqi Texnikumunun direktoru təyin edilir. O, həmçinin, uzun müddət Əməkdar artist Baba Salahovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında və SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblında fəaliyyət göstərib.
ABŞ, Kanada, İraq, İsrail, Misir, Yaponiya və s. ölkələrə qastrol səfərlərində kamança ifaçılığını peşəkarcasına nümayiş etdirən musiqiçi ustad xanəndələrlə uğurlu konsert proqramları ilə çıxış edib. Sənətkar həm də bacarıqlı fortepiano və qarmon ifaçısı kimi tanınıb.
Maraqlı ifaları ilə tamaşaçı qəlbini sehrləyən sənətkar 1999-cu ildə Türkiyəyə dəvət olunur, “Tekfen” Qara dəniz solistləri orkestrində çalışır. Xəzər, Qara və Aralıq dənizləri ətrafı 20 ölkənin seçilmiş sənətkarlarını birləşdirən orkestrdə Azərbaycanın musiqi sənətini layiqincə təmsil edir. 2001-ci ilin iyununda onun iştirak etdiyi konsertlərdən biri İstanbul beynəlxalq musiqi festivalının proqramına daxil edilir. Görkəmli musiqiçinin yüksək sənətkarlıq qabiliyyəti tamaşaçıların marağına səbəb olur. O, orkestrlə Azərbaycan bəstəkarları Hacı Xanməmmdov və Zakir Bağırovun kamança ilə simfonik orkestr üçün konsertini ifa edir. Bu əsər və başqa xalq musiqisi nümunələri kompakt diskə köçürülür.
Böyük kamança ustadı, Xalq artisti, mərhum Habil Əliyev Ə.Vəzirovun ifaçılığına yüksək qiymət vermişdi: “Belə bir deyim var ki, ifaçılar səhnə həyatını tərk edərkən, öz musiqi alətlərini sələflərinə bağışlayır. Mən də səhnə həyatımı tərk eləsəm, onda kamançamı Ədalət Vəzirova bağışlayacam. Çünki onun simasında öz ifaçılıq ənənələrimin layiqli davamçısını görürəm”.
Peşəkar fortepiano və qarmon ifaçısı kimi də tanınan Ə.Vəzirov 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən muğam simpoziumuna qatılır və Qran pri mükafatını qazanır. Həmin il sənətkar respublikanın Əməkdar artisti fəxri adına layiq görülür.
Ədalət Vəzirov 2002-ci il oktyabrın 5-də, 51 yaşında dünyasını dəyişib.
Uzun illər Ə.Vəzirovla birlikdə çalışan kamança ifaçısı Mirnazim Əsədullayev xatirələrində yazır: “Dərdli kaman, sən sahibini itirmisən, mən əziz dostumu, sirdaşımı. Elə insanlar var ki, onlar evdən yox, eldən gedirlər. Ədalət də belə insanlardan idi. O, mahir kaman ustası olmaqla bərabər, həm də gözəl ailə başçısı, əsl dost, vətənini, millətini sevən bir insan idi...”
Vəfatından sonra tanınmış ifaçı haqqında “Kamanın Ədalət ucalığı” adlı sənədli film çəkilib.
Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar