Türk dünyasının məşhurlarından Yusuf Akçura

Qələmdə “Türk dünyasının...” yazdım, fikirdə “müsəlman dünyasının” kəlmələrini də əlavə etdim. Bu milliyyət və diniyyət daşıyıcılarının tarixi və müasir durumunu (əsasən siyasət və mədəniyyət aləmində) göz önünə gətirəndə nələr görünür? Nə tamam əla, nə tamam miyanə - orta bir mənzərə. Və təfsilata varmadan deyək ki, bu “orta vəziyyət” mənzərəsinin əsas yaradıcısı “Türk dünyası”, onun gələcəyə işləmiş keçmiş və indiki məşhurları...

Belə şəxsiyyətlərdən biri 140 il bundan əvvəl Tatarıstanda növbəti bir bəşər övladı kimi, 15-16 yaşlarından sonra isə türk dünyasının müxtəlif guşələrində bütün Turan övladlarının gələcəyi naminə çalışan oğul olaraq doğulmuş Yusuf Akçura! İlk gəncliyindən ömrünü Türklük-Turanlıq yolunda şam kimi əritmiş, siyasi baxışlarına görə uzun illər ad-soyadının tək elə (doğulub boya-başa çatdığı Tatarıstan da daxil) SSRİ-də yox, hətta sosializm blokuna daxil ölkələrdə belə çəkilməsi, həyat və yaradıcılığının öyrənilməsi, varlığının unutdurulması “xüsusi diqqət” yasağında olan Yusuf Akçura...
1876-cı ildə keçmiş Rusiya imperiyasına daxil Tatarıstan quberniyasının Simbirsk şəhərində doğulmuş Yusuf Akçura tanınmış nəsil-nəcabətə mənsub idi; atası Hasan fabrik sahibi, anası Qəmərbanu ziyalı-zadəgan şəcərəli bir qövmün qızı. Yusuf hələ iki yaşında olarkən ailə başçısı vəfat edir və bu çətinliyə beşcə il davam gətirə bilən Qəmərbanu xanım 1883-cü ildə yeddi yaşlı Yusufuyla birgə Stavropola köçür. Orada da çox qərar tuta bilməyən himayədarsız qadın İstanbula getməli olur. Oğlunun qeyri-adi fəhm-fərasətini hiss edən ana Yusufu öncə Mahmudpaşa, daha sonra Hafizpaşa liseylərində oxudur. Hərbçi olmaq arzusuna düşən Yusuf 1892-ci ildə ali hərbi məktəbə daxil olur və 1896-cı ildə təhsilini başa vurur.

Lakin...

Yox, bu “inkar”i ifadə hər hansı bir uğursuzluğa işarət, nəyisə dəbbələmək deyil. Bu, Yusufun elə bu yaşınadək oxuyub-eşidib gəldiyi qənaətlərdən biri ilə bağlı bir nüans idi: “Türk qövmü tarixən döyüş meydanlarında udduqlarını çox vaxt diplomatiya masaları arxasında uduzub”...
Deməli, milli-mənəvi maarifçilik, ictimai-siyasi intellekt, bütün işıqlardan daha güclü, daha parlaq irfan, “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” çabaları... Bunları qaçılmaz, vacib edən səbəblərdən çoxu göz qabağında, bir parası təzə-təzə cücərən təkəmseyrək qəzetlərdə, bir cüzü də, qədrini bilmədiyimizdən əcnəbi arxivlərdə uyuyan kitablarda. Məsələn, orta yüzilliklərin azman Osmanlı imperiyasının ovaxtkı vəziyyəti - avropalıların “xəstə qoca” adlandırdığı bu fütuhatal dövlətin gözgörəti çökmə prosesi, “göydə balonlarla uçan əcnəbilər”lə müqayisədə, heç olmasa, avtomobil də minə bilməməyimiz və s. Bütün bunlar gənc Yusufu daha çox narahat edirdi. Bu Tatarıstan balası Osmanlı aləminə sadəcə yaşadığı bir məmləkət kimi deyil, türk xalqlarının xilaskarı kimi baxır, “doğudan batıya çatan” bu ölkədə fikir dəyişiklikləri, əməl islahatları aparılmasını istəyirdi. Gənc türkçünün bu “düşüncələr seriyası”ndan gördüyü işlərdən biri də Rusiyada yaşayan türkləri Osmanlı toplumuna tanıtmaq (və utopik bir istəklə birləşdirmək) üçün Abbas əfəndi (məşhur Kazan mömini və tarixçi alimi Ş.Mərcaninin tələbəsi) ilə birlikdə “Şəhabəddin Mərcaninin tərcümeyi-halı” adlı məqalə yazıb çap etdirmişdi.
Bu kimi milli-məfkurəvi yazılarına və öz məsləkdaşları ilə “Gənc türklər” təşkilatına sıx bağlılığına görə Yusuf Akçura Sultan II Əbdülhəmidin əmrinə əsasən 1897-ci ildə o zaman Osmanlı dövlətinin bir parçası olan indiki Livanın Tripoli (Trablus) şəhərinə sürgün edilir. Lakin milli fəaliyyət eşqilə yaşayan Yusuf imkan tapıb sürgündən Parisə qaçır və bənzərsiz bilik-bacarıq, dilöyrənmə qabiliyyətləri sayəsində 1899-cu ildə Fransa Siyasi Elmlər Akademiyasına daxil olur. Təhsil illərində məşhur alimlərdən (Albert Sorel, Funk, Brentano, Torde və b.) dərs alan Yusuf “Gənc türklər”in Paris və Qahirədə çıxan “Məşvərət” və “Şurayi ümmət” qəzetlərində milli qayəli, “Parisdə siyasi mahiyyət” kəsbi kimi qiymətləndirilən türk maarifçiliyi və milliyyətçiliyilə ilgili məqalələrlə müntəzəm çıxışlar edir. 1902-ci ildə “İttihad və tərəqqi”nin Parisdə keçirilən qurultayında iştirakı və alovlu çıxışı onu ikili “status”la məşhurlaşdırır. Bəli, 26 yaşlı bu “türk-müsəlman persona” həmin qurultayda Osmanlı imperiyasının işlərinə hər hansı xarici müdaxilənin yolverilməz olduğu fikrini alovlu natiq ruh-ritmi ilə vurğulayıbmış!
1903-cü ildə Akademiya təhsilini başa vuran Yusuf elə Parisdə qalmaq, milli-siyasi fəaliyyətini qürbətdə davam etdirmək fikrinə düşür. Lakin 1905-ci ildə Rusiyada baş verən hadisələr, II çar Nikolayın 17 oktyabr manifestini imzalamağa məcbur olması onu Kazana qayıtmağa həvəsləndirir. Bu milli-mübariz türkçü Kazana, obrazlı desək, əliboş gəlmir; 1904-cü ildə Qahirədə çıxan “Türk” qəzetində çap etdirdiyi “Üç tərzi-siyasət” məqaləsi onu şovinist “Rusiya diqqəti”nə salır. Nədən ki, bu məqalədə Osmanlı dövlətinin sabahı ilə bağlı düşüncələr, osmanlıçılıq tərəfdarlarının həm də islami birlik uğrunda mübarizələri təhlil edilir, türkçülüyün yeganə xilas yolu olduğu vurğulanırdı...
Tatar-başqırd gənclərinin türklük şüurunda tərbiyələnməsi üçün 1906-cı ildə Kazanda çap etdirdiyi “Elmlər və tarix” kitabçası Yusuf Akçuranın ictimai dəyərini bir az da artırır və o, “Kazan müxbiri” qəzetinin baş redaktoru vəzifəsinə layiq bilinir. Nijni Novqorodda (1905) keçirilən Rusiya müsəlmanlarının birinci qurultayında fəal iştirak edən, 1907-ci ilin iyununda Avropaya və Misirə səyahətə çıxan Y.Akçura səfərdən dönərkən böyük türkçülük azmanı İsmayıl bəy Qaspıralı ilə görüşür. Bu görüşün tilsimi onu İsmayıl bəyin “Tərcüman”ında işləməyə sövq edir. Lakin aşiqi olduğu məlum “dünya”nın hər hansı ayrıca bir məkanına sığmayan Turan xülyalı Akçura 1908-ci ilin iyulunda yenidən İstanbula gedir. Qələmdən qılınca keçmək arzusuna da düşən Yusuf İstanbulda müxtəlif ali hərbi məktəblərdə, habelə İstanbul Universitetində dərs deməyə başlayır, paralel olaraq ictimai-siyasi fəaliyyətini genişləndirir, “Türk dərnəyi”, “Türk yurdu”, “Türk ocağı” cəmiyyətlərinin qurulması və fəaliyyətinin yorulmaz iştirakçısı olur. Hüquqları tapdanan Rusiya müsəlmanlarının vəziyyətilə əlaqədar 1915-ci ilin dekabrında Avropaya yola düşən və Sofiya, Budapeşt, Vyana, Berlin şəhərlərində bir çox rəsmi şəxslərlə görüşlər keçirən “Turan heyəti”ndə (Ə.Hüseynzadə, krımlı M.Ə.Çələbizadə, buxaralı B.Müqkiməddin) Yusuf Akçura ilə Əli bəy Hüseynzadə tərəfindən hazırlanan və Avropa dövlətlərinin hökumətlərinə təqdim edilən “Rusiyadakı müsəlman türk-tatar xalqlarının haqlarını qoruma komitəsinin mühtiresi” adlı müraciət türk dünyası tarixinə düşən çox yüksək milli sənədlərdən biri hesab edilir.
Türkün böyük oğlunun milli təəssübkeşlik naminə Avstriya-Macarıstan rəhbərlərindən K.Tussa, bolşevik Rusiyasının lideri V.İ.Lenin və başqa məşhurlarla görüşməsi, ABŞ prezidenti V.Vilsona “Rusiya müsəlmanlarının hüquqlarının müdafiə olunması” adlı müraciət göndərməsi, Millətlər Birliyinin III Lozanna konfransındakı fəallığı, az bir vaxt ərzində “Rusiyanın müsəlman türk-tatarlarının hazırkı durumu və arzuları” kitabını çap etdirməsi, 1917-ci ilin yayından Osmanlı Qızıl Ay Cəmiyyətinin nümayəndəsi kimi Rusiyaya gəlib, Petroqrad və Moskvada əsirlərin dəyişdirilməsi komissiyasının işində fəal iştirakı və... ömrünün son günlərinədək türk dünyasını bəşər dünyasına tanıtmaq, yüksəlişinə nail olmaq, ən nəhayətdə birləşdirmək çaba-arzuları isə daha geniş yazılar mövzusu...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar