Ana dilimizi bədii, elmi, publisistik əsərlərində sevdirməklə yanaşı, “dövlət dili” kimi də var etmiş Mirzə İbrahimov...

Qədim və böyük Azərbaycan ədəbiyyatının aktiv davamiyyət və inkişafında danılmaz xidmətləri olan köklü-köməcli nasir, son dərəcə dramatik bir dövrün qismən milli, total yad ideoloji nəbzlərini calaşdırıb-uyğunlaşdırmaqla təqdim edə bilmiş dramaturq, siyasi akademizm-bolşevizm şəraitində qarşısıalınmaz şəxsi energetikası ilə akademik, beynəlxalq Nehru mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı kimi sovet təltifatlarına nail olmuş Mirzə İbrahimov...

Hələ SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, dəfələrlə SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, respublikanın maarif naziri və s. Bütün bunlardan əvvəl isə çox kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib, bir tikə çörək qazanmaqla dolanmış, 15 yaşından Balaxanı fabrik-zavod məktəbində oxuyarkən bədii yaradıcılığa başlamış, məşhur “beşilliklər”də sosialist sənayesinin inkişaf sürətini öyrənməkçün Ukraynaya - Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərlər etmiş Mirzə İbrahimov...
1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı (Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyası müdafiə edir. Aldığı elmi dərəcələrin ən yüksəyi isə 1945-ci ildə təsis edilən Azərbaycan Elmlər Akademiyasının üzvlüyü olur. Maarif naziri, Opera və Balet Teatrının direktoru işləyir, İncəsənət İşləri İdarəsinin rəisi kimi ölkədə təhsil və mədəniyyətin inkişafında yorulmaz fəaliyyət göstərir.

Və... 1956-cı il...

Respublika Ali Sovetinin “Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun”!
Bəli, ovaxtlar üçün “siyasi bomba” hesab ediləsi bu qərar Mirzə İbrahimovun böyük səyləri (“Azərbaycan dili dövlət idarələrində” kimi məqalələri, ayrı-ayrı vaxtlarda çıxışları) və cəsarəti nəticəsində mümkün olmuşdu. Bəs bundan sonra? “Heç nə”, - dərhal başlanan leqal sıxışdırmalar, qeyri-leqal izləmələr. Böyük demokrat-ziyalının həmin vəzifədən uzaqlaşdırılması, Moskvadakı “İbraqimov” müzakirələri, bədii əsərlərinin siyasi rənglərə məruz qoyulması...
Deyək ki, bu “rənglər”də həqiqətlər də vardı. Əsərlərinin çoxunda obrazlarının dili, fəaliyyəti, amalı, həyat kredosu ilə həm də özünü təsdiq-təqdim etmiş bu müdrik “Böyük dayaq” romanında xalqa müraciətlə yazırdı: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır. Həyatımın nəşə və sevincinə səbəb sənsən! Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün böyük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan...”
“Gələcək gün”, “Həyat”, “Böyük dayaq”, “Pərvanə”... Ədəbiyyatımızın qızıl fonduna daxil olmuş bu əsərlər öz müəllifinin dərin idrakından, geniş maraq və müşahidə dairəsindən, parlaq istedadından, zəngin yaradıcılıq təcrübəsindən xəbər verir. Bu əsərlərdə xalq həyatının canlı lövhələri əks olunub, milli mənəvi-əxlaqi dəyərlər açıqlanıb...
1911-ci il oktyabrın 27-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində doğulan Mirzə acılarla dolu uşaqlıq həyatı yaşamışdı. Üç yaşında ikən anası vəfat edib. İki körpə uşaqla Bakıya pənah gətirən atası da, az keçməmiş iş zamanı həyatını itirib və 7 yaşlı Mirzənin məşəqqətlər dolu günləri başlayıb. Haqqında yazılmış monoqrafiyaların birində deyildiyi kimi; “Xalqının hər iki mənada sevimli Mirzəsi olmuş M.İbrahimov böyük sənətkar şöhrəti qazananadək nələr yaşamayıb!..”
Bu məqamda, ədəbi irsi, bədii yaradıcılıq aləmi xalqımızın əksər qisminə bəlli olan böyük ədib və milli aydınımızın qızı - görkəmli bəstəkar, Xalq artisti, professor Sevda İbrahimovadan -

Doğma xatirələr...

“Babam tarzən Qurban Pirimovun tar təranələri, atamın tez-tez söylədiyi klassik və müasir poeziya nümunələri, ilk azərbaycanlı pianoçu qadınlardan olan və klassik musiqini çox sevən anam Sara Pirimovanın ifaları, dahi Üzeyir bəyin öz füsunkar nəğmələri qədər şirin söhbətləri bizim evimizdən əskik olmazdı. Lakin... elə həmin o xoşbəxt illərdə bağa gedib-gələrkən, atamın uşaqlıqda - dəhşətli aclıq (“Gələcək gün”dəki məlum aclıq epizodları...) vaxtlarında “kiçik bacısını itirməsi”, “anam həmişə mənim başımı sığallayardı...” hekayətləri də vardı...
Atam öz tərcümeyi-halındakı “Ana, ata və müəllim” adlı kiçik bir məqalədə yazır ki, məktəbə gedəndə çox arıq, balaca imiş. “Orada boyu da ölçürdülər, dabanlarımı qaldırdım ki, məni qəbul etsinlər...”
O zamanlar bir çox görkəmli bəstəkar, şair və yazıçıların (Bülbül, M.Maqomayev (baba), M.Ə.Mirqasımov, S.Rüstəm, Niyazi...) yaşadığı bir ünvan vardı: Xaqani, 19. 1938-ci ildə atamın “Həyat” pyesinin premyerası oldu, böyük rezonans doğurdu və o vaxtadək kirayədə yaşayan (bir stol, iki stul və bircə çamadanı olan) atama da “Xaqani - 19”da ev verdilər. O, ömrünün sonuna qədər həmin evdə yaşadı. Ali Sovetin sədri olduğu zaman ona daha geniş mənzil təklif etdilər, götürmədi. Anam da “Mən bu mənzilə gəlin gəlmişəm, buradan da son mənzilə gedəcəyəm”, - dedi. Onlar bir-birinə çox bağlı, çox mehriban idilər...
Atam müxtəlif vəzifələrdə, vəziyyətlərdə olsa da, biz onu evdə daim sabitqədəm, təmkinli, ədalətli, xeyirxah görmüşük. Bir kərə deputatlığa namizədliyi verilmişdi. Lakin vaxta az qalmış onun təqdim edilmədiyindən xəbər tutan anam bunu evə təbəssümlə daxil olan atama çatdırdıqda, o, tövrünü pozmadan: “Canın sağ olsun, Sara! - dedi.- Dünya da öz işində, biz də...”
Atam rəhmətə gedəndə məndən arxada dayanıb ağlayan bir rus qadın “naş papa umer”, - dedi. Bir xeyli sonra soruşdum ki, siz onu şəxsən tanıyırsınız, dedi, yox, amma Mirzə müəllim 50-ci illərdə - Ali Sovetin sədri olanda hər ay, mənim də qaldığım uşaq evinə pul, ərzaq malları göndərər, hərdən gəlib bizə baş çəkər, bizi qəm-qüssədən ayıran sözlər deyərdi...
Həmişə bizə deyərdi, oxuyun, ürəkdən işləyin, hər işdə yaradıcılıq var və bu əsl səadətdir, halal zəhmətdən, xeyirxah işdən gözəl bir şey yoxdur”. Hərdən də deyərdi, “görəsən, mənə qismət olacaqmı ki, nə vaxtsa sizi Təbrizə aparım?..”
Bu böyük güney-quzey oğlu, ümumazərbaycan yazıçısı yazmaqla qurtarası deyil,-deyə, -

Belə bir yığcam sonluq

Bəzən, ədəbi aləmdən “Mirzə İbrahimov Azərbaycan ədəbiyyatında qaldımı” kimi suallar və onun nəinki təkcə ədəbiyyatda fundamental nasir, gözəl dramaturq, dərin ədəbiyyatşünas-alim kimi, habelə ictimai-siyasi tariximizdə qeyri-adi natiqlik qabiliyyətinə malik ictimai xadim, sovetlər rejimində Azərbaycan dilinin dövlət dili kimi bərqərarına cəsarət etmiş mübariz vətəndaş, əsil xəlqi-milli dilmanc olaraq qalması kimi cavablar eşidib-oxuyuruq və hələ bu qənaət əsrlər uzunu eşidilib-oxunacaq...

Tahir Abbaslı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar