Azərbaycan
26 oktyabr 1925 - Ədəbiyyatşünas, publisist, nasir Qafar Herisçi (1925 - 24.5.1997) anadan olub. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkatda fəal iştirak edib.
26 oktyabr 1948 - Yazıçı-publisist Ağarəhim Rəhimov Ucar rayonunun Boyat kəndində doğulub. "Canavar balası", "Qırmızı qar" ssenariləri əsasında bədii filmlər çəkilib.
27 oktyabr 1932 - Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynallı (5.4.1909 - 1932) vəfat edib. Tamaşalara musiqi bəstələyib, Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.
27 oktyabr 1937 - İctimai xadim, diplomat, publisist Ramiz Abutalıb oğlu Abutalıbov Ordubad şəhərində doğulub. UNESCO-da çalışıb, 1992-2004-cü illərdə Azərbaycanın qurumda daimi nümayəndəsi olub.
27 oktyabr 1939 - Şair, dramaturq, ssenarist, tərcüməçi, Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada doğulub. “Şərikli çörək”, “Alma almaya bənzər” və s. filmlərin ssenari müəllifidir.
27 oktyabr 1945 - Kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov Bakıda doğulub. “Azərbaycanfilm”də 40-dək ekran əsərində (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi” və s.) ikinci rejissor kimi çalışıb. “Axırıncı dayanacaq” bədii filminə quruluş verib.
27 oktyabr 1950 - Dirijor, Xalq artisti Ağaverdi Ağa oğlu Paşayev Bakıda anadan olub. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, ansamblın nəzdində Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Azərbaycan Milli Konservatoriyasının professoru, kafedra müdiridir.
28 oktyabr 1911 - Xalq yazıçısı, dramaturq, ictimai xadim, akademik, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (1911 - 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə Bakıya gəlib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), SSRİ-nin Asiya və Afrika Xalqları ilə Həmrəylik Komitəsinin sədri olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.
28 oktyabr 1941 - Kinooperator Vaqif Muradov anadan olub. Filmləri: “Uşaqlığın son gecəsi” (operator assistenti), “Yuxu” (ikinci operator) və s. “Mozalan” kinojurnalının bir çox buraxılışlarının operatorudur.
Dünya
26 oktyabr 1819 - Yəhudi əsilli Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt, 1819-1887) anadan olub.
26 oktyabr 1842 - Görkəmli rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşaqin (1842-1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.
26 oktyabr 1912 - Amerika rejissoru, “Oskar” laureatı Don Siqel (Donald Siegel, 1912-1991) anadan olub. Filmləri: “Gecədə ulduz”, “Qatillər”, ”Hitler sağdır” və s.
27 oktyabr 1782 - İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini, 1782 - 27.5.1840) anadan olub. Sonata, kvartet və digər musiqi əsərlərinin müəllifidir.
27 oktyabr 1899 - SSRİ Xalq artisti Mixail İvanoviç Jarov (1899-1949) anadan olub. 1926-1929-cu illərdə Bakı İşçi Teatrında (indiki Dövlət Rus Dram Teatrı) çalışıb.
28 oktyabr Beynəlxalq Animasiya Günüdür (International Animation Day). 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib. Əlamətdar gün 2002-ci ildə Beynəlxalq Animasiya Kinosu Assosiasiyası tərəfindən təsis olunub.
28 oktyabr 1957 - Türkiyə müğənnisi, bəstəkar Əhmət Qaya (1957 - 16.11.2000) Malatyada anadan olub.
28 oktyabr 1967 - Amerika kinoaktrisası Culiya Roberts (Julia Roberts) anadan olub. Filmləri: “Gözəlçə”, “Ən yaxın dostun toyu”, “Erin Brokoviç” (“Oskar” mükafatı, 2000) və s.
Hazırladı: Vüqar Orxan