Azərbaycan

29 oktyabr 1937 - Tanınmış dirijor, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Canbaxış oğlu Abdullayev anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Azərbaycan Dövlət Opera və Balet Teatrının (1968-1984), Ankara Opera və Balet Teatrının (1993-1997) baş dirijoru işləyib.
29 oktyabr 1949 - Aktyor Şahin Cəbrayılov (1949 - 5.9.2007) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”), filmlərdə (“Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər” və s.) çəkilib.
29 oktyabr 1941 - Xalq artisti Ağaxan Əli oğlu Salmanlı Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışır. Televiziya tamaşalarında (“Ordan-burdan”, “Nigarançılıq” və s.) çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.
29 oktyabr 1993 - Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 707 kvadrat kilometr ərazisi qəsb olunub, 35 min nəfər yurd-yuvasından didərgin düşüb. Rayonun iqtisadi infrastrukturu, 50-dən çox kitabxana, 30-dan çox klub, 9 mədəniyyət evi qəsbkarlar tərəfindən talan edilib. Zəngilan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən kənarda işğal etdiyi yeddinci rayonudur.

30 oktyabr 1880 - Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 - 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. 1905-ci ildən xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.
30 oktyabr 1928 - Tanınmış sənətşünas alim, akademik Rasim Əfəndiyev (1928 - 13.2.2010) Qazaxda doğulub. 30-dək kitabın müəllifidir. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.
30 oktyabr 1907 - Jurnalist, tərcüməçi və naşir Adil Əfəndiyev (1907-1973) Gürcüstanın Axalsix rayonunda anadan olub. Respublika Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-Azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
30 oktyabr 1930 - Azərbaycan Yazıçılar İttifaqının “Hücum” jurnalı nəşrə başlayıb.
30 oktyabr 1941 - Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Oqtay Ələkbər oğlu Babazadə anadan olub.
30 oktyabr 1948 - Yazıçı-dramaturq Əli Məmməd oğlu Əmirli Ağdam rayonunun Novruzlu kəndində doğulub. "Meydan", "Axirətdən qabaq gəzinti", "Ölü doğan şəhər" romanlarının, "Bala bəla sözündəndir", "Köhnə ev", "Ağqoyunlular və qaraqoyunlular", “Mesenat”, "Varlı qadın", “Şah Qacar” və s. pyeslərin müəllifdir.
30 oktyabr 2005 - Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950 - 2005) vəfat edib. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, bir sıra populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü” və s.) müəllifi olub.

31 oktyabr 1940 - Bəstəkar, musiqişünas Nərgiz Mahmud qızı Şəfiyeva Bakıda anadan olub.
31 oktyabr 1955 - Bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda doğulub.
31 oktyabr 1963 - Bəstəkar, dirijor, Əməkdar incəsənət xadimi Nadir Nəriman oğlu Əzimov anadan olub.

1 noyabr Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü”dür. Prezident İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsis edilib.
1 noyabr 1906 - Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış «Füyuzat» jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi. 32 sayı işıq üzü görüb.
1 noyabr 1939 - Tanınmış şair, publisist Məmməd İsmayıl (Məmməd Mürşüd oğlu İsmayılov) anadan olub.
1 noyabr 1944 - Əməkdar artist Səmayə Məmməd qızı Musayeva Qax rayonunda anadan olub. Musiqili Komediya Teatrında işləyib. Televiziya tamaşalarına və filmlərə (“Tütək səsi”) çəkilib.
1 noyabr 1940 - Xalq artisti Elmira Şabanova Bakıda anadan olub. Teatr, televiziya tamaşaları və filmlərdə (“Səhər”, “Əsl dost”, “Ötən ilin son gecəsi”, “Qəm pəncərəsi”, “Gecə qatarında qətl”, “Təhminə” və s.) yaddaqalan obrazlar yaradıb.
1 noyabr 1949 - Səs operatoru Tatyana Kərimova anadan olub. "Azərbaycanfilm"də çəkilən “Qəm pəncərəsi”, “Qətl günü” və s. filmlərin səs operatorudur.
1 noyabr 1956 - Kinorejissor, Əməkdar incəsənət xadimi Yavər Rzayev anadan olub. Filmləri: “Sari gəlin”, “İlahi məxluq”, “Xeyirlə Şərin rəqsi” və s.

Dünya

29 oktyabr 1863 - Beynəlxalq Qırmızı Xaç Komitəsinin (International Committee of the Red Cross - ICRC) yarandığı gündür. İsveçrəli iş adamı, xeyriyyəçi Anri Dünan (Jean Henri Dunant, 1828-1910) tərəfindən təsis edilən humanitar təşkilat silahlı münaqişələrdən zərər çəkənlərə yardım göstərir.
29 oktyabr 1923 - Türkiyə Cümhuriyyətinin yarandığı gündür. Ankarada, Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə Türkiyə Cümhuriyyəti elan olunub, Mustafa Kamal paşa ilk prezident seçilib.
29 oktyabr 1947 - Amerika aktyoru, “Oskar” laureatı Riçard Dreyfus (Richard Stephen Dreyfuss) anadan olub.

30 oktyabr 1751 - İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan, 1751-1816) anadan olub.
30 oktyabr 1871 - Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery - Ambroise Paul Toussaint Jules Valery, 1871-1945) anadan olub.
30 oktyabr 1937 - Fransız rejissoru, ssenarist, operator, aktyor Klod Leluş (Claude Lelouch) anadan olub. “Qadın və kişi” filminə görə “Oskar” mükafatına (1966) layiq görülüb.

31 oktyabr 1922 - SSRİ-nin Xalq artisti Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul”, ”Uğur centlemenləri”, “Şikayət kitabını verin” və s.
31 oktyabr 1993 - İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 20.1.1920 - 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.

1 noyabr 1636 - Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux, 1636 - 13.3.1711) anadan olub.
1 noyabr 1781 - Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler; 1781-1854) anadan olub.

Hazırladı: Vüqar Orxan