Azərbaycanın mərkəzdən uzaq bölgələrində maarifçiliyin inkişafına töhfə verən ziyalılar həmişə xüsusi minnətdarlıqla xatırlanırlar. XX əsrin əvvəllərində Zaqatala qəzasında bu sahədə xidmətlər göstərən Həmzət bəy Əfəndiyev də onlardan biri olub.

Həmzət Məhəmməd oğlu Əfəndiyev 1880-ci ildə İlisu kəndində bəy ailəsində dünyaya göz açıb. İbtidai təhsilini kənd məktəbində alır. Sonra Qori Müəllimlər Seminariyasında oxuyur. 1899-cu ildə təhsilini başa vurur, bir müddət doğma kəndində müəllimlik edir. Gənc maarifçi kənddə şəxsi vəsaiti hesabına yeni tipli məktəb açır, yoxsul ailələrin uşaqlarını təhsilə cəlb edir. Bu zaman rus-yapon müharibəsi (1904-1905) başlayır və o da müharibəyə çağırılır. Müharibədən qayıdan H.Əfəndiyev 1906-1910-cu illərdə Zaqatala qəzası üzrə poçt idarəsinin rəhbəri olur.
Amma qəlbən bağlandığı müəllimlik peşəsi onu özünə daha çox çəkir. Ona görə də kəndlərində açdığı məktəbdə yenidən pedaqoji fəaliyyətə başlayır. O, qızların məktəbə cəlb olunmasında böyük çətinliklərlə qarşılaşsa da, tutduğu mütərəqqi yoldan geri çəkilmir. Hədələr və təqiblərə baxmayaraq, İlisu, Əmircan və Almalı kəndlərində yeni məktəblərin əsasını qoyur.
Zaqatala qəzası üzrə maarif müdiri təyin edilən pedaqoq 1928-ci ildən görkəmli ədəbiyyatşünas, maarifçi Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım tərəfindən yaradılan Zaqatala Pedaqoji Məktəbində rus dili müəllimi işləməyə başlayır. 30 il bu məktəbdə çalışır.
Araşdırmalarda qeyd olunur ki, Həmzət bəy bölgədə savadsızlığın ləğv olunmasına böyük töhfələr verib. Gündüzlər uşaqlara, axşamlar isə yaşlılara təhsil verərək əsl ziyalı örnəyi göstərib. O həm də xeyriyyəçi kimi tanınıb. Həyətində su dəyirmanı tikdirib, uzun illər kənd camaatı bu dəyirmandan istifadə edib.
Böyük qızı Əfruz Əfəndiyeva atasının yolunu davam etdirib, onun ideallarına sadiq qalıb. Şəki Qızlar Seminariyasını bitirib, 1924-cü ildə Qax Müsəlman Qızları Məktəbinin müdiri təyin edilib.
Həmzət bəyin maarifçilik sahəsindəki xidmətləri yüksək qiymətləndirilib. 1939-cu ildə o, “Lenin” ordeni ilə təltif olunub. Ömrünü xalqın işıqlı gələcəyinə həsr edən Həmzət Əfəndiyev 1963-cü ildə vəfat edib.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar