Ramiz Mustafayev - 90 


Bəstəkar ömrü heç bir zaman tükənmir. Onun yaratdığı əsrarəngiz musiqi aləmi daima yaşayaraq sənətkarın ömrünü əbədiləşdirir. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, dirijor, pedaqoq, professor Ramiz Mustafayev (1926-2008) də belə böyük sənətkar ömrü yaşamış, milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş etmişdir. Onun kiçik həcmli əsərlərdən - mahnılardan irihəcmli monumental simfonik əsərlərə, operalaradək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı öz yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə diqqəti cəlb edərək geniş dinləyici kütlələrinin rəğbətini qazanmışdır.

R.Mustafayevin yaradıcılıq fəaliyyəti çoxşaxəli və məhsuldar olmuşdur. Ölkəmizin həyatında baş verən hər bir əlamətdar hadisə onun yaradıcılığında parlaq bədii əksini tapmışdır. 50 ildən artıq davam edən yaradıcılığı dövründə yorulmaq bilmədən çalışan bəstəkar 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 8 simfoniya, 5 vokal-simfonik poema, 300-ə qədər mahnı və romansların, 200-dən artıq xalq mahnısının xor üçün işləmələrinin müəllifidir.
Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabrın 16-da Türkmənistanın Çərcou şəhərində anadan olmuş, 1927-ci ildə onun ailəsi Bakıya köçmüşdür. Atası - tanınmış maarifçi Hacı Naim Mustafa böyük satirik Mirzə Ələkbər Sabirin nəslindən, anası Nabat xanım Əzim isə görkəmli şair Seyid Əzim Şirvaninin nəslindən olmuş, övladlarını milli mədəniyyətə hörmət və məhəbbət ruhunda tərbiyə etmişlər. Bəstəkarın uşaqlıq illəri musiqi təəssüratları ilə zəngin olmuşdur. Mustafayevlərin evində daima tanınmış incəsənət xadimləri - musiqiçilər, aktyorlar, yazıçılar və şairlər toplaşır, xalq mahnıları, muğamlar səslənir, şeirlər oxunurdu. R.Mustafayevin belə bir mühitdə tərbiyə olunması gələcəkdə onun teatr və musiqi sahəsinə yönəlməsinə, bəstəkarlıq yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərmişdir.
O, bəstəkarlıq sənətinə aktyorluqdan gəlmişdir. R.Mustafayev, 1941-ci ildə Teatr Texnikumunun Aktyorluq şöbəsinə daxil olduqdan sonra M.Qorki adına Gənc Tamaşaçılar Teatrında və M.Əzizbəyov adına Akademik Dram Teatrında aktyor kimi çalışmışdır. Bununla paralel olaraq, A.Zeynallı adına Musiqi Texnikumunda təhsil almağa başlayır və klarnet alətində ifa etməyi öyrənir. R.Mustafayevin həmçinin gözəl səsi var idi. Vokal sənətinə olan həvəsi onu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır. 1948-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün sinfinə daxil olur.
Tələbəlik illərində bəstəkarlığa da meyl göstərir, Azərbaycan şairlərinin sözlərinə bir sıra mahnılar yazır. Bəstəkarlıqla ciddi məşğul olmağı qərara alaraq 1952-ci ildə konservatoriyanın Bəstəkarlıq fakültəsinə, görkəmli pedaqoq, professor Boris Zeydmanın sinfinə daxil olur. Konservatoriyanı bəstəkar kimi bitirən R.Mustafayevin vokal sənətinə olan marağı sayəsində onun yaradıcılığında vokal musiqi janrları daha geniş yer tutur. Diplom işi kimi təqdim etdiyi birpərdəli “Şirin” operasından sonra “Vaqif”, “Aydın”, “Polad”, “Xan və əkinçi” operalarını, “Tərs keçi” uşaq operasını yazır. Bu sırada bəstəkarın ən uğurlu səhnə əsəri Səməd Vurğunun eyniadlı dramı əsasında yazılmış “Vaqif” operasıdır.
“Vaqif” operasını yazmaq ideyası onda hələ dram teatrında çalışdığı illərdə yaranmışdı. Bəstəkarın özü bu barədə xatirələrində belə deyir: “Bir dəfə teatrda S.Vurğunun “Vaqif” dramında Əli bəy rolunun ifaçısı İ.Dağıstanlı xəstələndiyinə görə həmin rolu oynamağı mənə tapşırdılar. O gündən etibarən S.Vurğunun bu ölməz əsəri qəlbimə hakim oldu. Məndə bu əsəri opera şəklinə salmaq arzusu yarandı. Öz arzumu gerçəkləşdirmək üçün mən bəstəkar olmağı qəti şəkildə qarşıma məqsəd qoydum”.
“Vaqif” operasına görə o, 1962-ci ildə gənc bəstəkarların Ümumittifaq müsabiqəsində laureat adına layiq görülmüşdür.
Bəstəkarın musiqili komediya sahəsində fəaliyyəti də diqqətəlayiqdir. Onun “Axırı yaxşı olar”, “Xəsis” (həmmüəllif Vasif Adıgözəlov), “Qonşumuzda bir oğlan var”, “Məsmə xala dayımdır” musiqili komediyaları tamaşaçıların rəğbətini qazanmışdır.
Ramiz Mustafayevin bəstəkar kimi yaradıcılıq simasını müəyyənləşdirən digər aparıcı sahə xor musiqisidir. 50 ilə yaxın bir dövrdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun xorunda əvvəl xormeyster, daha sonra baş dirijor və bədii rəhbər kimi çalışan bəstəkar bu janrda bir sıra sanballı əsərlər yazmışdır. Onun “Ana”, “Hüseyn Cavid”, “Nəriman Nərimanov”, “İnam”, “Mənim müasirim”, “Salatın”, “Nizami”, “Məhəmməd və Leyla” oratoriyaları; “Haqq sənlədir”, “Səməd Vurğun”, “Kür-Abşeron” kantataları; “Bu qan yerdə qalan deyil!”, “Nədən yarandın”, “Füzuli” vokal-simfonik poemaları milli xor sənətimizin nailiyyətlərindən sayılır.
O həm milli musiqimizi sevən, doğma torpağımızın gözəlliklərini vəsf edən sənətkar, həm də vətənin müdafiəsi uğrunda səfərbər olan əsl vətəndaş idi. Onun monumental vokal-simfonik yaradıcılığı xalqımızın azadlıq mübarizəsini əks etdirən dəyərli sənət nümunələridir. Bu qəbildən bəstəkarın 1992-ci ildə Xalq şairi Nəbi Xəzrinin “Rekviyem”i əsasında yazdığı “Salatın” oratoriyasını xüsusilə qeyd etmək lazımdır. Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş igid azərbaycanlı qızı, jurnalist Salatın Əsgərovaya həsr olunmuş əsər ilk dəfə 1992-ci il yanvarın 9-da radioda səslənmiş, daha sonra həmin ildə Azərbaycan Bəstəkarlar İttifaqının “Şəhidlər” mövzusuna həsr olunmuş plenumunda ifa edilmişdir.
R.Mustafayev bəstəkarlıq və dirijorluqla yanaşı, təcrübəli pedaqoq və musiqi xadimi kimi tanınmışdır. Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının professoru kimi gənc musiqiçi kadrların yetişməsində əlindən gələni əsirgəməmişdir.
Ramiz Mustafayev 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sonralar təşkilatın idarə heyətinin üzvü, “Musiqili səhnə əsərləri” bölməsinin sədri kimi fəaliyyət göstərmişdir. 2008-ci il aprelin 10-da dünyasını dəyişmişdir.
Unudulmaz bəstəkarın anadan olmasının 90 illik yubileyi bu ay respublikanın musiqi ictimaiyyəti tərəfindən təntənəli şəkildə qeyd ediləcək. Musiqi festivalı şəklində keçiriləcək yubiley günlərində Opera və Balet Teatrında bəstəkarın “Vaqif” operası yenidən tamaşaya qoyulacaq, Azərbaycan Dövlət Filarmoniyasında onun simfonik və xalq çalğı alətləri orkestrləri üçün əsərləri səslənəcək, Dövlət Mahnı Teatrında populyar mahnıları ifa olunacaq. İllər ötsə də, Ramiz Mustafayevin ecazkar musiqisi daima səslənəcək və qəlbləri fəth edəcək.

Sevda Hüseynova
musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar